Qara Qarayev
Türk Dünyasının Məşhurları-40
Böyük bəstəçi, Şərqdə Avropa musiqi janrlarında ölməz əsərlər yaradan sənətkar Qara Qarayevin ömür yolu və yaradıcılığı haqqında...Əli Şamil
Göndərmə 15.12.2011 11:49:02 UTC
Güncəlləmə 15.12.2011 11:49:02 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=1d9acb2f-7f89-4612-b374-3d652e85beed
Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində anadan olub. Onun atası Fatmayili məşhur həkim-pediatr Əbülfəz Qarayev, anası isə Şamaxının məşhur nəsillərindən olan İskəndər bəy Axundovun qızı Sona xanımdır. O, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930-cu ildən musiqi texnikumunun fortepiano sinfində oxumuşdur. 1935-ci il Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunan Qara bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərində təhsilini davam etdirib.
Konservatoriyanın ikinci kursunda oxuyarkən, yəni 1937-ci ildə A.S.Puşkinin ölümünün 100 illiyinə həsr etdiyi fortepiano üçün “Sarskoye selo heykəli” adlı pyesi ona böyük uğur qazandırıb. Pyesdəki obrazların rəngarəngliyi, qabarıqlığı, harmonik cəhətdən əlvanlığı, impressionist çalarları peşəkar pianoçuların diqqətini özünə cəlb edib. Əsər ilk dəfə müəllifin ifasında Puşkinə həsr edilmiş yubiley konsertində səsləndirilib. Həmin il də onu Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib.
1938-ci ildə Moskvaya gedən Qara Qarayev P.İ.Çaykovski adına Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə qəbul olunub. 1941-ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri işləyən Qara Qarayevi 1944-cü ildə Azərbaycan Bəstakarlar İttifaqının idarə heyəti sədrinin müavini seçiblər. O, yenidən Moskvaya gedərək Dmitri Şostakoviçin bəstəkarlıq sinfində oxuyub.
1946-cı ildə vətənə qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb. Elə həmin il “Vətən” operasına görə ilk böyük mükafatı, o dövrdə Stalin mükafatı, sonralar SSRİ Dövlət mükafatı adlandırılan mükafatını alıb. 1946-cı il bir də Qara Qarayev üçün SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib və “Əməkdə igidliyinə görə” medalı ilə təltif olunmasıyla yaddaqalan olub.
1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilən Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasının dosenti, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olub və Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayıb. 1949-cu ildə onu Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin ediblər. 1952-ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilib.
Qara Qarayevin rəhbər vəzifələrdə işləməsi, ictimai işlərdə fəallığı onun yaradıcılıq imkanlarını məhdudlaşdırmır. Nizami Gəncəvinin “Yeddi gözəl” poeması mövzusunda yazmış olduğu baleti 1953-cü ildə o dövrkü Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrı səhnələşdirir. Bu balet müəllifə təkcə SSRİ-də deyil, sosialist ölkələrində də, dünyanın sinfi mübarizəsini əsas götürən, irqi ayrıseçkiliyi pisləyən ictimai-siyasi qüvvələri arasında böyük nüfuz qazandırır. Onu 1954-1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinə üzv seçirlər. “Bir məhəlləli iki oğlan” filminə yazdığı musiqisinə görə birinci Ümumittifaq Sovet Filmləri Festivalının laureatı olur.
Leninqrad Opera və Balet Teatrı isə ona Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyni adlı romanı əsasında balet yazmağı sifariş verir. Qara Qarayev uzun müddət Afrika xalqlarının musiqi folklorunu öyrənir, o, heç bir sitat gətirmədən baleti həmin musiqinin xarakter intonasiya və ritmləriylə zənginləşdirir. Bəstəkar xoreoqrafiya sənətinin mühüm xüsusiyyətlərini saxlayaraq, bu musiqi əsasında geniş formalar, ümumiləşdirmələr yaratmağa müvəffəq olur. 1958-ci ildə “İldırımlı yollarla” adlandırdığı ikinci baletini tamamlayaraq Leninqrad Opera və Balet Teatırına təhvil verir. Müstəmləkə xalqlarının öz azadlıqları uğrunda mübarizəsinə həsr edilmiş, irqi bərabərsizliyə nifrət hissi oyadan bu əsərdəki gözəl, lirik, ilhamlı musiqi, dinləyicidə müəllifə böyük məhəbbət oyadır. Balet az vaxtda bir çox teatrların səhnəsində göstərilir. Qəhrəmanları öz azad sevgiləri, məhəbbətləri uğrunda mübarizədə həlak olan “İldırımlı yollarla” baleti1967-ci ildə Lenin mükafatına layiq görülür.
“İldırımlı yollarla” baletinin novatorluğu yalnız mövzunun müasirliyində, aktuallığında deyil, bu mövzunun musiqidə necə şərh edilməsində, açılmasında idi.
“İldırımlı yollarla” baletindən sonra Qara Qarayev “Tarixin dərsi”, “Bir məhəlləli iki oğlan”, “Don Kixot”, “Uzaq sahillərdə”, “Xəzəri fəth edənlər”, “Qızıl eşelon” filmlərinə, eləcə də Leninqraddakı A.S.Puşkin adına Dram Teatrında tamaşaya hazırlanan M.Bulqakovun “Qaçış” pyesinə və Bakıda Səməd Vurğun adına Rus Dram Teatrında tamaşaya hazırlanan M.Lermontovun “Maskarad” dramına musiqi bəstələyir. Onun kinofilmlərə və dram əsərlərinə yazdığı musiqi, səhnədə və ekranda göstərilənlərə müşayətçilik etmir, əsərlərin ideyasının, ruhunun, obrazlarının açıb göstərilməsində əsas vasitəçi kimi çıxış edir.
Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən Qara Qarayevin birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. Kamera orkestri üçün yazdığı Üçüncü simfoniya isə Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdar olmuşdur.
Bəstəkar kinofilimlərə yazdığı musiqi üzərində işləyərək ispan yazıçısı Servantesin əsəri əsasında “Don Kixot” simfonik qravürlərini, Nizaminin poeması əsasında “Leyli və Məcnun”, “Vyetnam süitası” sinfonik əsərlərini yaradır.
1955-ci ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958-ci ildə Azərbaycan SSR xalq artisti adlarını alan sənətkar 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyir. 1957-ci ildə onu SSRİ Kinomatoqraf İşçilər İttifaqına, 1962-ci ilə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçirlər.
1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru və Azərbaycan Elmlər Akademiyasının akademiki olan sənətkarın əsərləri ABŞ-da, İngiltərədə, Fransada, Almaniyada, Misirdə, Türkiyədə, Rusiyada, Polşada, Çexiyada, Rumıniyada və başqa ölkələrdə səsləndirilir. Qara Qarayevin özü də “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı 1961-ci ildə Los-Ancelesdə I Beynəlxalq Çağdaş Musiqi Festivalında, “Yeddi gözəl” baletinin tamaşaya qoyulması ilə bağlı 1963-cü ildə Qahirədə, “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə bağlı 1964-cü ildə Polşada “Varşava payızı” Çağdaş Musiqi Festivalında, “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı 1969-cu ildə Parisdə keçirilən Ümumdünya Rəqs Festivalında, “Qoysa” filmininə yazdığı musiqi ilə bağlı 1971-ci ildə Almaniya Demokratik Respublikasında, modal musiqi məsələləri ilə bağlı 1973-cü ildə Türkiyədə keçirilən Beynəlxalq Konqresdə iştirak edir, 1966 və 1976-cı illərdə İspaniyada, 1969-cu ildə Yaponiyada olur.
1965-ci ildə “Antoni və Kleopatra” tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafatına layiq görülən bəstəkarın 1966-cı ildə ifa olunan “Klassik süita”sı, “Alban rapsodiyası”, “Çılğın qaskoniyalı” əsəri də ona böyük şöhrət qazandırır. Afrikadan Vyetnama qədər müxtəlif xalqların musiqi folkloru Qara Qarayevin yaradıcılıq süzgəcindən keçib yeni keyfiyyət alır. Bunu bəstəkarın özü belə izah edir: “Bəzən yaradıclıqda milli ənənələr sövq-təbii meydana çıxır. Mən ispan, bolqar, vyetnam mövzuları əsasında musiqi yazıram. Mənə isə deyirlər ki, bu əsərlərdə mənim milliyətimin, mənim Azərbaycan əllərimin izi qalır. Mən bunun necə baş verdiyini aydınlaşdıra bilmirəm və bu barədə heç düşünmürəm”.
Musiqisi milyonlarla ürəkləri hərarətilə, emosionallığı ilə fəth etmiş, müasirliyi, fəlsəfəliyi ilə düşündürmüş bəstəkar 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.
Kamera instrumental janrları ilə maraqlanan Qara Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Qara Qarayev böyük bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi. O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə də ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur. Onun zəngin elmi-publisistik irsi, qırx illər ərzində yazdığı çoxlu məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri haqqında fikirləri bu gün də öz aktuallığını itirməmişdir.
1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən bəstəkar 1982-ci il mayın 13-də 64 yaşında Moskva şəhərində dünyasını dəyişsə də, Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunmuşdur.
Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə bəstəkarın yetişməsində onun zəhməti əvəzsizdir. Onun tələbələri yüksək professionallığı özlərinə məxsus dəst-xətti ilə seçilmişlər. Vasif Adıgözəlovun, Arif Məlikovun, Xəyyam Mirzəzadənin, Firəngiz Əlizadənin, oğlu Fərəc Qarayevin yaradıcılığı bir-birinə bənzəmir, lakin onların hamısı Qara Qarayev bəstəkarlıq məktəbinin yetişdirmələri, bu məktəbin parlaq nümayəndələridir.
|