Mir Haşım bəy Vəzirov

Türk Dünyasının Məşhurları-33

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində milli istiqlal ideyalarının yayılmasında yaxından iştirak edən Mir Haşım bəy Vəzirov...Əli Şamil
  
 Göndərmə 10/14/2011 8:57:42 AM UTC
 Güncəlləmə 10/14/2011 8:57:42 AM UTC
www.trtazerbaycan.com
http://www.trtdari.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=a4a5615c-735a-48dd-889c-bf26a01c148f


Mir Haşım Mir Abdulla oğlu Vəzirov 1868-ci ildə Şuşa şəhərində doğulub. Soyadları adətən baba adlarından, tayfa adlarından, yaşadıqları kənd və bölgənin adından, az bir qısmi isə ata-babalarının daşıdıqları vəzifə adından yaranıb. Haşım bəyin adının və atasının adının əvvəlində peyğəmbər nəslindən olduqlarını bildirən mir sözü olduğu halda soyadlarında bu söz yoxdur. Bunun da səbəbi odur ki, Vəzirovlar soyadını ata-baba, nəsil adından deyil, babalarının daşıdığı vəzifənin adından alıblar. Haşım bəyin ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olub. Rusiyanın Qafqazı işğalından sonra burada yaşayan müsəlmanların əksəriyyətinin soyadını da özlərininki kimi “ov”, “yev”lə yazmağa başlayıblar. Beləcə Qarabağ xanının vəziri İmamverdinin nəvələrinin soyadı da Vəzirov yazılmağa başlayıb.

Bu nəsildə oxumağa, təhsilə önəm verən şəxslər çox olub. Azərbaycanın görkəmli yazıçısı, tarixi romanlar müəllifi və dəyərli araşdırmaçı Yusif Vəzir Çəmənzəminli də bu nəsildəndir və Haşım bəyin qardaşı oğludur.

Haşım bəyin atası Mir Abdulla mədrədə təhsili görmüş, bilikli və geniş dünyagörüşlü bir insan olub. O, Şuşada məktəb açaraq uşaqları mədrəsəyə hazırlayıb. Haşım bəy də ilk təhsilini atasının məktəbində alıb. 12 yaşında atası Mir Abdulla dünyasını dəyişib. Anası Nənəş oğlunu bölgədə məşhur olan Molla Əli və Molla Həmidin dərs dediyi mədrəsəyə göndərib. O, mədrəsədə islam dininin əsaslarını, islam tarixini və mədəniyyətini dərindən öyrənib, ərəb və farsdilli ədəbiyyatla yaxından tanış olub.

Lakin bu təhsil ailəni təmin etməyib. Mir Haşımı hökumətin yerli xalqlardan özünə sədaqətli kadrlar hazırlamaq məqsədilə açdığı məktəbə göndəriblər. O, burada Rus dilini öyrənib, bu dil vasitəsilə Rus və Avropa xalqlarının mədəniyyətilə tanış olub.

Hökumətin Şuşada açdığı məktəbi bitirən Mir Haşım İrəvan müəllimlər seminariyasına daxil olub. Həmin seminariyada müəllim işləyən, görkəmli maarifçi Firudin bəy Köçərli ilə tanış olub. Bu tanışlıq və aralarında yaranan səmimi münasibətlər gənc Mir Haşımı yaradıcılığa həvəsləndirib. Seminariyada oxuduğu illərdə “Cəfər, Əhməd və Karapet” mənzuməsini, “İnildəmə, əzizim!” adlı birpərdəli pyesini yazıb, müəlliminin məsləhətilə “Kəşkül” və Tiflisdə nəşr olunan başqa qəzet-jurnallarla əməkdaşlıq edib. Yazdığı məqalələrində mollaxana və mədrəsələrdəki dərs proqramının zamanla ayaqlaşmadığına, orada dərs deyənlərin müasir tədris metodlarını öyrənməyə can atmadıqlarına diqqəti yönəldib.

Seminariya tələbələrinin iştirakı ilə oynanılan M.F.Axundovun “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” və tələbə Rzayevin “Günahsız nigah” tamaşaları Mir Haşımda teatra marağı artırıb. Seminariyanı bitirdikdən sonra İrəvan quberniyasının Böyük Vedi məktəbində, Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük (Kinik) kəndlərində müəllim, Cavanşir qəzasının Bərdə kəndində məktəb müdiri işləyən Haşım bəyi Şuşada yeni açılmış məktəbə müdir vəzifəsinə dəvət ediblər.

O, məktəbdə işləməklə yanaşı, şəhər bələdiyyə idarəsinə qlasnı, diger adıyla desək əncümən seçilib. Bələdiyyə üzvlərinin əksəriyyəti ermənilər olduğundan ayrılan vəsaitin çoxu ermənilər yaşayan məhəllələrin abadlaşdırılmasına xərclənirmiş. Müsəlman bələdiyə üzvləri isə bu məsələyə etirazlarını kəskin şəkildə bildirmirlərmiş. Haşım bəy Vəzirov bələdiyyəyə seçildiyi ilk gündən ayrıseçkiliyə son qoyulmasını tələb edib. Bələdiyyədə onun sözünə əhəmiyyət verilmədiyini gördükdə mövzunu ictimaiyyətin diqqətinə çatdırmaq üçün mətbuatın gücündən istifadə edib. Bakıda rus dilində çap olunan “Kaspi” qəzetində Şuşa bələdiyyəsinin fəaliyyətini kəskin tənqid edib. Onun bu cəsarətli çıxışı nəinki hökumət məmurlarını, erməni bələdiyyə üzvlərini, hətta hakimiyyətdəkilərə yaltaqlanmağa adət etmiş müsəlmanları da qorxuya salıb. Çünki Haşım bəy heç kimdən qorxub-çəkinmədən, cəmiyyətdəki mövqeyinə və hökumət yanındakı nüfuzuna əhəmiyyət vermədən adamların nöqsanlarını deyib və yazıb.

Haşım bəy müdir işlədiyi məktəbdə sərt bir nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb. Bütün varlığıyla millətinin savadlanmasına, məktəbə gələn hər bir uşagın isə yüksək bilik almasına çalışıb. Onun nizam-intizamı bəzən ifrata varıb. Dərsi pozmağa cəhd edən, məktəbə hazırlıqsız gələn şagirdləri döyməkdən belə çəkinməyib. Onun bu kobudluğunun arxasında hansı xeyirxah əməllər durduğunu başa düşməyənlər də az olmayıb. Haşım bəy müdir olduğu iki sinifli şəhər məktəbindən başqa hökumət məktəbinin hazırlıq sinfində də dərs deyib.

Onun sərt xarakteri, əyilməzliyi və mübarizliyi hökumət məmurları ilə yanaşı, əsilzadəliyi, var dövləti, hökumət məmurlarına xoş münasibətilə qürur duyan bir çox Şuşa müsəlmanlarının da xoşuna gəlməyib. Onlar Haşım bəyi yollarında bir əngəl kimi görüb, onu aradan qaldırmağa çalışıblar. Bunu da açıq-aşkar edə bilmədiklərindən hökumətə gizli xəbərçilik ediblər. Hökumət məmurları da şikayət məktublarını əsas tutaraq 1906-cı ildə onun Stavropola sürgün olunmasına qərar veriblər. Həmin dövrdə Haşım bəyin xəstə olması da onu sürgündən azad edə bilməyib.

Haşım bəy Vəzirovun sürgün həyatı o qədər də uzun sürməyib. 1906-cı ilin ortalarında Şuşaya qayıdıb. Onu yaxından tanıyan, savadına və dünyagörüşünə yaxından bələd olan Əhməd bəy Ağayev (Ağaoğlu) Haşım bəyi Bakıya – "İrşad" qəzetində işləməyə dəvət edib. Az sonra Əhməd bəy Ağayev Peterburqa səfərə yola düşdükdə qəzetin redaktorluğunu ona tapşırıb. "İrşad"ın on beş nömrəsi Haşım bəy Vəzirovun redaktorluğu ilə çıxıb.

"İrşad"da təcrübə qazanan Haşım bəy Zeynalabdin Tağıyevin maaliyyə dəstəyilə öz adına icazə alaraq 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşrə başlayıb. Qəzet milli dəyərlərə üstünlük verən yazılar çap etdiyinə görə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmmədsəid Ordubadi, Süleyman Sani Axundov, Tağı Şahbazi, Mir Mehdi Seyidzadə, Mirzə Şərif Əfəndizadə, Bayraməli Abbaszadə, Məşədi Azər, Cəlal Yusifzadə və b. onunla əməkdaşlıq edib.

Milli dəyərlərə sahib çıxan, Rusiyada rus millətinə verilən hüquq və imtiyazların müsəlmanlara da verilməsini təbliğ edən "Tazə həyat" qəzetinin mövqeyi çar məmurlarının ürəyincə olmayıb. Haşım bəy Vəzirov da bunu yaxşı bilb. Ona görə də qəzetin hər an bağlana biləcəyini nəzərə alaraq yeni qəzetin nəşrinə icazə almağa hazırlaşıb. "Tazə həyat" qəzetinin 1907-ci ildə 209, 1908-ci ildə isə 230 sayı çap olunub.

1908-ci ilin sentyabrında Bakı general qubernatoru “zərərli istiqamətinə görə” "Tazə həyat" qəzetinin bağlanmasını əmr edib.

Haşım bəy Vəzirov 1908-ci il dekabrın 1-də "İttifaq" qəzetini nəşr etməyə başlayıb. O, qəzetdə "Keyfim gələndə", "Birisi", bəzi yazılarında isə "H.Vəzirov" imzasını qoyub. “İttifaq” da "Tazə həyat"ın xəttini davam etdirdiyinə görə 1909-cu il oktyabrın 3-də 221 sayı işıq üzü görmüş qəzeti Bakı bələdiyyə rəisi bağladıb və qəzetin redaktoru H.Vəzirovu cəzalandırıb.

Lakin Haşım bəy mövqeyindən geri çəkilmək bilməyib. Bu dəfə “Səda” qəzetinin nəşrinə icazə alıb. 1909-cu il oktyabrın 12-də nəşrə başlayan “Səda” qəzeti az zaman içərisində böyük nüfuz qazanıb və o dövr üçün çox böyük sayılan bir tirajla – 5 min tirajla çap olunmağa başlayıb.

Bakıdakı vilayət jandarm idarəsi 1911-ci il martın 14-də jurnalist və naşirlərdən Əhməd Kamal Rasimoğlu, Əlipaşa Hüseyinzadə, Oruc Orucov, Məhəmmədsadıq Axundov, Əliabbas Mütəllibzadə Müznib, Cəfər Bünyadzadə, Pirqulu Mürsəlov, Əbdülrəhim Sereqlazov və Haşım bəy Vəzirovun həbs edilməsi haqqında qərar qəbul edib. Bir aydan sonra Haşım bəy Vəzirov və Əliabbas Müznib həbsdən çıxmağa müvəffəq olub. Lakin jandarm nəzarətindən qurtara bilməyib. Onu vaxtaşırı vilayət jandarm idarəsinə çağırıblar.

Haşım bəy Vəzirov hökumət məmurlarından müxtəlif manevrlərlə yaxasını qurtararaq ideyalarını təbliğ etməyə çalışıb. O, hər dəfə qəzeti bağlanarkən səhf etdiyini və bir daha belə səhvlərə yol verməyəcəyini yazıb. Lakin yeni nəşrə icazə aldıqdan, həbsdən çıxdıqdan sonra Azərbaycançılıq, türkçülük, islamçılıq təbliğatını davam etdirib. Buna görə də 1911-ci il avqustun 14-də “Səda” qəzeti bağlanıb.

Müsəlmanların ittifaq və ittihadı üçün var qüvvəsilə çalışan Haşım bəy Vəzirovun həyatı ardı-arası kəsilməyən münaqişələrdə, mübahisə, təqib, cərimə, həbs və hökumət idarələrində mətbuat hüququ və s. uğrunda mübarizədə keçib. Təbiət etibarilə qızğın, əsəbi bir insan olan Haşım bəy istəyindən qətiyyən geri çəkilmək bilməyib.

1911-ci il sentyabr ayının 27-də rus dilində “Kavkazest” qəzetinin nəşrinə başlayıb. On beş gün sonra, yəni 11 sayı çıxdıqdan sonra bu qəzeti də bağlayıblar. Haşım bəy Vəzirov hökumət məmurlarıyla bu qapatdı-açıldı oyununda yeni bir üsuldan istifadə edib. O, Azərbaycan tarixinə mətbuat şəbəkəsi yaradan bir naşir kimi daxil olub. Belə ki, “Sədayi vətən”, “Sədayi Qafqaz”, “Sədayi həqq” və b. qəzetlərin redaktorları ayrı-ayrı adamlar olsa da, onlar eyni ideyanı təbliğ ediblər.

Haşım bəy 1914-cü il oktyabrın 29-da satirik “Məzəli” jurnalının nəşrinə icazə ala bilib.

Lakin Birinci Dünya Savaşının başlaması qəzet və jurnalların işini çətinləşdirib. H.B.Vəzirovun nəşrləri mülki və hərbi işçilər-senzorların birləşmiş dəstələrinin nəzarəti altında çap olunmalı olub. Senzor nəinki qəzetlərin nəşrinin dayandırılmasına, cərimələnməsinə, hatta imzalarının qadağan edilməsinə də nail olublar. Belə ki, Haşım bəyə də “Kefim gələndə” imzasıyla yazmaq qadağan edilib.

Haşım bəy Vəzirov jurnalistlik və naşirliklə kifayətlənməyib, xalqını maarifləndirmək və milli azadlıq mübarizəsinə hazırlamaq üçün tərcüməçilik edib, dram əsərləri də yazıb. Onun “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-Xan” kimi komediyaları maraqla qarşılanıb. “Otello”, “Məktəb tərbiyəsi”, “Cinlər və şeytanlar”, “Çoxarvadlılıq”, “Sillə” və b. əsərləri rus dilindən Azərbaycan Türkcəsinə çevirən Haşım bəyin 1904-cü ildə "Otello" faciəsi Şuşada tamaşaya qoyularkən Otello rolunu özü oynayıb.

Böyük amallar uğrunda yorulmadan çalışan Haşım bəy Vəzirovun qəlbi 1916-cı il fevralın 4-də dayanıb. Təəssüf ki, arzusunda olduğu, çox istədiyi müstəqil Azərbaycan Cümhuriyyətini görmək ona nəsib olmayıb.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol