Seyitnəzər Seyidi
TÜRK DÜNYASININ MƏŞHURLARI 156/2012
Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə türkmən xalqının vətənsevər oğlu, döyüşçü, şair Seyitnəzər Seyidinin ömür yolundan və yaradıcılığından söz açacağıq.
Türkmən şairi Seyitnəzər Seyidinin həyatı haqqında qaynaqlarda elə geniş bilgi yoxdur. Ona görə də araşdırıcılar onun ömür yolunu şeirlərindəki çox az bilgilər əsasında müəyyənləşdirə biliblər. Alimlərin fikrincə, 1768-ci ildə indiki Türkmənistan Respublikasındakı Çərcov vilayətinin Qarabekirli rayonunun Lamma aulunda – kəndində doğulub.
Seyitnəzər Seyidi dövründə isə nə Türkmənistan Respublikası vardı, nə də Çərcov vilayəti. Şairin doğulduğu və gəncliyini keçirdiyi bölgə Lebab adlanırdı. Bölgədə bir qarışıqlıq hökm sürdüyündən lebablılar da gah Buxara əmirliyinin, gah da Xivə xanlığının tabeliyində olurdular.
Bölgə uzun müddət Səfəvilər sülaləsinə tabe olduğundan bu sülalənin hakimiyyətinə son verilməsinə baxmayaraq Xorasan ətrafında dirçələn xanlar Lebabı özlərinə tabe etməyə çalışırdılar. Onlar istəklərinə nail ola bilmədiklərindən bölgəni soyub-talayıb gedirdilər. Beləcə Lebab üç gücün arasında “nifaq alması”na çevrilmişdi.
Lebabın bəyləri, cəsur oğulları ailələrini, torpaqlarını qorumaq uğrunda cəsarətlə savaşsalar da, istədiklərinə nail ola bilmirdilər. Birincisi hər üç qüvvənin arasında elə bir fərq görünmürdü. Hər üçü idarəetmədə islahatlar aparmaq, ordunu yenidən qurmaq, silah və hərbi sursat istehsal edəcək zavodlar yaratmaq fikirindən uzaq idilər. Orta əsr idarəetməsini bir az da pozuq şəkildə qoruyub saxlamağa çalışırdılar. Əsgəri birliklərin silahları isə orta əsirlərdəki kimi kustar sexlərdə hazırlanırdı. Odlu silahların istehsalına demək olar ki, diqqət yetirilmirdi.
İkincisi Lebabın öndəgedənləri arasında da fikir birliyi yox idi. Bəziləri Səfəvi hakimiyyətinin yenidən dirçələcəyinə ümid bəslədiklərindən Nadi şah Əfşarın hökumətinin tabeliyində olmağı istəyirdisə, bəziləri Buxara Əmirliyinin tabeliyində yaşamağa üstünlük verirdilər. Əhalinin böyük əksəriyyəti Xivə xanına rəğbət bəsləsə də, ziddiyyətlər də yox deyildi.
Seyitnəzər Seydi Türkmənlərin Esrarı tayfasından idi. Uşaqlığında Qarabegavulda Həbib xocadan Qurani-Kərimi, Sədi Şirazinin “Gülüstan”, “Büstan” kitablarını oxumağı və şəriəti öyrənir. Gənc yaşlarında Xədicə adlı türkmən qızına könül verən Seyitnəzər Seyidi onunla da evlənir. Bu evlilikdən Bəynəzər, Sahipnəzər, Mirheydər, Miresen adlı oğlanları və Fatma, Zöhrə adlı qızları dünyaya gəlir.
Çərcov vilayətinin Qarabekirli rayonunun Lamma obasında – kəndində təxminən 1768-ci illərdə doğulan Seyidnəzər gənclik illərini Lebabda keçirmişdir. O, “Qal indi” şeirində yazır:
Bir atadan, Mətih, yalnız qardaşım
Bixəbərsən düşman alıbdır daşım
Naçar əməkdaşım, Oraz Bibisən
Eşitsən, yas tutub qara gey indi.
Orta yüzilin şairlərinin yaradıcılığında aparıcı xətti məhəbbət mövzusu təşkil edir. Lakin Seyitnəzər Seyidinin yaradıcılığında nə sevgilisi Xədicəyə, nə də başqa gözəllərə həsr edilmiş şeirlərə demək olar ki, rast gəlinmir. El şairinin yaradıclığının əsasını igidləri döyüşlərə, mübarizəyə səsləyən misralar təşkil edir.
Seyitnəzər Seyidinin şeirləri “Koroğlu” dastanlarındakı misraları xatırladır. Vətən, vətənin qorunması şair üçün ən önəmli olan məsələlərdəndir. Şair “Bəylər” şeirində yazır:
Vətən üçün çıxdım qır at üstünə,
Ta canım çıxınca, dönmərəm, bəylər!
Başqa bir beytdə isə şair deyir:
Elim üçün şirin candan keçərəm mən,
Düldül minib, qanat bağlar uçaram mən.
Döyüşdə özünü Koroğluya, Rüstəm Zala, İsgəndər Zülqərneyinə, Qacar pəhlivanlarına bənzədən, düşmən üzərinə hücuma keçərkən Əliyyi Mürtazanı – Şahı Mərdanı çağıran ömrünün çoxunu savaşlarda keçirmişdi. Bu şairini döyüş həvəsindən, onun qan tökmək hərisi olamsından gəlmir.
Seyitnəzər Seyidinin yaşadığı dövrdə Lebab Buxara əmirliyinə tabe idi. Buxara əmiri Mirheydərin yeritdiyi siyasətdən narazı qalan lebablılar ona qarşı çıxırlar. Lakin bu etiraz hərəkatı Ensarilər tayfasını tam əhatə etmir. Belə ki, şair şeirlərində Buxara əmiri Mirheydərə qarşı vuruşan lebablı Soltanniyaz bəyi tərifləyirsə, onun tərəfini saxlayan Qahharqulu bəyi də kəskin tənqid edir.
Bu məhəlli savaşdan cana doyan Ensarilər tayfasının bir qismi Lebabdan Xivə xanlığının ərazisinə köçməli olur. Bu köçün ağrısı-acısı şairin şeirlərində də öz əksini tapır. Şairin “Lebap, xoş imdi” şeiri sanki doğma yurda bir vida nəğməsidir.
Şair yazır:
Sakar xalqı ilə Ensarı olmuş,
Biz getdik, sən qaldın, Lebap, xoş indi.
Kimi ağlar getdi, kimi də gülüp,
Kimi çəkmiş dürlü əzap, xoş indi.
Şair şeirin son misralarını isə belə tamamlayır:
Seyidi deyər, indi tükəndi sözüm,
Gediniz, sizləri görməsin gözüm.
Eli ilə birlikdə Xivə xanlığının qədim tarixə malik Mərv bölgəsinə köçən Seyitnəzər Seyidi burada dostu şair Zəlilinin Qaraqala kəndinə yerləşir. Laki onun güzaranı burada da xoş keçmir. Şairin yaxın dostu, ona himayədarlıq edən, şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən həbs edilir. Zəlilinin 7 il həbs cəzasına məhkum edilməsindən doğan narazılıq Seyitnəzər Seyidinin şeirlərində də öz əksini tapmışdır.
Seyitnəzər Seyidi sanki dövrünün salnaməsini bədii şəkildə yazmışdı. Onun şeirlərində məhəlli savaşların təsvirinə də geniş yer verilmişdir. Qacarların hakimiyyəti illərində Əhmədalı Mirzənin Qarrıqala türkmənlərinə hücuma keçərək onları mərkəzi hökumətə tabe etmək istəyir. Qarrıqala türkmənləri isə zəifləmiş Qacarlar sülaləsinin hakimiyyətinə tabe olmaq istəmir, özlərini müdafiəyə qalxırlar.
Seyitnəzər Seyidi də Qarrıqala türkmənləri ilə birlikdə Qacarlara qarşı döyüşür. Ömrünün böyük qismini döyüşlərdə keçirən, 62 yaşında bir döyüşdə şəhid olan şairin şeirləri vaxtında toplanmadığından yaradıcılığının çox az qismi günümüzədək gəlib çatmışdır.
Şairin “Qaldın, xoş indi”, “Dönməm beylər”, “Gedəlim, beylər”, “Olduğu vardır”, “Ersarının igidləri”, “Bedəvsuvar indi”, “Qoçaqlar”, “Gəlin”, “İgidlər”, “Görülsün indi”, “Çıxıp gedəlim”, “Biçarə olup gəldik”, “Gedəlim”, “Qarı səvaba”, “Dövranı vardır”, “Gəlin igidlər”, “Mübarək olsun”, “Dövrandan ayrıldıq” və başqa şeirləri istər bədii dəyərinə görə, istərsə məzmuna, vətənpərvərlik, igidlik, cəsurluq hissləri aşıladığına görə bu gün də öz əhəmiyyətini itirməyib.
Şeirlərinin çoxunda doğulub boya-başa çatdığı Amudəryanın kənarındakı Lebabı yada salan şair araşdırıcılara görə 1830-cu ildə döyüşdə şəhid olmuşdur.
Rusiya işğalı dövründə də, Sovetlər zamanında da Seyitnəzər Seyidi laiq olduğu səviyyədə təbliğ olunmurdu. Sovetlərin dağılmasından 20 ildən çox keçməsinə baxmayaraq, istər Türkmənistanda, istərsə də Türk xalqları yaşayan ölkə və bölgələrdə Seyitnəzər Seyidinin vətənpərvərlik, igidlik, cəsurluq hissləri aşılayan şeirləri gərəyincə təbliğ olunmur. Əslində milli azadlıq mübarizəsinin alovlandığı günlərdə Seyitnəzər Seyidinin yaradıcılığına daha böyük ehtiyac duyulur.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|