Əliabbas Müznib

Türk Dünyasının Məşhurları-23

Şair, publisist, tərcüməçi, naşir, işğal altında olan türk xalqlarını xilas etməyi, bu yolda min bir əziyyətlərə qatlaşmış, əqidəsi yolunda şəhid olmuş Əliabbas Müznibin ömür yolu və yaradıcılığı...Əli Şamil
 
 Göndərmə 09.07.2011 09:24:19 UTC
 Güncəlləmə 09.07.2011 09:24:19 UTC
www.trtazerbaycan.com  http://www.trt.net.tr/trtworld/az/newsdetail.aspx?haberkodu=22496223-c940-4f37-80ae-fca972a96519
ƏLİABBAS MÜZNİB

Əliabbas Mütəllib oğlu Əhmədov 1883-cü ildə Bakı şəhərində anadan olub. Kasıb bir ailədə doğulduğundan mükəmməl təhsil ala bilməyib. İlk təhsilini anası Reyhanın öz evində qadınlar və uşaqlar üçün təşkil etdiyi əlifbanı və Quranı Kərimi oxumağı öyrədən kurs da alıb. Sonra da mollaxana adlandırılan məhəlli məkəbə gedib. 1892-ci ildə Bakıda vəba xəstəliyi yayıldığına görə ailələri Abşeron bağlarına köçüb. Beləcə onun təhsil alması yarımşıq qalıb.

Kiçik yaşlarından şeirə böyük maraq göstərib. İstedadı ilə diqqəti cəlb etdiyindən xeyriyyəçiliyi ilə ad qazanmış, neft milyonçusu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onu Bakıda hökumətin açdığı məktəbdə oxutmaq istəyib. Əliabbasın daşyonan işləyən atası Mütəllibin çar Rusiyasına nifrəti və qəzəbi o qədər böyük olub ki, Hacı Zeynalabdin Tağıyev kimi nüfuzlu bir şəsxin sözünü yerə salaraq: “Mənə Rusdan gələn heç bir xeyir lazım deyil!” çavabını verib.

Atası Əliabbası araba düzəldən ustaya şagird verib. O, böyük həvəslə bu peşəni öyrənib və araba düzəltməklə ailəsini dolandırmağa çalışıb. Şeirə həvəs onu Bakıda 1880-ci illərdən fəaliyyət göstərən “Məcmə üş-şüəra”ya gətirib. Məhəmmədağa Cürmünün rəhbərlik etdiyi, sonralar isə Sürəyyanın davam etdirdiyi bu ədəbi dərnəkdə Əliabbas şeir texnikasını mənimsəyib.

Onun həyatında əsaslı dəyişiklik 1905-ci il hadisələrindən sonra baş verib. Rusiyada mütləqiyyət əleyhinə baş vermiş mitinqlər, tətillər və itaətsizlik çar II Nikolayı 17 Oktyabr manfestini imzalamağa məcbur edib. Bu manifestə görə mətbuatın nəşrinə icazə alınmasına qoyulmuş əngəllər azaldılıb, xalq söz və vicdan azadlığını, seçib-seçilmək hüququnu əldə edib. Beləcə uzun illər monarxiyanın hakim olduğu Rusiyada Dövlət Dumasına seçkilər başlanıb.

Haşım bəy Vəzirov 1907-ci ilin ilk aylarında Əliabbası “Tazə həyat” qəzetinə korrektor götürüb. Oktyabr ayının 3-də isə gənc şairin ilk şeiri çap olunub. “Tazə həyat” qəzetindəki bütün yazılarına Mirzə Əliabbas Müznib Mütəllibzadə Bakuyi imzasını qoyub. Sonrakı illərdə müxtəlif ləqəblərdən istifadə etsə də, ərəb sözü olan bu ləqəb, Azərbaycan Türkcəsinə tərcümədə günahkar, müqəssir mənasını verən Müznib onun az qala soyadına çevrilib.

Əliabbas Müznibin mətbuata gəldiyi illərdə sinfi mübarizəni əsas tutan sosialistlərlə, milli məsələyə önəm verənlər arasında gərgin bir ideoloji mübarizə gedirdi. “Həyat”, “İrşad”, “Fyüzat”, “Tazə həyat” və b. nəşrlər ətrafında toplaşanlar milli məsələyə üstünlük verir, “Türkləşmək, islamlaşmaq və müasirləşmək!” şüarını özlərinin amalı sayırdılar. Əliabbas Müznib də ömrünün sonunadək bu amala sadiq qalanlardan olub.

Müznib 1907-09-cu illərdə H.Vəzirovun nəşr etdiyi “Tazə həyat”, “İttifaq” qəzetində korrektor işləyərək jurnalistlik təcrübəsi qazanıb. 1908-ci ilin sonlarında mətbəə fəhlələri naşirdən maaşlarını artırmasını tələb edəndə Əliabbas fəhlələrinin tərəfini tutub. Beləcə Haşım bəy Vəzirovla aralarında ziddiyət yaranıb. Sonralar bu ziddiyət böyüyərək xoşagəlməz bir hal alıb.

 “Molla Nəsrəddin”dən sonra Əbülxalıq Axundov Bakıda 1909-cu ildə “Zənbur” satirik jurnalının nəşrinə başlamışdı. Burada da Müznibin satirik şeirləri çap olunmuşdu. H.Vəzirovla Müznib arasında ziddiyət yarandığını görən Ə.Axundov onu 1910-cu ildə baş redaktor təyin edib. Həmin ilin sonlarında jurnal bağlanıb. Əliabbas Müznib 1910-cu il dekabrın 18-də “Hilal”adlı qəzetin nəşrinə başlayıb. Qəzetin dekabrın 25-də çıxan ikinci sayını senzura müsadirə edib.

Müznib 1911-ci il yanvarın 22-də “Hilal”ın ideya xəttini davam etdirən “Şahabi saqib” jurnalını açıb. Çar Rusiyasının müstəmləkəçilik siyasətini kəskin tənqid etdiyinə, türkçülüyü, islamçılığı təbliğ etdiyinə görə həmin il martın 19-da jurnalın nəşrini dayandırıb və redaktorunu 25 manat cərimə, 15 günlük həbslə cəzalandırıblar. Lakin bu ona verilən son cəza olmayıb.

Müznib həbsdən buraxıldıqdan sonra “Məktəb” jurnalına uşaqlar üçün təmsillər yazıb, şifahi xalq ədəbiyyatı nümunələrini nəzmə çəkib, tərcümələr edib. Onun 1909-1912-ci illərdə tərcümə və çap etdirdiyi əsərlər arasında “Molla Nəsrəddin məzhəkəsi”, “Əlif-leyla”(Min bir gecə nağılları), “Şeyx Bəhlul”, Əfqan əmiri Əbdürrəhim xanın “Əfqan tarıxi” və b. əsərlər var.

1912-ci il yanvarın 31-i və fevralın 27-də keçirilən məhkəmə iclaslarında Əliabbas Əhmədovun “Şahabi saqib” və “Hilal”dakı məqalələri xalqı dövlətə qarşı üsyana səsləmək kimi qiymətləndirilib və ömürlük Sibirə sürgün edilib. Şair bunu faciə kimi qarşılamayıb. Xanımı Səriyyəyə 1912-ci ildə yazıb:

Vətən övladıyam, zülm-zillət istirahətdir mənə,

Mən vətən övladıyam, həm də vətən qurbanıyam.

Min tərəfdən eyləyir düşmən təcavüz millətə

Günbəgün düşməkdəyik dərdə, bəlaya, zillətə.

Şair sürgündə də yaradıcılığından qalmayıb. Qəzet-jurnallara, oğlu Hüseyin Nicdətə şeirlər yazmaqla yanaşı, əfqanların ingilis müshəmləkəçilərinə qarşı mübarizəsini əks etdirən “Əfqan tarixi” romanını da tamamlayıb. Onun “Rusiya çarı II Nikolaya təqdim olunur” şerindəki

Zülm evi bərbad olar Kəbətullah olsa da,

Qan içən zatın içərlər qanın Allah olsa da.

misraları dillər əzbərinə çevrilib.

1913-cü ildə Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illiyi münasibətilə elan olunmuş aministiya ömürlük Sibirə sürgün edilmiş Müznibə də şamil edilib. Lakin ona qəzet-jurnal çap etməyə icazə verilmədiyindən savadsız qardaşı Əbülfəzin adına icazə alaraq 1914-cü ildə ictimai-siyasi, ədəbi “Dirilik”, 1915-ci ildə satirik “Babayi Əmir” jurnalını nəşr etməyə başlayıb. Kərbəlayı Vəli Mikayılov, Məhəmmədəli Rəsulzadə, Abbas Kazımzadə, Seyid Hüseyin və b. məsləkdaşları ilə birlikdə Müsavat partiyasının formalaşmasında əlindən gələni əsirgəməyən naşir “Dirilik” jurnalını, necə deyərlər, partiyanın tribunasına çevirib. Məmmədəmin Rəsulzadənin də bir çox siyasi məqalələri bu jurnalda çap olunub.

Müznib Rusiyanın və Avropa dövlətlərinin Şərqdə yürütdüyü müstəmləkəçilik siyasətinə qarşı çıxaraq, şeirlərinin birində yazıb:

Gədə, ya əl ibni İvan, dinc ol, dolaşma bu islama,

Tıxar axır səni zülmün yəqin odlu bir damə.

Şairin satirik şeirləri yalnız müstəmləkəçiləri deyil, xristian missionerlərini, hətta müsəlman mövhumatçılarını da bərk narahat edirdi. Müznib imam Hüseyinin qəhrəmanlığına və cəsarətinə, 1911-ci ildə Bakıda fanatik dindarların öldürdüyü Axund Molla Ruhullanın mənəvi saflığına həsr etdiyi nohələr, Azərbaycan ilahiyyatçısı Mirzə Rza Təbrizinin farsca yazdığı “Muxtarnamə”ni ana dilinə çevirməsi, Quranın “Yusif” surəsi əsasında “Yusif və Züleyxa” romanını yazması, “Müxtəsər ənbiya və islam tarixi” kitabı, “Ya Rəsulullah” şeiri, “Mövludu nəbi” məqaləsi və s. yaziları onu islamın qızğın təbliğqtçısı kimi tanıtsa da fanatizmə, xürafata qarşı kəskin mübarizəsinə, köləliyi, məddahlığı təbliğ edən din adamlarını satira atəşinə tutduğuna görə 1914-cü ildə Hacı İmaməli məscidinin axundu Şeyx Molla Qəni onu kafir adlandırmış və ölümünə fitva vermişdi. Lakin Muznib bu təhdidləridən qorxmayıb mübarizədən geri çəkilməyib.

Vəziyyət elə gərginləşib ki, təqiblərdən yaxa qurtarmaq üçün 1916-ci ilin payızından 1917-ci ilin fevral hadisələrinə kimi yarım gizli yaşamalı olub. II Nikolayın taxtdan uzaqlaşdırılması Müznibin daha geniş elmi-ədəbi, içtimai-siyasətə başlamasına imkân verib. “Tikan kolu” kitabını yeni əlavələrlə çap etdirib.

Türk dünyasının 100 məşhur söz ustasının, Nəvainin, Füzulinin, Qüdsinin, Osmaninin, Zakirin, Nətavanın, Vəhdətinin, Vəfainin, Cənnətinin və b. şeirlərindən bir kitab hazırlayıb. Bolşevik və erməni silahlılarının 1918-ci ilin martinda müsəlmanları kütləvi qırmasından bəhs edən “Mart hadisələri”, məşhur Ənvər paşaya həsr eydiyi kitabça böyük maraqla qarşılanıb.

Əliabbas Müznibin ən ürəkaçan günləri 1918-1920-ci illərdə olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və möhkəmlənməsi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycana xilasa gəlmiş Osmanlı əsgəri birliyinin komendatına katiblik etmiş Müznib Zülfüqar Hacıbəyovun naşirliyi ilə çıxan “Övraqi nəfisə” jurnalına redaktorluq edib. “Azərbaycan”, “Müsavat”, “İstiqlal” qəzetlərində çap etdirdiyi məqalələrilə xalqda milli mənlik hissini alovlandırmağa, vətənuin başı üzərini almış təhlükəyə qarşı dözümlü olmağa ruhlandırıb. “Yaşıl qələmlər” dərnəyinin fəallarından olan Müznib Türk aktyorlar ittifaqının təşkil etdiyi təkmilləşdirmə kursunun tarix şöbəsində işləyib.

 Əliabbas Müznib Sovet hakimiyyəti illərində Qarabağda “Qarabağ”, Bakıda “Azərbaycan füqərası”, Qubada “İki dirilik” qəzetlərinə redaktorluq edib, 1921-22-ci illərdə “Kommunist” qəzetinin müxbiri işləyib.

Sovet hakimiyyəti ilə Əliabbas Müznibin əməkdaşlığı çox da uzun sürməyib. Onun antisovet fəaliyyətini diqqətlə izləyən Sovet xüsusi xidmət orqanlarının gizli göstərişilə şairi 44 yaşında təqaüdə göndəriblər.

Ədəbiyat tariximizin öyrənilməsində böyük xidmət göstərən Ə.Müznib 1928-ci ildə XIX əsr Azərbaycan ədəbiyyatı seriyasından “Nakam (seçmə parçalar)”, “Aşıq Pəri və onun müasirləri” kitablarını nəşr etdirib. Tərtib etdiyi “Nətavan”, “Sabir”, “Abbas Səhhət”, “Hacı Seyid Əzim Şirvani” və onlarla başqa kitablara yazdığı ön sözlər, çap etdirdiyi məqalələr ədəbiyyatşünaslığımıza gözəl töhfədir. Onlarca şairimizin əsərlərini toplamıı, elmi məqalələr yazmışdı. Nəşriyyatla Məhəmməd Hadinin, Molla Pənah Vaqifin, Cəfər Cabbarlının əsərlərinin tərtibi və nəşrə hazırlanması haqqında müqavilə bağlamışdı. Lakin onları, eləcə də üzərində işlədiyi neçə-neçə kitabı, yazmış olduğu məqaləni çap etdirə bilməmiş, bir çoxu da həbs zamanı itib batmışdı.

1936-cı il dekabrın 12-də KQB Əliabbas Müznibi həbs edir. 1937-ci il avqustun 27-dək davam edən işgəncəli istintaqda 54 yaşlı şair sanki müstəntiqlərə meydan oxuyur. Türkçülük fəaliyyəti ilə qürur duyduğunu söyləyir. Onu Sovetlər Birliyini dağıdaraq “Vahid Türk-Tatar Dövləti” yaratmaq cəhdində suçlayaraq 8 illik həbs cəzasına məhkum edirlər.

Xəstə və işgəncələrə məruz qalmış Əliabbas Müznib 1938-ci il avqustun 28-də Sovetlər Birliyinin ən Doğu şəhərlərindən biri olan Vladivastokdakı xüsusi həbs məntəqəsində şəhid olub. Onun apardığı mübarizəni isə soydaşları davam etdirirlər.

Şairin arzuları artıq həqiqətə çevrilib. Azərbaycan, Rusiya işğalından azad olub. Şeirləri və başqa məqalələri çap olunub, haqqında məqalələr və kitablar yazılıb.

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol