Səməd Mənsur

SƏMƏD MƏNSUR

Türk Dünyasının Məşhurları-01

Coşğun vətənsevər və millət fədaisi, şair, dramaturq, aktyor Səməd Mənsurun ömür yolu və yaradıcılığı...Әli Şamil

 

Göndərmə 20.01.2011 11:14:39 UTC

Güncəlləmə 20.01.2011 11:14:39 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=65a6b677-fd4a-40b5-b822-a0650e2e2789



Səməd Əhməd oğlu Kazımov 1879-cu ildə Bakı şəhərində anadan olub. Kasıb bir ailədə doğulduğundan mollaxana adlandırılan məkəbdə əski yazını, Quran oxumağı öyrənib, Sədinin “Gülüstan” və “Büstan” əsərləri və b. kitablarla tanış olub.

Şeirə həvəs onu Bakıda 1880-ci illərdən fəaliyyət göstərən “Məcmə üş-şüəra”ya aparıb çıxarıb. Cürmünün, sonralar isə Sürəyyanın rəbərlik etdiyi bu məclisin fəal üzvləri arasında Zülali, Dilxun, Cənnəti, Yusif, Salik, Azər və başqalarının adına rast gəlinirdi. Seyid Əzim Şirvani də “Məcmə üş-şüəra”da qonaq kimi iştirak edirdi. Şairlərin, elm və sənət adamlarının, ziyalıların, sənətkarların toplaşdığı bu məclis əslində zamanının unversiteti, ictimai-siyasi mərkəzi rolunu oynayırdı. Şairlər şeirlərini oxuyur, yeni yazılmış şeirlər peşəkarlar tərəfindən dəyərləndirilir, şeirin qaydaları, oxunma forması, mövzusu müzakirə edilir, əvvəllər bu mövzuda yazmış şairlərin həyat və yaradıcılığından söz açılır, günün durumu təhlil edilirdi.

Bu məclislərin içtirakçıları həm öyrənir, həm öyrədir, həm də araşdırmalar aparırdılar. Özü də burada yalnız ədəbiyyatdan, tarixdən söhbət getmirdi. Astrologiyadan, astronomiyadan, həndəsədən, riyaziyyatdan, coğrafiyadan, musiqidən, dünyada baş verən elmi-texniki və ictimai-siyasi hadisələrdən söz açılırdı.

Gənc Səməd də bu mühitdə böyüyüb tərbiyə aldığından onun dünyagörüşü, biliyi heç də xarici ölkələrdə təhsil almış yaşıdlarından seçilmirdi.Mənsur ləqəbilə əruz vəznində qəzəllər, qəsidələr, müxəmməslər, müstəzadlar yazad şairin lirik şeirləri müğənnilər tərəfindən sevilə-sevilə oxunur, dinləyicilәr arasında dillər əzbərinə çevrilir, çağdaşları ona nəzirələr yazırdılar. Səməd Mənsur, dillər əzbəri olan lirik şerlərinin birində yazırdı:

Ey rəhimli canan, eyləmə ülfətə adət,

Nazınla vüqarın verər ətvarına zinət,

Bihudə gülümsünmə, vüsalında nə ləzzət,

Sök qəlbimi, yansın ciyərim, qanımı qəynət,

Cövrünlə dərdi-sirri-nihanı mənə baz et!

Naz et mənə, ey sevgili yarım, mənə naz et!

Dünyanı bürümüş qarışıqlıq Rusiyada özünü qabarıqlığı ilə göstərdi. Hərbi gücə dayanan, işğal etdiyi ölkələrin sərvətini daşıyıb gətirməklə şöhrətlənən aqrar Rusiya 1905-ci ildə savaşda kiçik Yaponiyaya uduzdu. Bu məglubiyyət ölkədə xalq kütlələrinin ayaqlanmasına, tətillərə, mintinqlərə, hökumətə qarşı etimadsızlıqlara səbəb oldu.

Çar II-ci Nikolay vəziyyətdən çıxış üçün bəzi islahatlara başladı. Tarixə 17 oktyabr manifesti kimi daxil olan bir sənəd imzaladı. Beləcə ölkədə qəzet-jurnal nəşrinə icazə alınmasındakı bürokratik əngəllər azaldıldı, sərbəst toplaşmağa icazə verildi, Dövlət dumasına seçkilər başladı.

Qafqaz türkləri də 17 oktyabr manfestindən yararlanaraq yeni qəzet və jurnallar açmağa başladılar. Yeni nəşrlər arasında daha çox diqqəti çəkən satirik jurnallar oldu. Buradakı rəngli və rəngsiz karikaturalar, cəmiyyətdəki nöqsanları sadə və istehzalı bir dillə göstərmə savadlının da, savadsızın da diqqətini özünə çəkirdi.

Səməd Mənsurun da həyatında əsaslı dəyişikliklər baş verdi. Lirik şeirlər müəllifi az bir zamanda dövrün nöqsanlarını kəskin tənqid edən çılğın bir vətəndaşa çevrildi. “Molla Nəsrəddin”, “Tuti”, “Zənbur”, “Şeypur” kimi satirik jurnallarda Mənsur Əyar, Pompuşalı, Mığmığa, Tuti və s. imzalarla çıxış etməklə yanaşı, “İqbal”, “Səda”, “Bəsirət” qəzetlərində də məqalələr çap etdirdi.

Vətənin, millətin dərdlərindən yazmaq, xalqı marifləndirmək əvəzinə bir-birini təhqir edənləri istehza ilə “ey “nəcib”lər”, “fəxri-millət “ədib”lər” adlandıraraq yazırdı:

Yazılar aləmini bazar eyləyin,

Bir-birin səhnədən kənar eyləyin,

Nə xəcalət çəkin, nə ar eyləyin.

Söyüşün, ey “nəcib”lər, söyüşün,

Fəxri-millət “ədib”lər, söyüşün!

“Səfa” və “Nicat” cəmiyyətlərinin işində yaxından iştirak edən, eyni zamanda, “Ədəb yurdu”nda da çalışan, “Turan” mətbəəsinin yaradılmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəməyən Səməd Mənsur bir neçə dəfə qəzet və jurnal çıxarmaq istəmişsə də buna nail ola bilməmişdi.

Sovet hakimiyyəti illərində Səməd Mənsura Azərbaycan SSRİ Dövlət Plan Komissiyasında İşlər müdiri vəzifəsi verdilər. Mötəbər vəzifə də onu millətin dərdlərindən yazmaqdan çəkindirmədi.

1924-cü ildə “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “İntibah” şeirində yazırdı:

Taxta oldu, donuk başdan endi aşağı taclar,

Varlı ol yenə varlı, aclar yenə ol aclar.

Bilməm niyə bu dünya dövlətliyə maildir!?

Varlı bütün hər işdə məqsədinə naildir.

Qurmuş füqarə dövlət! Amma özü saildir.

Taxta oldu, dönük başdan endi aşağı taclar,

Varlı yenə ol varlı, aclar yenə ol aclar.

Neft işləri saldı bir çoxlarını səhmanə,

Qoydu nə qədər pulları istərsə cibişdanə.

Nə baxmadı yoldaşa, nə əhdə, nə peymanə,

Yoldaşı qoyub həsrət lap bircə kusok nanə,

Varlı ol yenə varlı, aclar yenə ol aclar.

Səməd Mənsur özünü heç vaxt peşəkar dramaturq və aktyor saymasa da, oxumaq və yazmağa həvəs göstərməyən soydaşlarını qəflət yuxusundan ayıltmaq, Sovet təbliğatçılarının şirin vədlərindən çəkindirmək üçün kiçik səhnəciklər yazaraq o dövrdə “Satir-agit” adlanan teatrda səhnələşdirərdi. “İki aşığın deyişməsi” adlandırdığı səhnəciklərdə nəinki Sovet idarələri, xüsusən, o dövrdə qəddarlığı ilə ad çıxarmış Sovet xüsusi xidmət orqanı, xalq arasında qısaldılmış adıyla – ÇEKA deyə tanınan təşkilat və rəhbər işçilər haqqında Qoca aşığın dilindən belə deyir:

O nədir ki, surətləri soldurur?

O nədir ki, çibişdanı doldurur?

O nədir ki, toyuqları güldürür?

Buna cavab verən aşıq var olsun!

Cavan aşıq isə belə cavab verir:

O ÇEKA-dır surətləri soldurur,

O rüşvətdir cibişdanı doldurur,

Tərifdir toyuqları güdürür,

Söz soran aşığa Allah yar olsun!

Qoca aşıq yenə sorurdu:

O kimdir ki, alov yağar gözündən?

O kimdir ki, məna çıxmır sözündən?

O kimdir ki, qorxar özü-özündən?

Buna cavab verən aşıq var olsun!

Cavab isə cavan aşıq tərəindən gəlirdi:

Mirzoyandır alov yağar gözündən,

Mirbəşirdir, məna çıxmır sözündən,

Qəzənfərdir qorxar özü-özündən

Söz soran aşığa Allah yar olsun!

Səməd Mənsurun 1925-ci ildə yazdığı “Bacoğlunun dayıya ərizəsi” və “Dayının bacoğluya cavabı” şeir kəskinliyi və şairin cəsarətliliyi ilə seçilir. Şair Azərbaycana rəhbərlik edəni bacoğlu kimi təqdim edir və onun dilindən vətənin bütün sərvətlərini vəzifə xatirinə Rusiyaya verməyə hazır oldugunu bildirir. Dayı adlandırdığı Rusiyanın dilindən isə bacoğlu hədələnir, Azərbaycanın maddi və mənəvi sərvətlərini almaqla kifayətlənmədiyini bildirərək deyir:

Əbləh oğlu, səni qoydum ora hüşyar olasan,

Tutasan göz qabağın, bir uça divar olasan.

Arxada mən işimi sazlayın, əncama salım,

Azəri türklərin qafil edib damə salım.

Şair sonda dayının-yəni Rusya rəhbərlərinin dilindən yazır:

Sözümə baxmasan onda çəkərəm Moskvaya!

Səni də bənd edərəm adı görünməz yuvaya.

Səməd Mənsurun uzaqgörənliklə dedikləri 1937-ci ildə reallaşır. Sovetlərə sədaqət nümayiş etdirib vətənin sərvətlərini Rusiyaya göndərənlər həbs edilərək güllələnir və ya Sibir həbsxanalarında məhv edilir.

Səməd Mənsur 1927-ci il yanvarın 3-də dünyasını dəyişir. Lakin Sovet ideoloqları ondan əl çəkmək bilmirlər. Onun şeirlərinin həmişəyaşarlığından qorxaraq tənqid hədəfinə çevirirlər. 1937-ci ildə kütləvi həbs edilənlərə, güllələnənlərə 1956-ci ildən sonra bəraət verilsə də, Səməd Mənsurun “Həpsi rəngidir”, “Gülməlidir” və başqa şeirləri Azərbaycan Sovet ədəbiyyatşünaslarının tənqidinin hədəfi olaraq qalır.

Sovet dövrünün qadağa və yasaqlarına baxmayaraq, vətənsevər gənclik həmişə Səməd Mənsuru sevmiş, onun şeirlərini əzbərləmişlər. Şairi bədbinlikdə suçlayanlar unudurdular ki, Səməd Mənsur 1925-ci ildə gələcək Azərbaycan teatırına yenilik gətirmiş, rejissor Tofiq Kazımova ithafən yazdığı “Oğlum Əhməd Tofiqə vəsiyyətim” şeirini belə nikbin misralarla başlayırdı:

Bizim də ölkədə, Əhməd, gələr bir öylə zaman,

Hüquqa malik olar millət, gülər vətənim.


 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol