Ömər Faiq Nemanzadə

ÖMƏR FAİQ NEMANZADƏ

Türk Dünyasının Məşhurları-13

Coşğun vətənsevər və millət fədaisi, şair, publisist, ictimai-siyasi xadim, Ömər Faiq Nemanzadənin ömür yolu və yaradıcılığı/Əli Şamil

 

Göndərmə 30.04.2011 07:37:55 UTC

Güncəlləmə 30.04.2011 07:42:15 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=51b153bb-7c7f-4df0-bef7-4c52e7bced70

 

1872-ci ildə Qafqaz Canişinliyi Axıska qəzasının Azqur kəndində doğulan Ömər Faiq Nemanzadə ilk təhsilini doğma kəndlərindəki mollaxanada alır. Valideyinləri onu rus dilini öyrənmək üçün keşiş yanına göndərir. Bu, o qədər uzun sürmür. Dindar bir ev qadını olan anasının istəyi ilə 10 yaşı yenicə tamam olmuş Öməri İstanbulda mədrəsə təhsili almağa göndərirlər. O, Fateh mədrəsəsində oxumağa başlayır.

Bir dəfə İstanbuldakı Darüşşəfəqә litseyinin yanından keçərkən oradakı yaşıdlarının şən gülüşləri, dərs arası fasilələrdə oynamaları diqqətini çəkir. Beləcə dərsdən yayınaraq Darüşşəfəqәnin şagirdlərinə tamaşa etməyə başlayır. Xeyirxah və qayğısevər insanların yardımıyla onu Darüşşəfəqəyә qəbul edirlər. 1892-ci ildə litseyin əla qiymətlərlə başa vurur.

Onu Qalata poçt və teleqraf idarəsində işə götürürlər. Ömər Faiq burada Aropadan gələn qəzet və jurnalları oxumaq imkanı əldə edir. Mütləqiyyət əleyhinə fikirlərini litseydə birlikdə oxuduğu, sonralar hərəsi bir dövlət idarəsində işləyən yaşıdlarıyla bölüşür. Beləliklə gizli bir təşkilat qururlar. Xüsusi xidmət orqanları onların fəaliyyətindən xəbər tutur və dərnək üzvlərinin bəzilərini həbs edir. Nemanzadə çətinliklə də olsa, İstanbuldan Rusiyaya gələn gəmidə gizlənməklə labüd həbsdən canını qurtararaq 1894-cü ildə Azqura gəlir.

Ömər Faiq özünə münasib iş tapmaq, güzaranını təmin etmək üçün Tiflisə gəlir. O zaman Qafqaz Canişinliyinin mərkəzi olan Tiflis səhərində çoxlu axıskalı yaşayırdı. O, həmyerlilərinin uşqalarına Avropa metodlarıyla təhsil verən məktəb açmaq istəyir. Lakin buna nail ola bilməyir. Görünür, Rusiyanın xüsusi xidmət orqanları da bu üsyankar gəncin İstanbuldakı fəaliyyətindən az-çox xəbərdar imiş.

Ömər Faiq Şəkiyə gedərək bu kiçik əyalət şəhərində müəllimlik etməyə başlayır. Millətini və vətənini coşğun bir məhəbbətlə sevən Nemanzadə xalqını dünyanın inkişaf etmiş ölkələrindəki kimi görmək istəyirdi. Geriliyin səbəbini, dinin, xürafatın, inancların, hətta bir sıra adət-ənənənin xalqın inkişafına əngəl olduğunu düşünürdı. Onlara qarşı müxtəlif vasitələrlə mübarizə aparırdı. İnancları haqqında bigisi olmadığından onları da xurafat sayırdı. Adamların pir deyərək ziyarətə gəldiyi, niyyət edərək budaqlarına parça bağladıqları ağacı yandırmaqla xalqı xurafatdan uzaqlaşdıracağını zənn edirdi.

Şəkidə müəllim işlədiyi illərdə M.F.Axundovun “Hekayəti Mösyö Jordan və dərviş Məstəli şah” pyesini səhnəyə qoyur və özü də Müsyö Jordan rolunu oynayır. 1896-cı ildə müalicə olunmaq üçün Gəncəyə gələn Ömər Faiq Hacikənddə İstanbullu Məhəmməd Əfəndi ilə tanış olur. Məhəmməd Əfəndi savadı, davranışı, yüksək mənəvi keyfiyyətlərilə bir çox ziyalılar kimi Nemanzadəyə güclü təsir edir.

Ömər Faiqin 1896-1998-ci illərdə Abastumanda və Azqurda müalicə olunduqdan sonra yenidən Şəkiyə qayıdır. Məktəbdə dini dərslərin sayını azaldaraq həndəsə, kimya, riyaziyyat, təbiət, ana dili, tarix fənlərindəki dərsləri artırır. Açıqdan-açığa və olduqca sərt şəkildə, dini, xürafatı, bəzi adət-ənənələri kəskin tənqid edir. Beləcə “Kafir Ömər” deyə tanıdılmağa başlayır və ənənəyə sədaqətli, mühafizakar görüşlü insanlarla arasında dərin ziddiyət yaranır. Yaranmış ziddiyətləri sözlə deyil, yumruqla həll etməyə çaılşdığı vaxtlar da olur. Bu kiçik əyalət şəhərində istədiyi kimi yaşamağın və işləməyin mümkünsüz olduğunu gördükdə oradan ayrılır.

1900-cü ildə Bakıya gələn Nemanzadə mühitlə barışa, özünə münasib iş tapa bilmədiyindən Şamaxıya gedir. Burada xalqın vəsaiti ilə açılan məktəbdə tarix, coğrafiya, hesab və türk dilindən dərs deməyə başlayır. 1902-ci il yanvar ayının 31-də baş verən güclü zəlzələdən minlərlə insan həlak olur. Ömər Faiq yaralansa da, dağıntının altından sağ çıxır. Xaraba qalımış şəhərdən uzaqlaşaraq doğma kəndlərinə gəlir. Bir müddət burada qalıb dincəldikdən sonra yenidən Tiflisə gedir və Məhəmməd ağa Şahtaxtlının 1903-cü ildə açdığı “Şərqi Rus” qəzetində işləməyə başlayır. Cəlil Məmmədquluzadə ilə də burada tanış olur.

1905-ci ildə “Şərqi Rus” qəzeti maddi sıxıntı ilə üzləşdiyindən Məhəmmədağa Şaxtaxtlı qəzetin nəşrini dayandırmaq, mətbəəni satmaq qərarına gəlir. Ö.F.Nemanzadə, Cəlil Məmmədquluzadə və naxçıvanlı tacir Ə.Bağırov birləşərək mətbəəni alır və onu “Qeyrət” mətbəəsi adlandıraraq işə başlayırlar. 1906-cı ilin aprelində satirik “Molla Nəsrəddin” jurnalı bu mətbəədə nəşr olunur. Qafqazın müxtəlif bölgəsindən Tiflisə gələn iki türkün – Axıskalı Ömər Faiq Nemanzadə ilə naxçıvanlı Cəlil Məmmədquluzadənin işbirliyindən yaranan “Molla Nəsrəddin” şərəfli bir tarix yaradır.

Ömər Faiq hökumətin nəzərində üsyankar, inqilabi əhval-ruhiyyəli birisi olduğuna görə jurnalın rəsmi icazəsi Cəlil Məmmədquluzadənin adına alınmasına baxmayaraq jurnalda gedən yazılara görə Ömər Faiq məhkəməyə çağrılır, ittiham olunur və çəzalandırılır. Bütün bunlardan Nemənzadə inciməyir, əksinə qələm dostunu və jurnalı hər cür təzyiqlərdən, təhdidlərdən qoruyur. İki dostun şərikli redaktorluğu 1911-ci ilədək davam edir.

1912-ci ildə “İqbal” qəzetində çap olunan bir məqaləsindən sonra Nemanzadənin 1915-ci ilədək imzası mətbuatda görünməyir. Birinci Dünya Savaşında Rus ordularının törətdiyi vəhşiliklər, Sarıqamış faciəsi Ömər Faiqi mətbuatda həyəcan təbili çalmağa məcbur edir. Onun təşəbbüsü ilə savaşda zərər çəkənlərə Azqur kəndindən yardım toplanır, yaralıları müalicə üçün küçük bir xəstəxana açılır.

Qarşıdan gələn bəlanın törədəcəyi fəsadları öncədən görən Nemanzadə ciddi ictimai-siyasi fəaliyyətə girişir, xalqı təşkilatlandırmaq üçün əlindən gələni əsirgəməyir. Çar II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması Qafqazda vəziyyəti ağırlaşdırır. Rus orduları erməni dəstələrinə silah və hərbi sursat verir, lazım gəldikdə özləri də kömək edərək müsəlman kəndlərini dağıtdırır, dinc əhalini qəddarcasına qırırlar.

Ömər Faiq və məsləkdaşları xalqı qorumaq üçün təşkilatlanır və 1918-ci ilin oktyabırın 29-da "Axıska Hökuməti Müvəqqəti" adlı bir dövlət qururlar. Hökumət rəhbəri isə Ömər Faiq Nemanzadə seçilir. Bu kiçik qurum xalqı qorumağa gücsüz olduğunu, böyük güclər qarşısında duruş gətirə bilməyəcəyini gördükdə məzkəzi Kars olan Kars İslam Şurası ilə birləşir. 1919-cu ilin yanvarın 17-18 keçirilən toplantıda isə Kars İslam Şurasına Araz Türk Respublikası və Batumda qurulmuş yeni hökumətlə birləşərək Cənubi-Qərbi Qafqaz Höküməti Müvəqqəti Milliyəsi qurulur. Ordubaddan Qara dənizədək uzanan yeni respublika xarici güclərin təziqilə həmin ilin aprelin 12-də dağıdılır. Nemanzadəni həbs edərək Metex qalasına, Karsdakı hökumət üzvləri isə Malta adasına sürgünə göndərilir.

Xalqın tələbi və təzyiqi ilə yenidən azadlığa buraxılan Nemanzadə 1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya gəlir və böyük həvəslə dövlət quruculuğuna başlayır. Lakin bolşeviklərin 1920-ci il aprelin 28-də Azərbaycanı yenidən işğalı Nemanzadəni də çətin vəziyyətə salır.

Kadr çatışmadığına görə bolşeviklər düşmən saydıqları hökumətin kadrlarından da istifadə etmək məcburuiyyətində qalırlar. Yeni hökumətin Xalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanov Ö.F.Nemanzadəni Gəncədəki Ziraət (Kənd Təsərrüfatı) texnikumuna direktor göndərir. O, burada çox işləyə bilməyir. 1921-ci ilin fevralında bolşevik orduları Gürcüstanı işğal edəndə Azərbaycan hökumətinin təklifiylə Ömər Faiqi də Gürcüstan İnqilab Komitəsinə üzv, avqust ayında isə Gürcüstanda Müsəlmanlarla İş Komitəyə sədr vəzifəsinə göndərilir.

Ö.F.Nemanzadə bölgələri gəzərkən bölşevik əsgər və zabitlərinin xalqa etdiyi zülmə dair faktlar toplayaraq Gürcüstan Xalq Komissarlar Sovetinə göndərir. Onun haqqı, ədaləti müdafiə etməsi yeni qurulan hökumətə qarşı çıxmaq kimi qiymətləndirilərək tutduğu vəzifədən uzaqlaşdırır və istintaqa cəlb edilir.

1920-1921-ci illərdə bolşeviklərin rəsmi mətbuat orqanı olan “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, bir müddət "Yeni fikir" qəzetinin redaksiya heyətinin üzvü olan Ömər Faiq 1923-cü ildə Azərbaycana gəlməli olur. 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında dərsliklərin hazırlanmasında və onların çap edilməsində əlindən gələni əsirgəməyir.

Lakin o dövrdə ÇEKA adlanan xüsusi xidmət orqanı Ömər Faiqi dəfələrlə istintaq edir və qısamüddətli həbsә mәhkum edir. Hər an təqib edildiyini görən istedadlı jurnalist, coşğun millətpərvər Ö. F.Nemanzadə 1927-ci ildə təqaüdə çıxmalı olur.

Ö.F.Nemanzadə təqaüdə çıxsa da, nə dünyagörüşünü dəyişir, nə də mübarizəsindən əl götürməli olur. Sovet xüsusi xidmət orqanları da onu bir an da olsun nəzarətsiz qoymayırlar. 1937-ci il iyun ayında 66 yaşlı Ömər Faiq Nemanzadəni “Sovet hakimiyyəti əleyhine qurulmuş əks inqilabi milliyətçi təşkilatın sədri” kimi həbs edirlər.

Sovet xüsusi xidmət orqanları Ömər Faiq Nemanzadəni məhv etməklə kifayətlənməyir 1944-cü ilin noyabrın 13-14-də Türkiyə sərhəddində yaşayan Axıska türklərini dә elliklə Qazaxıstana sürgün edir.

Zaman isə öz işini hәmişәki kimi gördü. Qadağalara, yasaqlara baxmayaraq Ö.F.Nemanzadənin ideyaları yaşadı və çiçəkləndi. Beynəlxalq təşkilatlar isə Axıska türklərinin vətənə dönmələri haqqında qərar qəbul etdilər.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol