Məhəmməd(Soltan) Sulkeviçin

MASEY SULKEVIÇ

 

Türk Dünyasının Məşhurları 33

Acı taleyi ilə qəlbləri göynədən, türk xalqlarının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Masey Sulkeviçin keşməkeşli ömür yolu...Әli Şamil

 Göndərmə 20.09.2010 08:40:26 UTC

Güncəlləmə 20.09.2010 08:40:26 UTC

www.trtazerbaycan.com 

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=c46c2168-700b-4ff2-af16-10e30b1c71e0

Nekruşanudakı müsəlman məscidinin qeydiyyat kitablarında 1865-ci il iyunun 20-də qusar alayının polkovniki Aleksandr Sulkeviçin Kemeyşi malikanəsində Masey adlı bir oğlan uşağının doğulduğu qeyd edilib. Sonralar onun adını gah Süleyman paşa, gah da Məhəmməd kimi yazıblar.

O, kiçik yaşlarından hərbçi kimi tərbiyə olunub. Bugünkü Polşa və Litva o zaman Rusya işğalı altında olduğundan Masey Voronej Kadet korpusunda və Mixaylovsk Artilleriya Məktəbində oxuyub. 1883-cü ildə hərbi xidmətə başlayıb və üç il sonra zabit rütbəsi alıb. 1894-cü ildə isə Baş Qərargah Akademiyasını bitirib.

1900-1901-ci illərdə Rusya-Çin, 1904-1905-ci illərdə Rusya-Yaponiya savaşlarına göndərilən Masey Sulkeviç "İgidliyə görə" medalına və qızıl dəstəkli qılınca layiq görülüb. Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski ilə də cəbhədə tanış olub.

Masey Sulkeviç 1910-cu ildə general-mayor rütbəsinə yüksəlib. Birinci Dünya Savaşı illərində ön cəbhədəki müxtəlif əsgəri birliklərə rəbərlik edib. Mahir döyüş təlimlərinin təşkilatçısı və hərb nəzəriyyəçisi kimi tanınan Masey Sulkeviçə 1915-ci ildə general-leytenant rütbəsi verilib. Onun hərb sənətinin nəzəriyyə və təcrübəsinə dair məqalələri, taktiki analizləri ikicildlik toplu kimi çap olunub. Bu toplu yalnız Rusiyanın deyil, bir sıra Avropa ölkələrinin qərargah zabitləri arasında maraqla qarşılanıb.

O hərbi vəzifəsini yerinə yetirmək, hərb sənətinə dair kitablar yazmaqla kifayətlənməyib. Polyak şərqşünası, Peterburq universitetinin professoru A.Muxlinskinin "Litva tatarlarının mənşəyi və mövcud vəziyyətləri haqqında araşdırma" kitabı Sulkeviçin təşəbbüsü və şəxsi vəsaiti ilə ərsəyə gəlib. 1902-ci ildə Odessa hərbi dairəsinin mətbəəsində çap olunan bu elmi nəşrə Sulkeviç maraqlı bir önsöz yazıb.

General Masey Sulkeviçin həyatında da, adında da dəyişiklik 1917-ci il fevral inqilabından sonra baş verib. 1917-ci ilin mayın 1-11-də Moskvada Rusiya müsəlmanlarının qurultayı keçirilib. Orada əsarət altına alınmış türk-müsəlmanların təhlükəsizliyini, milli-mənəvi və siyasi hüquqlarını qorumaq məqsədiylə "Hərbi qurumlar haqqında" qətnamə qəbul edilib. Qazanda 1917-ci ilin iyulun 21-31-də keçirilən növbəti qurultayında qətnamədə irəli sürülən vəzifələrin reallaşması üçün Əsgəri Şura yaradılması qərara alınıb. Azərbaycanlı Əsədullayevin də daxil olduğu Əsgəri Şura tezliklə yalnız müsəlman əsgər və zabitlərdən ibarət hərbi birləşmələrin formalaşdırılması istiqamətində əməli fəaliyyətə başlayıb. Qurultayın qərarı ilə bu mühüm vəzifənin icrası ümumtürk və ümummüsəlman məsələlərində fəal mövqeyi ilə seçilən general Masey Sulkeviçə həvalə olunub. Masey Sulkeviçə soydaşlarından fərqli olmadığını göstərmək üçün islam dinini və Məhəmməd adını qəbul edib.

Birinci Rumıniya cəbhəsində döyüşən, Qafqaz-Volqaboyu müsəlmanlarının çoxluq təşkil etdiyi əsgəri birlikdən "Müsəlman korpusunu" formalaşdırmaq qərara alınıb. Müsəlman döyüşçülərdən ibarət üç diviziyanın yaradılması və təcili şəkildə silah-sursatla təmin edilməsi haqqında general Sulkeviçin Memorandumu 1917-ci il noyabrın 10-da Ümumrusiya Müsəlman Şurasının "Xəbərlər"ində dərc olunub. Memorandumda göstərilib ki,"müsəlman ordusunun" əsas vəzifəsi keçmiş Rusiya imperiyasındakı türk-tatarları birləşdirən dövləti yaratmaqdı. "Müsəlman korpusu" 1917-ci ilin payızında indiki Moldova ərazisində – Tiraspolda təşkil edilməyə başlayıb. Həmin günlərdə Krımda müstəqilliyini elan etmiş Krım-tatarlarının Milli hökuməti üzərinə bolşeviklər Ağyar (Sevastapol) matroslarını yeridib. Krımdakı ruslar və başqa xristian xalqları da bolşeviklərə dəstək verib. Sulkeviçin rəhbərlik etdiyi "Müsəlman korpusu" Krıma kömək etməyi qərara alsa da, alman silahlı qüvvələri buna imkan verməyib. Beləcə, Krımın gənc Milli hökuməti məğlub olub və rəhbərlərindən Noman Çələbi Cihan şəhid edilib.

Krım tatarlarının Milli hökuməti məhv edilsə də bolşeviklər də yarımadada möhkəmlənə biləyib. Az sonra orada Məhəmməd Slukeviçin baş nazir olduğu yeni hökümət qurulub. Xalq onu Qüzeydən gəlmiş əfsanəvi tatar qəhramanı, xilaskar Süleyman paşaya bənzədib. Buna görə onu Suleyman Paşa kimi çağırıblar.

Krım yarımadası kimi mürəkkəb və həssas bölgədə tatar dövlətçiliyini bərpa etmək istəyən general Sulkeviç Rusiya ilə ehtiyatla davranıb. O yaxşı bilirdi ki, bir-birinə düşmən olan qüvvələr bolşeviklərdə, ağqvardiyaçılar da, Krımın yerli rus-xristian icması da, Ukrayna millətçiləri də Krımda tatar dövlətinin mövcud olmasıyla razılaşmaq istəmirlər. General Sulkeviçi hökumət başçısı kimi tanıyan və qəbul edən yerli tatarlardan fərqli olaraq ruslar ona qarşı dururdular. Simferopolda nəşr edilən rus qəzetlərinin hər sayında Sulkeviç əleyhinə iftira və böhtan dərc olunurdu. Bütün keçmiş Rusiya imperiyası miqyasında siyasi və hərbi güclərin qarşı-qarşıya gəldiyi bir şəraitdə Krımın müstəqilliyini qoruyub saxlamaq mümkün olmayıb.

Keçmiş döyüş dostları S.Mehmandarov və Ə.Şıxlinski Birinci Müsəlman korpusunun keçmiş komandiri, general-leytenant Məhəmməd bəy Sulkeviçi Azərbaycan dəvət edir və 19 mart 1919-cu ildən onu Ümumi Qərargahının rəisi təyin edirlər. O gənc respublikada ordu quruculuğunun bütün sahələrinə nəzarət edən hərbi üçlüyə daxil edilir və tutduğu vəzifəyə görə Hərbi Şuranın üzvu olub. Silahlı qüvvələrin hərəkəti və yerdəyişməsi ilə bağlı bütün məsələlər general Sulkeviçin sərəncamına verilib. O, eyni zamanda operativ – səfərbərlik, təlim, hərbi kəşfiyyat və əkskəşfiyyat, rabitə ilə bağlı məsələlərin həlli üçün də cavabdeh olub.

Qərargah rəisi kimi general Sulkeviçin rəhbərliyi ilə hazırlanan ilk mühüm sənədlərdən biri Hərbi Nazirliyin 1919-cu il üçün smetası olub. S.Mehmandarovun və M.Sulkeviçin imzası ilə Parlamentə və Hökumətə təqdim olunan sənəddə Azərbaycanın və onun Cənubi Qafqazdakı qonşularının hərbi baxımdan vəziyyəti təhlil edilib, ordu quruculuğu ilə bağlı mühüm vəzifələr diqqət mərkəzinə çəkilib.

1919-cu ilin avqustunda general Sulkeviç Bakının dənizdən müdafiəsinin təşkili haqqındakı təklif və mülahizələrini Hərbi Nazirə təqdim edib. Ümumi Qərargah rəisinin imzaladıqları 1919-cu il 13 sentyabr tarixli əmrlə Möhkəmləndirilmiş Bakı rayonuna Birinci dərəcəli hərbi qala statusu verilib və onun sərhədləri qüzeydə Qızılburun, güneydə isə Ələt olaraq müəyyənləşdirilib.

Ümumi Qərargah rəisi kimi M.Sulkeviç aviasiya və radioteleqraf kurslarına müdavimlər göndərmək, istehkamçılar rotası, habelə digər yeni hərbi hissələr formalaşdırmaq və zabit heyətinin sayını daha da artırmaq, çağırışçıların tam tərkibdə xidmət yerlərinə gəlmələrinə nail olmaq, ordudan yayınma hallarına qarşı mübarizəni daha effektiv aparmaq, hərbi-dəmiryol məktəbi açmaq, Tağıyev fabrikinin bir hissəsini ordunun ehtiyacları üçün uyğunlaşdırmaq və s. təkliflər irəli sürüb.

Bolşevik, Ağqvardiyaçı, Erməni təhlükəsi qarşısında ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədi ilə Gürcüstandan, eləcə də Gürcüstan vasitəsi ilə üçüncü ölkələrdən silah-sursat alınmasını sürətləndirib.

O, dəmir və şose yollarının işlək vəziyyətə gətirilməsi, Bakı ilə ölkənin digər mühüm əhəmiyyətli şəhər və bölgələri arasında etibarlı teleqraf əlaqəsinin qurulması, müvafiq ərzaq ehtiyatlarının yaradılması, könüllülər hərəkatının və partizan müharibəsinin təşkili kimi sahələrlə də məşğul olub. Milli ordunun ayrı-ayrı qoşun növlərinin, eləcə də hərbi məktəblərin geyim formalarının, döyüş bayraqlarının, habelə silahlı qüvvələr üçün zəruri olan digər simvolika və atributikanın hazırlanması işində də general Sulkeviç kifayət qədər fəal iştirak edib.

1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanda qanuni hökuməti devirərək hakimiyyəti ələ keçiriblər. Onlar Azərbaycan hökuməti və Parlamentinin ayrı-ayrı üzvlərini, Milli Ordunun yüksək rütbəli zabitlərini, hətta Polşa diplomatik missiyasının heyətini də həbs ediblər. Həbs edilənlər arasında M.Sulkeviç də olub.
  Azərbaycan Ordusunun ilk Ümumi Qərargah rəisi general-leytenant Masey (Məhəmmədbəy) Sulkeviç Fövqəladə Komissiyanın hökmü ilə 1920-ci il iyul ayının 15-də güllələnib. Onun faciəli taleyi ilə bağlı məlumatı da Polşa diplomatik missiyasının üzvləri öz həmvətənlərinə və sonrakı nəsillərə çatdırıb.

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol