Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə

 Türk Dünyasının Məşhurları-

Şərqdə Avropa tipli pyeslər yazan, ədəbiyyatımıza materialist dünyagörüşü gətirən, ərəb qrafikalı əlifbanın dəyişdirilməsinə can atan Mirzə Fətəli Axundzadənin ömür yolu və yaradıcılığı...

Göndərmə 27.05.2013 12:25:54 UTC

Güncəlləmə 27.05.2013 12:25:54 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=b82d8e14-2c24-43cd-8319-5939943a9bcd

TÜRKSOY 2012-ci ili Mirzə Fətəli Axundzadə və Nikolay Fyodroviç Katanov ili elan etmişdir. Bu il Mirzə Fətəlinin anadan olmasının 200 illiyi tamamlansa da, hələlik yubiley hazırlıqları hiss edilmir. Mətbuatda gedən ara-sıra məqalələrdə M.F.Axundzadənin heç də ateist olmadığı, dinin əleyhinə deyil, xurafatın, cəhalətin əleyhinə olduğu vurğulanmağa başlayıb. Qəribədir ki, Sovet hakimiyyəti illərində Mirzə Fətəlinin yaradıcılığı az qala ateizmin fonunda təhlil edilirdi. Oxucuda az qala belə təsəvvür yaradılmağa çalışılırdı ki, M.F.Axundzadənin ən böyük xidməti ateist olmasıdır.

Ciddi elmi yanaşmanı ideoloji baxışlara qurban verəndə tez-tez belə fikir fərqliliyi yaranır.

Fətəli 1812-ci ildə indiki Şəki şəhərində anadan olub. Anası Şəkinə tanınmış din xadimi Axund Hacı Ələsgərin qardaşı qızıdır. Atası isə Şəkiyə gəlmiş Xaminəli Mirzə Məhəmmədtağıdır. Mirzə Məhəmmədtağı Urmiya gölünün Doğusundakı Güney mahalının, yəni indiki Şəbüstərin Xaminə kəndindəndir.

Rusiya Qafqazı işğal edəndə ona müqavimət göstərənləri və tabe olmaq istəməyənləri sərt cəzalandırdığı kimi, onunla əməkdaşlıq edən, Rusiya hakimiyyətini qəbul edənləri də mükafatlandırırdı. Güney Qafqazda Şəki xanları sərt müqavimət göstərdiklərinə görə cəzalandırılmışdılar. Qacarlar sülaləsinin hakimiyyətini qəbul etmək istəməyən Xoy xanı Cəfərqulu xanı da Rusiya özünə sadiq birisi kimi Şəkiyə xan təyin etmişdi. Cəfərqulu xan da hakimiyyətini möhkəmlətmək üçün Xoydan özünə yaxın bildiyi nəsilləri Şəkiyə gətirərək ətraf kəndlərdə yerləşdirmiş, onlara torpaq, yaylaq və qışlaq vermiş, müvəqqəti vergilərdən azad etmişdir. Bunu yetərli saymayan Cəfərqulu xan hakimiyyətini qorumaq üçün Güney Azərbaycandan gəlib Şəkidə məskunlaşmaq istəyənlərə də vədlər verir və onları həvəsləndirirdi. Mirzə Məhəmmədtağı da belə həvəsə düşüb gələnlərdən idi.

Cəfərqulu xan mövqeyini möhkəmlədəndən sonra Güney Azərbaycandan gələnləri də vergiyə cəlb edir. Xanın bu siyasətindən və Rusiyanın getdikcə idarə işlərinə qarışmasından narazı qalan insanların bəziləri kimi Mirzə Məhəmmədtağı da ailəsini götürüb geri Xaminəyə qayıdır.

Balaca Fətəli 11 il atası və anası ilə birlikdə bugünkü İranın müxtəlif qəsəbə və kəndlərində yaşamalı olur. İlk təhsilini də atasından alır.

Anası ilə analığı arasında ziddiyyətlər getdikcə dərinləşir. Anası orada yaşamağın mümkünsüzlüyünü görüb ərindən boşanaraq Şəkiyə qayıtmağı qərara alır. Məhəmmədtağı Nisəyə oğlunu qoyub gedərsə onu boşayacağını vəd edir. Anası ərinin şərtilə razılaşır. Lakın ögey bacıları balaca Fətəliyə anasının getdiyini xəbər verdikdə o, yuxudan durub hövlnak getməkdə olan anasına sarılır. Onu anasından heç cür ayıra bilmirlər.

Beləcə Fətəli anası ilə birlikdə Şəkiyə qayıdır. Axund Hacı Ələsgər onu oğulluğa götürür, təlim-tərbiyəsi, təhsili ilə məşğul olur. Hətta Axund Ələsgər növbəti dəfə Həcc ziyarətinə gedəndə Fətəlini də gətirib Gəncə mədrəsəsində oxumağa qoyur.

Fətəli burada Mirzə Şəfidən nəstəliq xəttilə yazmağı öyrənir. Aralarındakı yaş fərqinə baxmayaraq müəllimlə şagird arasında səmimi münasibətlər yaranır. Sonra bu münasibətlər dostluğa çevrilir. Axund Ələsgər Həcc ziyarətindən qayıdandan sonra Fətlini də özü ilə Şəkiyə gətirir. Fətəli, Rusiyanın yerli xalqlardan kiçik məmurlar hazırlamaq üçün 1833-cü ildə Şəkidə də açdığı məktəbdə oxumağa başlayır. Yaşı çox olduğundan bir ildən sonra onu məktəbdən çıxarırlar.

Fətəli öz üzərində işləməklə rus, fars, ərəb dillərini dərindən öyrənir.

Tale elə gətirir ki, Fətəli Axundzadə 24-25 yaşlarında Tiflisə gələrək Qafqaz Canişinliyinin baş dəftərxanasında, Baron Roxenin yanında mülki işlər üzrə Şərq dilləri tərcüməçisi işləməyə başlayır. Burada yalnız onun həyatında deyil, dünyagörüşündə də əsaslı dəyişikliklər baş verir. O, rus dili və canişin dəftərxanasında görüşdüyü insanlar vastəsilə Rus və Avropa ədəbiyyatından, ictimai fikrindən xəbər tutur. Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Qafqaza sürgün edilmiş dekabrist, yazıçı A.A.Bestujev-Marlinski, Almaniyadan gəlmiş şərqşünas Adolf Berje və b. ilə tanış olur.

Mirzə Fətəli Rusiya məmuru olduğu üçün soyadı Axundov yazılır. Beləcə uzun illər böyük ədibin soyadı ən çox Axundov yazılır. Özü də soyadını gah Axundov, gah da Axundzadə yazır.

Mirzə Fətəli Tiflisdə ən çox ünsiyyətdə olduğu, evinə gedib-gəldiyi şəxs, yaşıdı Qafqazın şeyxüslamı Axund Əhməd Salyani – Hüseynzadə (1812-1887) olur. Onların dünyagörüşləri fərqli olsa da, millətin və vətənin taleyindən söz düşəndə ortaq söhbəti tuturdu. Müzakirələr aparır, mubahisələr edirdilər. Mirzə Fətəlinin şəxsi kitablarının kənarındakı qeydlərdən aydın olur ki, o oxuduqlarını Axund Əhmədlə paylaşmış, onun fikrini də öyrənmişdi.

Mirzə Fətəli ruslarla bir yerdə işləsə də, dünyagörüşü rusdilli ədəbiyyat əsasında formalaşsa da, oxuduqlarını və eşitdiklərini kor-koranə təqlid etməmişdir. Nə xristian dinini qəbul etməyə, nə ad və familyasını dəyişməyə meyl göstərmişdi. Əksinə kökünə, adət və ənənəsinə sıx bağlı olmuş, vətəninin Avropanın inkişaf etmiş dövlətləri kimi olması, millətinin cəhalət və xurafatdan qurtarması üçün yollar axtarmışdır.

Qraf Solloqubovun Tiflisdə teatr açması gənc Mirzə Fətəlini pyeslər yazmağa həvəsləndirmişdir. O, azsavadlı və savadsız, oxumağa meylli olmayan soydaşlarına səhnədən müraciət etməklə onları maarifləndirməyə çalışmışdır. 1850-55-ci illər arasında 6 peys yazmışdır ki, sonralar bu pyeslər və “Aldanmış kəvakib” hekayəsi “Təmsilat” adı altında kitab şəklində çap olunmuşdur. Qraf Solloqubov da 1852-ci ildə Mirzə Fətəlinin “Xırs quldurbasan” komediyasını ruscaya çevrtdirərək səhnələşdirmişdir.

Axundzadənin pyesləri yalnız Azərbaycan ədəbiyyatına deyil, Yaxın Şərq ədəbiyyatına güclü təsir göstərmişdir.

Yaradıcılığa şeirlə başlayan, 1937-ci ildə rus şairi A.S.Puşkinin ölümündən təsirlənərək farsca “Şərq poeması” adlı məsnəvisini, eləcə də Mövlanə Cəlaləddin Rumiyə, Ömər Xəyyama nəzirələr yazan Mirzə Fətəli ədəbi aləmdə daha çox komediyaları, nəsr və elmi-fəlsəfi əsərləri ilə tanınır. Poeziyada uğur qazana bilməyən M.F.Axundzadə sonralar bunun səbəblərini aramış, ədəbiyyatı metafizik baxışlarda qurtarıb ona materialist yön verməyi bacarmışdır. Bununla da o, ədəbiyyatımızda Nəsimi, Xətai, Füzulidən sonra ədəbi məktəb yaratmaq şərəfinə nail olmuşdur.

Məhz buna görə də istər osmanlı ədibləri İbrahim Şinasi, Namiq Kamal, istərsə də tatar ədibləri Əbdülrəhman İlyas, Fateh Xalid və b. Mirzə Fətəlidən bəhrələnmişlər. O, bədii yaradıcılıqla məşğul olmasaydı belə Mirzə Yusif xana, Mirzə Mülkim xana, Manukçi Sahibə, Cəlaləddin Mirzəyə və b. yazdığı məktublarla Şərqdə ictimai fikrə, ədəbiyyatın yeniləşməsinə təsir göstərən bir şəxsiyyət kimi tanınacaqdı.

Gəncliyində Mövlanə Cəlaləddin Rumiyə nəzirələr yazmasına baxmayaraq kamillik yaşına çatdıqdan sonra onun əsərlərinin zamanla uyğunlaşmadığını söyləmişdir. Bu Axundzadənin Rumini inkarı deyil, geridə qalmış Şərqi cəhalətdən qurtarma yollarını araması idi.

Mirzə Fətəlinin bədii və fəlsəfi əsərlərinin öyrənilməsinə və təbliğinə daha çox diqqət yetirildiyindən onun elmi fəaliyyəti bir növ kölgədə qalmışdır. 1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən, sonralar isə Qafqaz Arxeoqrafiya Komissiyasına işə cəlb edilən Mirzə Fətəlinin Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının Azərbaycanla bağlı hissələrinin hazırlanmasında xidməti böyük olmuşdur. Bu aktlardan istifadə edən tarixçilər, etnoqraflar, iqtisad tarixçiləri, toponimikanı öyrənənlər orada nə qədər zəngin material olduğunu bilirlər. Bu materialların hazırlanıb çap olunmasına görə biz M.F.Axundzadəyə minnətdarıq.

M.F.Axundzadənin Axund Əhməd Salyani – Hüseynzadə ilə birlikdə Adolf Berjenin Azərbaycan şairlərinin əsərlərindən ibarət məşhur müntəxəbatının tərtibində iştirak etməsi isə ədəbiyyatımızın Avropada öyrənilməsinə təkan vermişdir.

Onun Həsən bəy Zərdabiyə yazdığı məktublar, “Əkinçi” qəzetinin nəşrinə yardım üçün apardığı danışıqlar, qəzetin nəşr elanlarını Şeyxülislam və Müfti ilə müzakirəsi, onları bu təşəbbüsü dəstəkləməyə həvəsləndirməsi vətənsevər və millətpərvər bir insanın ictimai fəaliyyətinin kiçik bir hissəsidir.

Axundzadə “Fehristi kitab”, “Nəzm və nəsr haqqında”, “Tənqid risaləsi”, “Kritika”, Yüksək İranın “Millət” qəzetinin münşisinə”, “Mirzə Ağazadənin pyesləri haqqında kritika”, “Kəmalüddövlə məktubları” əsərlərini yazmaqla yalnız ədəbiyyata deyil, ictimai fikrə də güclü təsir göstərdi. Əlifbanı islah etmək uğrunda apardığı mübarizə isə ölümündən 50 il sonra öz bəhrəsini verdi. Türk xalqları 1929-cu ilin ilk günündən latın əlifbasına keçdilər

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol