Qali Rəxim
Türk Dünyasının Məşhurları-34
Göndərmə 9/5/2013 1:21:32 PM UTC
Güncəlləmə 9/5/2013 1:29:44 PM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=e9f65125-3651-4599-acea-afa4fda0362b
“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də tatar yazıçısı, alimi, ictimai xadimi Qali Rəximdir.
Ləqəbilə daha çox tanınan Qali Rəximin adı, atasının adı və soyadı tatar qaynaqlarında Möxəmmədqali Möxəmmədşakir ulı Qabderəximov kimi yazılır. Ruslar isə onu öz dillərinə uyğunlaşdıraraq Muxammetqali Abdureximov kimi yazırlar. 1898-ci il noyabrın 4-də tacir ailəsində doğulan Qali Rəxim o dövrün tanınmış elm ocaqlarından sayılan “Möxəmmədiyyə” mədrəsəsində oxuyub. O, uşaqlıqdan elmə, ədəbiyyata maraq göstərsə də, valideyinləri övladlarını tacir görmək istədiklərindən ticarət məktəbində oxumasını məsləhət görüblər.
Qali Rəxim də valideyinlərinin istəyinin əksinə getməyib. 1905-ci ildə Kazandakı ticarət məktəbinə daxil olub. Orada ixtisas fənləri ilə yanaşı, bir neçə dil öyrənib, ictimai fənlərə böyük maraq göstərib. Təhsildəki uğurlarından, müəllimlərinin onu ruhlandırmasından ilhamlanaraq 1909-cu ildə yəni, 21 yaşında “Yer coğrafiyası” kitabını çap etdirib. Bu kitabdan uzun müddət Rusiyadakı türk xalqlarının övladları dərslik kimi istifadə ediblər.
1913-cü ildə məktəbi bitirən Qali Rəximi valideyinləri Moskvadakı Ticarət İnstitutunun iqtisadiyyat fakültəsində oxumağa göndərib. İlk məqaləsini “An”, yəni “Bilik” jurnalında çap etdirən gənc yazıçı ticarət institutunda oxumasına baxmayaraq, 1913-1915-ci illərdə babası Bikçəntəyin adını özünə ləqəb götürərək “Ak yol” jurnalında “Bikçəntəy uqlu” imzası ilə uşaq hekayələrini çap etdirir. Mövzusu xalq nağıllarından, lətifələrdən, məsəllərdən, dastanlardan alınan bu ibratəmiz hekayələr böyük maraqla qarşılanır.
Qali Rəxim institutun seçilən tələbələrindən olsa da, təhsilini başa vurmayıb. 1917-ci ildə Rusiyanı bürümüş qarışıqlığa görə məktəblərin çoxunda dərslər pozulmuşdu. Seçdiyi ixtisas ürəyindən olmadığına görə, Moskvadakı qarışıqlığı və atasının ölümünü bəhanə edərək Kazana qayıdır.
Kazan 1917-1921-ci illərdə ağır günlərini keçirirdi. Bölgə sanki döyüş meydanına çevrilmişdi. Şəhər gah bolşeviklərin, gah ağqvardıyaçıların, gah da üsyan qaldırmış çex əskərlərinin əlinə keçirdi. Tatar millətçiləri isə bölgədə öz dövlətlərini qurmaq istəyirdilər. Milli qüvvələr arasında fikir birliyinin olmaması, xüsusən də başqırd millətçiləri ilə aralarındakı fikir ayrılığı milli hökumətin yaranmasını əngəlləyirdi. Bolşeviklər və ağqvardiyaçılar da tatarları səfərbərliyə alaraq Türküstanda, Qafqazda, Kırımda, Sibirdə gedən daxili döyüşlərə göndərirdilər. Təsərrüfat dağıldığından bölgəni aclıq və xəstəliklər bürümüşdü.
Bütün bunlara baxmayaraq, Qali Rəxim Kazana döndükdən sonra bədii yaradıcılığını davam etdirməklə yanaşı, ciddi elmi axtarışlara da başlayır. Bu işdə ona Kazan Universitetinin məzunu, sonralar uzun müddət Azərbaycanda işləmiş və 1937-ci repressiyasının qurbanı olmuş, tarixçi alim Əziz Ubaydullin yaxından kömək edir. Əziz Ubaydullinin həmin illər çap olunan məqalələrinin altındakı imzasını Qaziz Qubaydullin kimi yazır.
1914-cü ildə “Bağ qayğısı” pyesini yazan Qali Rəximin 1921-ci ildə çap olunan “İdil” povesti böyük qalmaqala səbəb olur. Onun Avropa tipli ilk tatar bəstəkarı sayılan Sultan Qabaşi ilə əməkdaşlığı da uğurlu alınır. Avropa mədəniyyətinin vurğunu olan hər iki ziyalı var qüvvələri ilə tatarları avropalaşdırmağa çalışırdılar.
Onların tatar bülbülü adlandırılan müğənni Qayşa Apanayevaya həsr etdikləri “Kukuşqa” romansı böyük uğur qazanır. Bu janr tatar ədəbiyyatında və musiqisində yeni idi. Qazanılmış uğur onları şəhərdə müsəlman gəncləri üçün ədəbi, müsiqili gecələr təşkil etməyə həvəsləndirir. 1919-cu ildə Sultan Qabaş Qali Rəximin “Yanvar” komediyasına musiqi yazır. 1920-ci illərin ortalarında səhnələşdirdikləri ilk tatar operası “Saniya” da böyük səs-küyə səbəb olur. Onlar mövzusu doğu ədəbiyyatından alınmış “Buz eqet” operasını yazmağı planlaşdırsalar da, buna nail ola bilmirlər.
Kazanda açılan pedaqoji kurslarda dərs deyən, 1920-1921-ci illərdə hərbi siyasi kurslarda tatar ədəbiyyatını tədris edən Qali Rəxim elmi axtarışlarara da böyük maraq göstərir. Bölgələrə ekspedissiyalara gedir, folklor materialları, əlyazmalar toplayır, arxeoloji qazıntılar təşkil edir. Əldə etdiyi materiallar əsasında tatar ədəbiyyatına dair dəyərli məqalələr yazır.
1921-1922-ci illərdə elmlər akademiyasının türk-tatar ədəbiyyatı və folkloru şöbəsinə rəhbərlik edən Qali Rəxim 1922-1930-cu illərdə Dövlət Pedaqoji İnstitutunda dərs deyir və 1927-ci il oktyabrın 25-də onu dossent seçirlər.
Doğu ədəbiyyatının klassiklərindən Hafiz Şirazidən, Ömər Xəyyamdan, Cəlaləddin Rumidən, Sədi Şirazidən, Rabindranat Taqordan tərcümələr edən, Qıylemeddin Şərəflə birlikdə “Balalar dünyası” seryasından 50 cildlik kitab nəşrini planlaşdıran Qali Rəximə uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 1923-cü ildə “Qızıl güllər” mükafatını verirlər.
Sovet hakimiyyətinin ilk illərində respubilkaların hamsında bir elmi cəmiyyət quruldu. Azərbaycanda Tədqiq Tətəbbö Cəmiyyəti adlanan bu təşkilatın “Azərbaycanı öyrənmə yolu” adlı jurnalı da nəşr edilirdi. Tatarıstanı Öyrənmə Cəmiyyətinin elmi katibi işləyən Qali Rəximi Kazan Universitetinin nəzdindəki Tarix, Etnoqrafiya və Arxeologiya Cəmiyyətinə də üzv seçirlər.
Qali Rəxim 1922-ci ildən Tatarıstan Xalq Maarif Komissarlığı nəzdindəki Elmi Mərkəzin nəşrə hazırladığı çoxcildli “Tatar Ədəbiyyatı kitabxanası” seriyasına daxil edilən əsərləri nəşrə hazırlayır, onlara ön söz və izahlar yazır. 1923-cü ildə nəşr etdirdiyi “Tatar ədəbiyyatı tarixi üçün materialların toplanması yolunda bir təcrübə”, eləcə də Qaziz Qubaydullinlə birlikdə 1923-cü, 1924-cü, 1925-ci illərdə nəşr etdirdiyi “Tatar ədəbiyyatı tarixi” kitabları, 1925-ci ildə çap olunan “Qaliəsgər Kamalın əsərlərinə ön söz” məqaləsi böyük maraqla qarşılanır.
Qali Rəxim 1927-ci ildə “17-ci yüzilliyə aid tatar abidələrinə dair yeni qaynaqlar”, 1928-ci ildə “1878-ci il tatar kəndli hərəkatı”, 1930-cu ildə “Tatarların 16-cı yüzillikdəki qəbirüstü yazıları” və “Tatar dilinin izahlı lüğətinin layihəsi” kimi məqalələrini çap etdirməklə elmi axtarışlara yeni yön vermiş oldu.
1930-cu ildə Tatarıstan İqtisadiyyatı İnstitutunda Tatar dili və ədəbiyyatı kabinetinə elmi katib təyin edilən Qali Rəximi dövrü mətbuatda kəskin tənqid etməyə başlanır. Onu folklorun əhəmiyyəti və toplanıb sistemləşdirilməsi ilə bağlı hazırladığı “Kəndi öyrənək” proqram-sorğu kitabı millətçilik nümunəsi, burjua düşüncəsini təbliğ etmək kimi dəyərləndirilir.
Vladimir Leninin əsərlərinini tərcümə edən, nəşrə hazırlayan heyətə üzvü olmasına baxmayaraq, 1931-ci ildə Qali Rəxim həbs edilir və beş illiyinə Ağ dəniz-Baltik Kanalının tikintisində işləməyə göndərirlər. O, həbs müddətini vaxtından əvvəl başa vurub 1934-cü ildə Kazana dönür. Həmin il oktyabrın 21-dən Kazan Universitetinin elmi kitabxanasında doğu əlyazmaları şöbəsində məsləhətçi vəzifəsinə qəbul edirlər. Lakin az sonra xüsusi xidmət orqanları onun humanitar sahədə işləməsini münasib saymır. 1935-ci il yanvarın 1-də onu işdən azad etdirirlər.
1936-cı ilin noyabrına kimi işsiz qalan Qali Rəximin gənclik illərində aldığı təhsil köməyinə gəlir. Onu Kazan Dövlət Bankında işə götürürlər. Lakin bu da çox uzun çəkmir. 1938-ci ildə yenidən həbs edərək istintaqa başlayırlar. 1943-cü ilin martın 3-də həbsxanada dünyasını dəyişən Qali Rəximinin adının çəkilməsi, əsərlərinin öyrənilməsi və təbliği qadağan edilir.
Sovetlərin bütün qadağa və qorxularına baxmayaraq, tatar xalqı vətənsevər oğlunu unutmur. Sovet hakimiyyəti devrildikdən sonra onun adını əbədiləşdirir, əsərlərini təbliğ edərək yayır.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|