Əbu Seyit Əbülxeyrinin


Türk Dünyasının Məşhurları- Əbu Seyid Ebülxeyri

Şeyx Əbu Seyit Əbdülxeyrinin həyat və yaradıcılığı...

Göndərmə 30.03.2013 10:02:44 UTC

Güncəlləmə 30.03.2013 10:02:44 UTC

www.trtazerbaycan.com

http://www.trtarabic.com/trtworld/al/newsDetail.aspx?HaberKodu=417c8d60-977c-448f-8364-fe86f5a9599a

Xorasan övliyalar vətəni kimi tanınır. Çox vaxt buraya Xorasanın yeddi ulduzu, Xorasan yeddi pirin məkanı kimi deyirlər. Yeddi pir – ulduz dedikdə İslam dininin soltanı – həzrəti İbrahim Edhem, İslam dininin, həm də ariflərin soltanı “Kitab-ül Aktab”ın müəllifi Bəyazit Bistami, kəramət və halət sahibi Əbül Fazil Saraxs (Saraxs baba), kəramətli pir həzrət Əbu Seyit Əbülxeyri, “Qurani Şərif”ə böyük təfsir yazan kəramətli pir həzrəti Xoca Abdulla Ensari, kəramətli pir həzrəti Əbül Həsən Xaraqani, məşhur ülama, kərəmətli pir həzrət Fəxrəddin Əttar Nişapuri nəzərdə tutulur. Bu yeddi pirdən biri də Əbu Səyit Əbülxeyirdir.

Elə insanlar var ki, sağlığında şöhrətin zirvəsinə çatır, bir az keçməmiş unudulur. Elə insanlar da var zaman öttükcə onun şöhrəti artır. Belə insanlardan biri Əbu Seyit Əbülxeyrdir. Miladi 967-ci ildə (H.357) Xorasan bölgəsinin Səraxs ilə Əbyurd arasındakı Məhəynə (Mihənə) şəhərində tanınmış din âlimi Əbülxeyrinin evində dünyaya gələn oğlan uşağına Əhməd adı qoyurlar. O, böyüdükdən sonra Fədlullah ləqəbini qazanır.

Əbu Seyit 6 il Mərvli Abdulla Hüsayridən, 5 il də imam Kaffaldan dərs aldıqdan sonra Sərəxsə gedərək 30 gün dövrünün tanınmış şeyxi Əbu Əli Zahidin yanında ibadətlə məşğul olur.

Əbu Seyit Əbülxeyrinin uşaqlığı Türküstanın çox qarışıq dövrünə düşmüşdü. Xilafətdən ayrılan Türküstanda Qaraxanilər dövləti qurulmuşdu. Lakin bu dövlətin də ömrü çox uzun sürmədi.

Türküstanda bir yeniləşmə, dəyişikliklər dövrü başlamışdı: dünənədək Allah tərəfindən cəzalandırılacaqlarından qorxaraq namaz qılan, oruc tutan, şəriətə ciddi əməl edənlərin bir çoxu indi Allaha sevgi ilə yanaşırdılar. Allaha qovuşmağın yolunun sevgidən, məhəbbətdən keçdiyinə inanırdılar.

Dilindən, dinindən, irqindən asılı olmayaraq insana yaxşı əməllərinə görə qiymət verən sufilərin təbliğatı sürülər arxasında yaylağa-arana getdiyindən, at belində döyüşlərə atıldıqlarından vaxtlı-vaxtında oruc tuta, namaz qıla bilməyən türklərə olduqca doğma və xoş idi. İslam dinində yeni yaranan təriqətlər Allahı sevən, şəfqətli kimi tanitmağa başladılar. Sufilərin başladığı bu iş islama marağı daha da artırdı. Beləcə sufilərin sayəsində islamda bir yüksəliş başladı. Xüsusən, Türküstanda sufi xanəgahlarının, zaviyələrinin sayı gündən-günə artırdı.

Məhəmməd əleyhissəlamdan sonra yer üzünə peyğəmbər gəlməyəcəyi, möcüzələr olmayacağı söylənirdi. Bəzi insanların qeyri-adi xüsusiyyətlərini nə din tərəfindən, nə də elm tərəfindən izah edilmədiyindən möcüzə adlandırılırdı. Sufilər də insanın bu qeyri adiliklərindən bacarıqla istifadə edərək İslami yöndən təbliğ edirdilər.

Əbu Seyit də belə qeyri-adi istedad sahiblərindən biridir. Uşaqlıqda onun kəramət sahibi olduğunu ilk görən şeyxlər şeyxi Əbülqasım Gürcani (Bəşir Yasin Gürgənli) olur. Kicik yaşlarından Qurani Kərimi əzbərdən söyləyən Əbu Seyiti bir gün Əbülqasım Gürcani evinə gətirir. Ondan xahiş edir ki, taxcadakı arpa çörəyinin gətirib ona versin.

Əbu Seyit çörəyi şeyxə verir. Şeyx çörəyin yarısını kəsib uşağa verir, yarısını da özü yeyir. Uşağın atası Əbülxeyri Məhəmməd şeyxdən nədən ona çörək vermədiyini xəbər alır. Şeyx Əbülqasım deyir: “Çörək 30 il idi ki, taxçada sahibini gözləyirdi. Övliyalıq məqamının boş qalacağını, bu dərvişlərin, tələbələrin bizdən sonra zay olub gedəcəklərini görərkən hüzurla ölə bilməzdim. İndi bu uşağı gördükdə ürəyim rahatlandı. Sənin oğlun əlini çörəyə vuran kimi o, yenicə təndirdən çıxmış kimi isti və yumşaq oldu. O çörək sənin oğlunun və mənim qismətim idi. Vəlilik məqamı bu uşağın nəsibi olacaq”.

Sufilərin tarix səhnəsində özlərinə geniş meydan tapdıqları bir zaman Əbu Seyitin sorağı uzaq Əndəlusa kimi, bugünkü İspaniyayadək yayılır.

Saraxsa gedən gənc Əbu Seyit 30 gün orada Əbu Əli Zahidin yanında ibadətlə məşğul olduqdan sonra şeyx Lukman Saraxsı ilə görüşür. Paltar yamamaqla məşğul olan şeyx Əbu Seyiti gördükdə onun duyma qabiliyyətini, fitri istedadını hiss edərək sufilərə məxsus bir dillə: “Sənə də bir yamaq vurdum, get!” deyir və onu Əbu Seyiti Əbdül Fazil Həsən Saraxsın (Saraxs baba) yanına gətirərək əlini pirin əlinə verir və “sənin yolun budur” deyir.

Əbu Seyit Əbdürrəhman Səlaminin əlindən xirqə geyir. Əbu Seyit Əbülxeyir haqqında daha tutarlı məlumatı bizə, böyük sufi şeyxi Fəxrəddin Əttar Nişapur verir.

Əbu Seyitin uşaqlıqdan fitri istedad sahibi, dərin zəkalı, məntiqli, düşüncəli olduğu haqqında qaynaqlar maraqlı bilgilər verir. Belə yazırlar ki, Əbu Seyitin atası Qəznəli Sultan Mahmudu çox sevdiyindən Üç Şeyxin Sarayı deyə tanınan evini Sultan Mahmudun əsgərlərinin və zabitlərinin şəkillərilə bəzəyir.

Bunu görən Əbu Seyit atasından xahiş edir ki, ona bir otaq ayırsın. Atası oğlunun istəyini yerinə yetirir. Əbu Seyit evinin divarlarını Allah sözüylə bəzəyir. Atası ondan bunun səbəbini soruşduqda Əbu Seyit deyir ki, sən divarları öz dostunun əsgərlərinin şəkillərilə bəzəyibsən, mən də divarlarımı öz dostumun adıyla bəzəmişəm.

Atası oğlunun nə demək istədiyini anlayaraq evindən sulatanın və əsgərlərinin şəkilini yığışdırır.

Əbu Seyiti sevən, ona hörmət və ehtiramla yanaşanlar nə qədər çox olsa da, düşmən kimi münasibət bəsləyənlər də yox deyildi. Xüsusən, mühafizəkar din alimləri ona qarşı sərt mövqe tutur, onun hərəkətlərini islama zidd sayırdılar. Belə mühafizəkar din alimlərindən biri də Əbu Həsən Tuni idi.

Əbu Həsən Tuni Əbu Seyitin yaşadığı məhləyə girməzmiş, hətta onu təhqir etməkdən belə çəkinməzmiş. Əbu Seyitn göstərdiyi məhəbbət, səmimiyət və bir möcüzə nəticəsində Tuni onun ən sadiq müridlərindən birinə cevrilir.

Qaynaqlar Əbu Seyit Əbülxeyrinin Azərbaycanla sıx bağlı olduğundan böyük şair və dövlət adamı Əfzələddin Xəqaninin əmisinin Məlhəm Şəfa evinə gəldiyi və burada çalışdığını da yazırlar. Şirvanlı tacir Əbu Nəsir Əbu Seyitin müridlərindən olmuş, Şirvanda və Azərbaycanın bir çox yerlərində mürşidinin ideyalarını yaymışdı. Belə ki, Azərbaycanda da Əbu Seyitin müridlərinin 200 yaxın xanəgahı olduğu yazılır.

Əbu Seyit heyratamiz möcüzələri, insanların düşüncələrini oxuması, gələcəyi görməsilə ətrafindakıları heyrətləndirib. Ətrafinda böyük inanc sahibləri olub. Nə yazıq ki, o fikirlərini yazılı şəkildə yaymağa cəhd göstərməyib. Fikirlərini şifahi yaymağa üstünlük verib. Onun böyük loğman Əbu Əli ibn Sina ilə görüşü, ibn Sinanın böyük şeyxə heyran qaldığı haqqında günümüzə maraqlı söbətlər gəlib çatıb.

Əbu Seyit, onu böyük müridlər ordusu Səlcuqlular dövlətinin ideoloji əsaslarını hazırlayıblar. Səlcuq hökmdarları da sufilərə böyük ehtiram göstərib, onların təbliğatının gücündən bacarıqla istifadə ediblər.

Onu bir çox fikirləri özündən sonraki şair və alimlərin adına çıxılmışdı. Miladi1049-cu ildə (h.440) doğuldğu Məyhene (Mihene) şəhərində vəfat edən Əbu Seyitin cənazəsi musiqi sədaları altında və ilahilər oxunaraq qəbristanlığa aparılımışdı.

Cənazəsi götürülərkən vəsiyyəti ilə aşağıdakı sətirlər oxunmuşdur.

Dünyada bundan daha xoş hansı iş var?

Dost Dosta gedir, yar yarına

Vaxt iki nəfəs arasındadır.

Biri keçdi, biri hələ gəlmədi.

Elə isə dünən getdi, bəs sabah hardadır?

Əbu Seyitin yaşadığı şəhərdən günümüzə əsər-əlamət qalmasa da, çölün ortasında böyük sufi şeyxinin məqbərəsi əzəmətlə ucalır. Ətrafda bir yaşıllıq, su mənbəyi olmasa da, insanlar yayın istisində, qışın soyuğunda buraya ziyarətə gəlir, məqbərənin yanındakı quyudan su içir, dincəlir, sağlamlıq, mənəvi bir rahatlıq tapıb geri dönürlər. Sovet dövrünün qadağaları da insanları bu müqəddəs məkana ziyarətdən çəkindirə bilməmişdir.

 Mətni yazdı Əli Şamil

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol