Səməd Behrəng

SƏMƏD BEHRƏNG

Türk Dünyasının Məşhurları-09

Azərbaycanın vətənpərvər oğlu, yazıçı, tərcüməçi, folklorçu, çox gənc ikən Araz çayında boğulmuş Səməd Behrənginin ömür yolu və yaradıclığı...Әli Şamil

 

Göndərmə 26.03.2011 07:26:53 UTC

Güncəlləmə 26.03.2011 07:39:12 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=694d14f2-cae9-4a85-ad92-b8ac51214f99

 

Səməd İzzət oğlu Behrəng 1939-cu il iyun ayının 24-də Təbriz şəhərində, fəhlə ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini doğulduğu şəhərdəki "Tərbiyyət" məktəbində almışdır. Sonra mədrəsəni bitirərək müəllim ixtisası qazanmışdır. Mədrəsədə oxuduğu illərdə hazırladığı "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti yaşıdlarının və müəllimlərinin xatirində xoş iz buraxmışdır. Bu qəzet onun üçün ilk qələm təcrübəsi olmuşdur. Qəzetdə ədəbi tənqidi fikirlərini əks etdirən məqalələrini və satirik yazılarını vermişdi.

Mədrəsəni bitirdikdən sonra Təbriz yaxınlığındakı Tufarqan bölgəsinin Mamağan və Gögan kəndlərində ibtidai məktəblərdə müəllimlik etməyə başlamışdı. Tufarqan indi Azərşəhr adlanır. Mamağanda isə Səmədin böyük ehtiram göstərdiyi Məşrutə hərəkatının qəhrəmanı Səttərxan Sərdarimillinin heykəli ucalır.

Səməd Behrəng kəndlərdə millətinin övladlarına əlifba, hesab öyrədərək öz təhsilini artırmağın da qayğısına qaldı. 1956-cı ildə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsinə qəbul olundu.

Onun ali təhsil aldığı illərdə dünyada siyası qütbləşmə dərinləşdi. “Soyuq savaş”ın qızğın illəri idi. SSRİ dünyanı öz təsir dairəsində saxlamaq üçün ABŞ-ın, necə deyərlər, çənəsinin altında – Kubada sosialist ölkəsi yaratdı. ABŞ da ona cavab olaraq Türkiyəni NATO-ya cəlb etdi, İranda gizli bazalarını yaratdı.

İran, Türkiyə SSRİ ilə ABŞ-ın ideoloji mübarizə meydanına çevrilmişdi. Səməd Behrəng və onun kimi gənclər iəs yaşadıqları ölkənin güclü dövlətlərin təsiri altına düşməsini istəmirdilər. Onlar haqqın, ədalətin bərqərar olmasına tərəfdar idilər. Ölkədə xalqların bərabər yaşamasını, hər bir xalqın ana dilində məktəbi, radiosu, qəzet-jurnalı olmasını, insanların firavan yaşamasını, qanunlara əməl edliməsini istəyirdilər. Bu cür normal insani duyğularına, millət sevgisinə, ədalətsevərliyinə görə onu solçu-kommunist adlandırırdılar. Kommunist olmaq, kommunust ideyalarını daşımaq isə o illərdə SSRİ-yə xidmət etmək, Sovet ideologiyasını yaymaq kimi qiymətləndirilirdi.

Səməd Behrəng 1961-ci ildə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsini bitirdi. Şah rejimi isə məktəblərdə, dövlət idarələrində, ictimai yerlərdə xalqların dilində danışmağı qadağan etmişdi. Hamı fars dilində danışmalı və yazmalıydı. Özü də fars dilinin yalnız Tehran ləhcəsində! Bu da nəinki dillərində danışmaq qadağan edilmiş türkləri, kürdləri, lorları, bəlucları, ərəbləri, hətta ayrı-ayrı ləhcələrdə danışan farsları da narazı saldı.

Belə bir durumda Səməd Behrəng və onun kimi vətənpərvərlər ana dilini yaşatmaq və inkişaf etdirmək istəyirdilər. Onlar 1945-46-cı illərdə Təbrizdə ana dilində unversitet, teatr, flarmoniya, qəzet və jurnallar fəaliyyət göstərdiyindən, ümümtəhsil məktəblərində təhsil ana dilində olduğundan, dövlət idarələrində sənədləşmə işləri türk dilində aparıldığından xəbərdar idilər. Şah rejimi həmin illərdə çap olunmuş qəzet-jurnalları, kitabları məhv etdirsə də, oxunmasını qadağa qoysa da, vətənsevərlər gizlətdikləri kitabları, qəzet və jurnalları gənc nəslə oxumağa verirdilər.

Səməd Behrəng də həmin dövrün qəzet və jurnallarını, kitablarını oxuyaraq, xatirələri dinləyərək böyüyən gənclərdən idi. O, vətəninin digər guşəsində Sovet Azərbaycanında təhsilin ana dilində olduğunu, qəzet-jurnalların ana dilində çıxdığını bilirdi. Böyük həvəslə imkan tapan kimi Bakıdan yayımlanan radio verilişlərinə qulaq asırdı.

Buna görə də bütün varlığıyla ana dilini qorumağa və inkişaf etdirməyə çalışırdı. Ana dilini məktəblərdə, rəsmi yerlərdə yaşatmağın mümkün olmadığını, bu dilin sadə insanlar tərəfindən qorunub saxlandığını bilirdi. Dilin ən yaxşı qoruyucusu, nağıl, lətifə, sicilli, bayatı və s. söyləyən sadə adamlar və dastan danışan aşıqlardır.

Səməd Behrəng də dostu Bəhruz Dehqanı ilə birlikdə kənd-kənd gəzib, nağıllarımızı toplayıb fars dilinə çevirərək kitab çap etdirdilər. Bu nağıllar kitabı farslar və bu dili bilən xalqlar tərəfindən də maraqla qarşılandı. Oxucular bu nağıllar vasitəsilə bir növ qədim türk mədəniyyətilə tanış oldular.

Ədəbiyyata şair kimi qədəm qoyan Səməd Behrəngin ilk şerlərini bu gün xatırlayanlar yox dərəcəsindədir. Çünki onun hekayələri elə bir zirvə fəth etdi ki, şeirləri və şairliyi unuduldu. Behrəng 1959-cu ildə "Adət" hekayəsini yazdı. Bu avtobioqrafiq hekayəni 1960-cı ildə fars dilində nəşr olunan “Təlxun” nağıllar kitabında dərc etdirdi. Onun ardınca gənc yazıçının “Binam” hekayəsi işıq üzü gördü. Bu hekayələrin axıcı dili və mövzusu peşəkar yazıçıların və ədəbiyyatşünasların diqqətini cəlb etdi.

Zəngin nəsr ənənəsi olmayan bir ölkədə gənc qələm sahibinin diqqətini nəsrə yönəltməsi təsadüfi deyildi. O, bir tərəfdən vətənində nəsrin Avropada və Amerikada olduğu kimi inkişaf etməsini istəyirdisə, o biri tərəfdən də böyüməkdə olan nəsli mübariz, haqsızlığa, ədalətsizliyə qarşı barışmaz bir ruhda yetişdirməyi arzulayırdı. Yaşlı nəslin sürətlə dəyişəcəyinə, mübarizəyə qalxacağına inanmırdı. Bütün diqqətini gənc nəslə yönəltmişdi. Ona görə uşaq hekayələrinə daha çox diqqət yetirir, dərsliklər hazırlamağa çalışır, elmi-pedaqoji məqalələr hazırlayırdı.

Səməd Behrəngin hekayələrində haqsızlıq, insanların alçaldılması və istismarı təsvir edilir və bunları doğuran ictimai səbəblər, sosial bərabərsizik kəskin tənqid edilir. Hekayələrin mövzusu İrandan alınsa da, dünyanın hər yerində oxucu ondan özü üçün nəticə çıxarır, öz ölkəsində baş verənlər kimi anlayır.

Səməd Behrəngi solçu, kommunist düşüncəli bir yazıçı kimi tanıdır və təbliğ edirdilər. Lakin unudurdular ki, Behrəng sosialist ölkələrinin uşaqlarına və gənclərinə də kapitalist ölkələrində olduğu kimi təsir edirdi. Bu hekayələr SSRİ-nin sözdə bərabərhüquqlu elan etdiyi, əslində, əsarətdə olan xalqların övladlarını da azadlıq mübarizəsinə səsləyirdi.

Səməd Behrəng gəncliyin döyüşkən ruhda tərbiyə edilərsə, vətəni zəli kimi soranlardan xilas edəcəyinə inanırdı. Ona görə də 1967-1969-cu illərdə "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllarını yazdı.

"Balaca qara balıq" əsərinin müəllifinə necə böyük şöhrət qazandırdığını Səməd Behrəng görmədi. 1969-cu ildə İtaliyanın Bolonya şəhərində keçirilən Beynəlxalq Uşaq Ədəbiyyatı Sərgisində "Balaca qara balıq" hekayəsi birinci dərəcəli diploma və qızıl medala layiq görüldü. Az bir zamanda hekayə italyan, türk, fransız, ingilis və b. dillərdə böyük tirajla çap edildi.

Səməd Behrəng mərkəzdən uzaq kəndlərdə müəllim işləməklə, nağıllar toplamaqla, hekayələr yazmaqla, tərcümələr etməklər yanaşı, ədəbi prosesi də dərindən izləyirdi. O, milli şüuru oyatmaq üçün ana dilində yazıb-yaradan, ədəbiyyatı yeniləşdirməyə çalışan şair və yazıçıların yaradıcılığına daha çox diqqət yetirir, onlar haqqında məqalələr yazırdı.

Onun Məhəmmədhüseyin Behcət – Şəhriyar, Bulud Qaraçorlu – Səhənd, Nima Yuşic, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Sadiq Hidayət kimi qüdrətli söz ustaları haqqında yazdığı məqalələrini oxucular diqqətlə izlədikləri kimi, söhbətlərini də maraqla dinləyirdilər. Bir çox mövzularda o, özündən böyüklərə də müəllimlik edirdi. Bütün varlığı ilə Azərbaycan dilinə bağlı olan, xalqın ədəbiyyatını ürəkdən sevən, millətinin şərəfli tarixi keçmişilə qürur duyan və onu yorulmadan təbliğ edən Səməd Behrəng 1968-ci il avqustun 30-da Muğanda – indiki İran İslam Respublikasının Xumarlı kəndi yaxınlığında Araz çayında boğuldu.

Dostları və tanışları Səməd Behrəngin üzə bilmədiyini söyləyirlər. O, Araz sahilinə Sovet Azərbaycanına baxmaq, oradakı soydaşlaırnın uzaqdan da olsa, hər bir hərəkatını izləyərək ləzzət almaq, radio verlişlərinə qulaq asmaq arzusuyla gəlirdi. Hökumət dairələrinin də Səməd Behrəngin davranışından, danışıqlarından xoşu gəlmirdi. Ona görə də Səməd Behrəngin Arazda boğulması şübhə ilə qarşılandı.

29 yaşında yetkin bir insan qədər iş görə bilmiş Səməd Behrəngin xatirəsi həmişə ehtiramla yad edilir, onun həyatı gənc nəsilə nümunə kimi göstərilir.

 


 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol