Şeyxzadə Babiç

TÜRK DÜNYASININ MƏŞHURLARI 145/2012

 

ŞEYXZADƏ BABİÇ

 

Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin uzun illər xidmətləri layiqincə qiymətləndirilməmiş, bir sözlə, bilərəkdən unutdurulmağa cəhd edilmiş insanlardan söz açmağa çalışırıq. Bu günkü verilişimizdə sizlərə başqırd xalqının oğlu, azadlığı uğrunda mübarizədə şəhid olmuş, şair, publisist, siyasi xadim Şeyxzadə Babiçin ömür yolundan və yaradıcılığından  söz açacağıq.

Ona başqırdlar da tatarlarda sahib çıxırlar. Bəzən bu sahiblənmə iddiası bəsit mübahisəyə də yol açır. Bütün bunlar ondan doğur ki, Babiçin yazıb-yaratdığı dövrdə başqırdlarla tatarların dilləri indiki kimi bir-birindən ayrılmamşıdı. Onun yazdıqarını başqırdlar da, tatarlar da eyni məhəbbətlə sevir, anlayırdılar.

Babiç Mühəmmədzəkir oğlu Şeyxzadə 1895-ci il yanvarın 2-də Ufa quberniyası, Birsk qəzasının Əsyən kəndində doğulub. Onun doğulduğu kənd indiki Başqırdıstan Respublikasının Dörtöylə rayonundadır. Bu kənddə və bölgədə yaşayanların çoxu məşhur türk tayfalarından olan Kanqlılardandırlar. Azərbaycanda onlara Kəngərlilər deyirlər.

Rusiyada 1918-ci il fevralın 1-də köhnə təqvimdən yeni təqvimə keçildi. Yeni təqvimlə köhnə təqvim arasında 13 gün fərq olduğuna görə Babiç Şeyxzadənin doğum günü qaynaqlarda yanvarın 2 və 15 günü kimi göstərilir. Başqırdlar da onun adını, atasının adını və soyadını özlərinin orfoqrafiyasına uyğun, yəni Babiç Möxəmmətzəkir ulı Şəyexzadə kimi yazırlar.

O, dindar bir ailədə dünyaya göz açıb. Anası kənd mollasının qızı, atası isə kənd məscidinin imamı və məscid yanındakı ibtidai məktəbin müəllimi olub. Babiç də ilk təhsilini atasının dərs dediyi məktəbdə alıb.

İbtidai məktəbi bitirən kiçik Babiçi atası Qazaxıstan çöllərində köçəri həyat sürən soydaşlarının uşaqlarına əlifba öyrətməyə, savad verməyə göndərib. Çünki, Rusiyanın yeritdiyi siyasət nəticəsində qazaxlar arasında savadlı isanların sayı azalmışdır.

Rusiya yaxşı bilirdi ki, mədəniyyətini, dilini, tarixini bilməyənləri, dini inanclarına sahib çıxmayanları xristianlaşdırmaq daha asandır. Az-çox savadı olanlar isə yaxşı bilirdi ki, ənənəvi təhsil sistemini, yəni mollaxanaları yaşatmaq yalnız savad öyrətmir, həm də islamın ehkamlarının yaşamasına, şəriətin yayılmasına səbəb olur. Ona görə də XX yüzilin əvvəllərində onlarla din adamının kiçikyaşlı uşaqlarını köçəri qazaxların yurdlarında dərs deməyə göndərdiyinə dair qaynaqlara rast gəlinir.

1905-ci ildə baş verən qarışıqlıq çar II Nikolayı 17 oktyabr manifestini imzalamağa məcbur etdi. Bundan yararlanan müsəlman ziyalıları xalqı maarifləndirmək üçün yeni tipli məktəblər açmağa, qəzet-jurnal nəşrinə icazə almağa, məscidlər tikməyə başladılar. Türküstanda, Başqırdıstanda, Tatarıstanda yeni tipli məktəblər, yəni klassik mədrəsələrlə Avropa tipli məktəblərin sintezindən yeni təhsil ocaqları yaranmağa başladı.  Yenilikçi, maarifçi hərəkatın iştirakçıları da cədidçilər adlandırıldı.

Cədidcilr 1906-cı ilin payızında Ufada Qaliya mədrəsəsini açmağa nail oldular. Volqa bulqarlarının ləhcəsində səssiz səslə başlayan  bəzi sözlərin önünə səsli səsin əlavə edilməsi bir qanunauyğunluq halını almışdır. Başqırdlar da Volqa bulqarlarının  soyundan gəldiklərindən “ali” sözünü “qali”, “aziz” sözünü “qaziz”, “ubaydullin” sözünü “qubaydullin”, “ailə” sözünü “qailə”  kimi işlədir və yazırlar. Ona görə də mədrəsənin adı gah Aliyə, gah da Qaliyə kimi yazılır. Mədrəsənin əsasını filosof Ziya Kamalettinov (1873-1942)  qoymuşdr. Burada Şərqin məşhur mədrəsələrini bitirmiş din alimləri ilə yanaşı, Moskva, Kazan, Beyrut Universitetlərinin məzunları da dərs deyirdi.

Babiç Şeyxzadə cədidçilərin Qaliyə mədrəsəsinə 1911-ci ildə daxil olur. Mədrəsəyə 15-45 yaş arasında insanlar sınaq imtahanından keçdikdən sonra qəbul oluna bilirdilər. Burada ilahiyyat, səriət, din tarixi, bəlağət və b. humanitar elmlərlə yanaşı, ali riyaziyyat, həndəsə, triqonemetirya, coğrafiya və b. fənlər də tədris olunurdu.

Babiç Şeyxzadənin oxuduğu Qaliya mədrəsəsi Rusiya müsəlmanların təhsil ocaqları arasından ən öndə gedəni idi. Mədrəsə məzunlarından Q. İbraximov, M.Qafuri, S.Kudaş, K.Xakimov, B.İşemqul, S.Atnaqulov, Q.Alparov, Q.Kudyarov və b. milli kadrlar yetişmişdir. Adlarını sadaladığımız və sadalamadığımız bu insanlar milli şüurun formalaşmasında, elmin inkişafında, milli kadrlar hazırlanmasında böyük xidmətləri olmuşdur. Mədrəsə fəaliyyət göstərdiyi 13 il ərzində burada 950 yüksək ixtisaslı milli kadr hazırlanmışdır.

Qaliya mədrəsəsində oxuduğu illərdə bəlağətə, türk dillərinin öyrənilməsinə daha çox diqqət yetirən, ədəbiyyat, müsiqi dərnəklərinin ən fəal üzvlərindən olan, tələbə yoldaşları ilə birlikdə “Parlak” adlı əlyazma jurnal hazırlayan Babiç Şeyxzadə altı illik təhsili başa vurduqdan sonra  Troitskdə müəllim işləməyə gedir. Müəllim işləməklə yanaşı “Akmulla” jurnalı ilə də əməkdaşlıq edir.

“Akmulla” jurnalı ilə əməkdaşlıq və çevrəsindəki milli kadrlar gənc şairin ictimai-siyasi fəaliyyətini gücləndirir. O, milli şüur oyatmaq üçün poeziyanın imkanlarından istifadə etməyə çalışır. Gah lirik, gah satirik şeirlər yazır, gah da xalqının qəhrəmanlıq tarixini öyən dastanlar yaradır. Özünün güclü musiqi duyumu olması, qədim türk şeirindəki alliterasiyadan bacarıqla istifadə etməsi bəstəkarların diqqətini cəlb edir. Babiç Şeyxzadənin sözlərinə yazılmış bəstələr başqırdlar, tatarlar, qazaxlar, qırğızlar, çuvaşlar və b. xalqlar arasında da sürətlə yayılır. Onun “Xalqım üçün” şeiri qısa bir zamanda milli himnə çevrilir.

Şair yazır:

Ağappaq altun şeirlərimi,

Söyləmirəm ad üçün.

Söyləyirəm altun vətənim üçün,

Öz qardaş millətim üçün.

 

Saf gümüş kimi şeirlərimi,

Söyləmirəm altın üçün.

Söyləyirəm saf gümüş kimi,

Təmiz qəlbli millətim üçün.

 

Gənclik çağım, altın çağım,

Atəşli çağım olsun fəda.

Xalqımın önündə mənim,

Verdiyim andım üçün.

1917-ci ildə Rusiyanın Birinci Dünya Savaşında uduzması, ölkəni bürümüş qarğaşalar, Başqırdıstandan da yan keçmir. Çar II Nikolay taxtdan salındıqdan sonra Ufaya gəlir. Burada  Zəki Vəlidi Toğanla, Abdulqədir İnanla və b. birlikdə Başqırdıstanın muxtariyyəti uğrunda mübarizəyə başlayır.

Onun siyasi mübarizəyə atıldığı dövr Başqırdıstan Kolçak orduları ilə bolşeviklərin Qızıl ordu adlandırdıqları əskər birliklərin döyüş meydanına çevrilmişdir. Başqırd millətçilərinin böyük əksəriyyəti bolşeviklərin xalqlara azadlıq vədinə inanaraq onlarla bir cəbhədə yer tuturdular.

Babiç Şeyxzadə 1917-ci ilin yayında Orenburqda gedərək oradakı satirik “Karmak”  jurnalında işləsə də, az sonra geri dönməli olur. O, başqırdlardan ibarət ordu yaradılmasında fəal iştirak etməklə yanaşı, Başqırd Mərkəzi Şurasında katib işləyir. “Başqırdıstan” qəzetinin redaktoru işləyən Babiç Şeyxzadə Başqırd gənclərinin  “Tulkun” adlı təşkilatına da rəbərlik edir.

Ağır və gərgin günlərdə olduqca məhsuldar işləyən Babiç Şeyxzadə 1918-ci ildə Orenburqda ilk şeirlər kitabını çap etdirir. Bu şairin sağlığında çap olunan ilk və son kitabı olur. Xalqının azadlığa çıxacağına, xoşbəxt günlərə qovuşacağına böyük ümidləri olan gənc şair yarır:

Yük ağır, yol dolanbaclı olsa da millət haydı:

Allahın rahat qədərini bilməyə möhnət faydalı.

Parlaq, nurlu günlər öndədir. Bu haqqın vədi.

Ona görünür, qiblənin parlayır çox gözəl işığı.

1918-19-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Babiç Şeyxzadə bütün varlığı ilə başqırdıstanın muxtariyyatı uğrunda mübarizəyə atılır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də  bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə  yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun  millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar.

1919-cu il martın 24-də Babiç Şeyxzadə da bir qrup vətənpərvər əsgər və zabitlə birlikdə Tinestən Qızıl Məscid şəhərinə aparırlar. Lakin onlar mənzil başına çata bilmir. İndiki Başqırdıstan Respublikasının Zalair rayonunda vəhşicəsinə öldürürlər.

Babiç Şeyxzadə bolşeviklər tərəfindən qəddarlıqla öldürülsə də, onun adını və şeirlərini qadağan edə bilmirlər. Sovet hakimiyyəti illərində də Babiç Şeyxzadənin əsərləri çap olunur, şeirlərinə musiqilər bəstələnərək rəsmi məclislərdə oxunur.

Onun gənc yaşında ölməsi və şeirlərindəki milli hisslər xalqın qəlbində bir sızıltı yaradır. Başqırdlar da, tatarlar da, qazaxlar da bu nakam şairi həmişə hörmətlə xatırlayır və əsərlərini yaşadırlar.

 

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 

 

 

 

 

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol