Behbud ağa Şahtaxtinski

Behbud ağa Şahtaxtinski

Türk Dünyasının Məşhurları-49

 

Keşməkeşli bir ömür yaşamış və sonda vətən torpaqlarından başqalarına pay vermədiyinə görə bolşeviklərin xüsusi xidmət orqanları tərəfindən öldürülmüş Behbud ağa Şahtaxtinskinin ömür yolu...Əli Şamil

 

Göndərmə 02.02.2012 12:26:35 UTC

Güncəlləmə 02.02.2012 12:26:35 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=0e314d74-4a52-4668-bc48-9d67ec37f9f8

 



Behbud ağa Əli ağa oğlu Şahtaxtinski 1881-ci ildə Rusiyanın Qafqazı işğal etdikdən sonra yaratdığı İrəvan quberniyasının Şahtaxtı kəndində doğulub. İndi həmin kənd Azərbaycan Cümhuriyyətinə bağlı Naxçıvan Muxtar Cümhuriyyətinin Kəngərli rayonuna daxildir. Uzun illər onun yoxsullaşmış bəy ailəsində doğulduğunu yazmışlar. Son dövrün araştırmaları isə göstərdi ki, Behbud ağa İsa Sultanın oğul nəvəsidir. Behbud ağanın babası Məmmədqulu Sultan hərbçi olmuş, istefaya çıxdıqdan sonra Şahtaxtıya qayıdaraq ömrünün sonunadək burada yaşamışdı.

1859-cu ildə çar hökumətinin apardığı kameral siyahıda komissiya üzvləri Qazaxlar tayfasının Ağacirli tirəsindən olan Şahtaxtinskilərin ulu babalarının zadəgan olduğunu və bu nəsildən indiyədək heç kimin bəylik hüququndan məhrum edilmədiyini təsdiqləmişlər.

Behbud ağa və qardaşları Əhməd ağa, Məmməd ağa, Mustafa bəy çar hökümətinin Şahtaxtıda açdığı dörd sinifli məktəbi bitirmişdi.

1895-ci ildə Bakıya gələn Behbud ağa öncə “İran” gəmisində işləmişdi. O, ömürlüyündə 1896-1907-ci illərdə müxtəlif müsəlman kontor və dükanlarında qulluq etdiyini və 1907-ci ildən jurnalistika ilə məşğul olduğunu, “Baradan” jurnalını redaktə etdiyini yazır. Sənədlər isə onu göstərir ki, Behbud ağa Şahtaxtinski Bakı Kontor Qulluqçuları İttifaqının xəzinədarı və hüquq müdafiəçisi işləmişdir. Bununla yanaşı içtimai-siyasi işlərdə də fəal olmuş, Məmmədəmin Rəsulzadə, Sultan Məcid Əfəndiyev, Mir Qasımov, M.Mövsümov və başqaları ilə birlikdə “Hümmət” təşkilatının yaradılmasında və təşkilatın “Hümmət” qəzetinin nəşrində iştirak etmişdir.

Behbud ağa Şahtaxtinskinin 1907-17-ci illər arasındakı fəaliyyəti haqqında qəzet-jurnallara yazdığı ictimai-siyasi məzmunlu məqalələri çıxsaq əldə elə geniş bilgi yoxdur.

Rusiyanın I Dünya Savaşında uduzması, II Nikolayın çar taxtından salınması,1917-ci ilin fevralında Kerenskinin rəhbərliyi ilə Müvəqqəti Hökümətin qurulması bölgələrdə də ictimai-siyasi həyatı canlandırmışdı. Bakıda müsəlman sosialistləri “Hümmət” təşkilatını qurmuş, bu təşkilata Nəriman Nərimanov sədir, Həmid Sultanov, Məşədi Əzizbəyov, Sultanməcid Əfəndiyev, Behbud ağa Şahtaxtınski və başqaları üzv seçilmişlər.

Təşkilat Azərbaycan fəhlələri arasında siyasi tərbiyə və inqilabi işi gücləndirmək, habelə ana dilində ədəbiyyat və nəşriyyat işini təşkil etmək üçün qüvvələr səfərbərliyə almışdı. 1917-ci ildə nəşrə başlamış “Hümmət” qəzetinin redaksiya kollegiyasının üzvləri sırasında B.Şahtaxtinski də olmuşdu. Həftədə bir dəfə, dörd min sayı çap olunan “Hümmət” qəzeti az sonra gündəlik nəşrə başlamışdı. Fəal ictimai-siyasi iş aparan Behbud ağa 1917-ci ilin dekabrın 17-də Bakıdakı İsmailiyyə binasında keçirilən və beş gün davam edən “Zaqafqaziya müsəlman zəhmətkeşlərinin vahid cəbhəsini təşkil etmək və müsəlman demokrat partiyalarının inqilabi ruhda olan hissəsini fəhlə kəndli hakimiyyəti tərəfinə çəkmək” üçün təşkil edilmiş qurultayın katibi seçilmişdi. 27 nümüyəndənin iştirak etdiyi və beş gün çəkən qurultayda B.Şahtaxtinski Mərkəzi Komitəyə üzv seçilmişdi. 1918-ci ilin yanvarın 7-də keçirilən toplantıda isə Behbud ağa Şahtaxtinski “Hümmət” təşkilatının sədr müavini olmuş və az sonra isə qəzetin tərcüməçilər qrupuna daxil edilmişdi.

Behbud ağa Şahtaxtınski bütün varlığı ilə ədalətli bir cəmiyyət quracaqlarına, insanların bərabər yaşayacaqlarına, varlı və yoxsullar arasında fərq olmayacağına inansa da milli dəyərlərdən, milli düşüncələrdən də uzaqlaşmamışdı.

1918-ci ilin martın sonları və aprelin əvvəllərində Bakıda və Azərbaycanın bir çox bölgələrində bolşeviklərin təhriki ilə erməni-rus silahlı dəstələrinin müsəlmanları kütləvi şəkildə və qəddarlıqla qırması Behbud ağaya ağır təsir göstərsə də onun kommunizm ideologiyasına inamını sarsıtmamışdı. O, Bakı Kommunası adlandırılan oyuncaq hökümətlə əməkdaşlığını davam etdirmiş, Bakı Qəzasının kəndlərində Kəndli Deputatları Sovetinin yaradılmasında, onun I qurultayının təşkilində, eləcə də Bakı Soveti İcraiyyə Komitəsi yanında Qeyri Şəhərlər Komissiyasının işində fəal iştirak etmişdi. Hətta Bakını bolşeviklərdən azad etmək istəyən Qafqaz İslam ordusuna qarşı da döyüşmüşdü.

1918-ci ilin sentyabrın 15-də Bakı yadellilərdən təmizlənəndə sosialist Behbud ağa Şahtaxtinski də Saray kəndində həbs edilərək Gəncəyə aparılmışdı. Həbisxanada 11 gün saxlandıqdan sonra hümanistcəsinə onu azad edir və Bakı şəhərindən başqa istədiyi yerdə yaşamasına və işləməsinə icazə verirmişlər. O, 1918-ci ilin dekabrında Naxçıvana gəlmiş burada da sosialistlərlə əməkdaşlıq edərək kommunist ideyalarını təblig etmişdi. O, yalnız ideoloji iş aparmamış erməni quldurları tərəfindən ev-eşikləri dağıdıldıqlarından, yaxınlarını itirdiklərindən qaçıb Naxçıvana sığınmış insanlara kömək etməyə çalışmışdı. 1919-cu ilin dekabrın 3-də Naxçıvan Qaçqınlar Komitəsinin sədri Behbud ağa Şahtaxtınski generel qubernata göndərdiyi məktubunda bölgədə 39005 nəfər qaçqın qeydə alındığını, onların da yaşam şərtləri çox ağır olduğunu yazmışdı. O, qaçqınlara yardım almaq üçün böyük ümidlər bəslədiyi Sovet Rusiyasının Qırmızı Xaç Cəmiyyətinə də müraciət etmişdi.

Behbud ağa Naxçıvan Qaçqınlar Komitəsinin sədri işləməsi bölgəni, burada yaşayan əhalinin milli tərkibini, ictimai-siyasi durumu yaxından öyrənməsinə şərait yaratmışdı.

Azərbaycan 1920-ci ilin aprelin 28-də bolşeviklər tərəfindən işğal edildikdən sonra o məsləkdaşlarının yanına, Bakıya getmişdi. Doqquz gün sonra onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndəsi və Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi kimi III İnternasionalın II qurultayında iştirak etmək üçün Moskvaya göndərmişlər.

Behbud ağa Şahtaxtinskinin diplomatiya sahəsində heç bir təhsili və təcrübəsi olmasa da gördüyü işlər təcrübəli diplomatları belə heyrətdə qoymuşdu. Vətən və millət sevgisi onu zorən diplomat etsə də bu sahədəki fəaliyyəti Sovet Azərbaycanın gələcək taleyində mühüm rol oynamışdı. Azərbaycanın düşdüyü mürəkkəb geosiyasi şəraitdə Behbud ağa vətənin maraqlarını şərəflə qoruya bilmişdi. O. bu qısa müddətli fəaliyyətiyyətinə görə daha çox yaddaşlarda qalmış, elə bu fəaliyyətinə görə də qurban getmişdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin (Azərbaycan SSR) Rusiya Sovet Federativ Sosialist Cümhuriyyətində (RSFSR) fövqəladə nümayəndəsi olan B. Şahtaxtinski əqidəcə sosialist olsa da vətəninin mənafeini heç bir ideologiyaya, heç bir vəzifəyə qurban verməmişdi. Azərbaycan SSR ilə Sovet Rusiyası arasında 1920-ci ilin sentyabrın 30-da bağlanmış hərbi-iqtisadi ittifaq haqqında müqaviləni RSFSR xalq xarici işlər kommisarı G. Çiçerin və B. Şahtaxtinski imzalamışlar.

1921-24 illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Cümhuriyyəti (Naxçıvan MSSR) Xalq Komissarları Sovetinin sədri, Azərbaycan Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. vəzifələrdə çalışmış Behbud ağa Şahtaxtinskinin adını əbədiləşdirən Rusiya ilə Türkiyə arasında 1921-ci ilin fevral-mart aylarında Moskvada, həmin ilin sentyabr-oktyabr aylarında Qarsda keçirilən danışıqlarda Naxçıvanın Azərbaycan SSR-nin tərkibində qalmasını təmin etməsi olmuşdur.

Azərbaycan SSR-in səlahiyyətli nümayəndəsi kimi ermənilərin Naxçıvana dair ərazi iddialarının əsassız olduğunu V. İ. Leninə inandıra bilmişdi. Onun 1921 ilin martın 1-də V. İ. Leninə ünvanladığı məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ mahallarının gələcəyi ilə bağlı əsaslandırılmış faktlara görə RK(b)P MK Siyasi Bürosundakı müzakirədə (16.3.1921) Azərbaycanın himayəsində Naxçıvan Sovet Cümhuriyyətinin təşkil edilməsi haqqında qərar qəbul edilmişdi.

Behbud ağa Şahtaxtinski 1920-ci ilin dekabrında Naxçıvanda xalqa müraciətlə Azərbaycan Sovet hökümətinin onları torpaqları ilə birlikdə Ermənistana satdığını, özünün bu qərarın əleyhinə olduğunu, bu qərarın icrası həvalə olunmuş XI Qızıl Ordunun Naxçıvandakı Fövqaladə və Səlahiyyətli nümayəndəsi Bahadur Vəlibəyovu vəzifədən azad etdiyini demişdir.

Sovet rəhbərləri çətin vəziyyətdə qaldıqlarından Nəriman Nərimanov, Behbud ağa Şahtaxtinski və başqa milli düşüncəli kommunistlərə qarşı sərt mövqe nümayiş etdirməmişdi. Az sonra, yəni mövqelərini möhkəmlətdikdən sonra Azərbaycanın milli yönlü kommunistlərinə qarşı açıq və gizli təqiblər başlamışdı.

Uzun təqib və təziqlərdən sonra Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü Behbud ağa Şahtaxtının 1924-cü ilin mayın 30-da Tiblisidə günorta çağı evində özünü güllələdiyi xəbri yayılmışdı. Onun başında tapançadan açılmış dörd güllənin yeri qalmışdı. Məhkəmə ekspertlər intihar edənin başına 4 güllə sıxa bilməsini mümkünsüz saydıqları kimi 1937-ci ildə həbs edilmiş KQB rəhbərlərini də B. Şahtaxtını öldürməkdə suçlamışlar.

Behbud ağa Şahtaxtinski Moskva və Qars müqavilələrinin hazırlanmasında millətinə və vətəninə etdiyi xidmətlə yadda qalmışdır və gənclərə də bir örnəkdir.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol