Qamzat Yusup oğlu Acıgəldiyev

Qamzat Yusup oğlu Acıgəldiyev

 Türk Dünyasının Məşhurları-38

 Görkəmli noqay şairi Qamzat Yusup oğlu Acıgəldiyev... Qamzat 1939-cu il dekabrın 21-də Rusiya Fedarasiyasının Dağıstan Respublikasının Noqay rayonu Orta Töbe kəndində anadan olub...Əli Şamil

 

Göndərmə 09.12.2011 11:14:33 UTC

Güncəlləmə 09.12.2011 11:14:33 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=7bfa0473-547c-4ebc-b3f8-427ace560e6f

 

O, ailə sevincinin, ata-ana məhəbbətinin, qayğının nə olduğunu bilmədən böyüyüb. Çünki İkinci Dunya Savaşı başlayanda onun atasını da cəbhəyə aparıblar. Az sonra isə anasını da itirib. Valideyinlərini itirən Qamzatı xalq arasında yetimxana deyilən uşaq evinə veriblər. Qıtlıq, aclıq, baxımsızlıq onun yaddaşında sarsıdıcı izlər buraxıb. Uşaq evinin ağır şəraiti onun psixologiyasına ağır zərbə vurub.

Qamzatın yaxın qohumlarından olan və rəhbər partiya işində işləyən Badiya Acıgəldiyev onu uşaq evindən alaraq ailəsinə gətirib. Ədəbiyyata böyük maraq göstərən “Səlimət” adlı hekayələr kitabını çap etdirən, Dağıstan Muxtar Sovet Sosialist Respublikasına daxil olan Qaranoqay kəndlərini gəzərək folklor nümunələrini çap etdirən Badiya Acıgəldiyevin öz güzəranı da o qədər də yaxşı olmayıb. Həm də ağır iş şəraitindən yeniyetmə Qamzata çox vaxt ayıra, onun uşaq evində keçiridiyi sarsıntıların tam aradan qaldırılmasına nail ola bilməyib.

Qamzat Noqay rayonundakı Dirəkli Məktəb kəndindəki internat məktəbdə oxuyub. Onun ədəbiyyata maraq göstərməsində Badiya Acıgəldiyevin rolu böyük olub.

Qamzat uşaqlıq və yeniyetməliyində Sovetlər Birliyinin dünyanın ən güclü və hümanist dövlət olduğuna inanıb. Elə bilib ki, Sovetlər Birliyində deyil hər hansı bir xarici ölkədə yaşasaydı ona qayğı göstərən, sahib duran olmazdı. Xoşbəxtliyini əlindən alanın, atasını savaşa aparanın, anasının ölümünə səbəb olanın Sovet hökuməti olduğunu heç ağlına da gətirməmişdi.

Orta məktəbi bitirdikdən sonra Qamzat vətəni sandığı SSRİ-yə xidmət etmək, onu ölümdən qurtardığını, təhsil verdiyini düşündüyü hökumət qarşısında börcunu yerinə yetirmək üçün böyük həvəslə əsgəri xidmətə yola düşüb. 1958-61-ci illərdə Belarusiya Hərbi Dairəsində əsgəri xidmətdə olarkən iki illik Marksizm-Leninizm Universitetinin axşam şöbəsində oxuyub. Gələcəyə böyük ümidlərlə baxan gənc şair ordudakı nizam-intizamsızlığı, zabitlərin günlərini sərxoşluqla keçirdiklərini, yüksək rütbəli zabitlərin özlərindən aşağı rütbədə olan əsgər və zabitləri necə alçaltdıqlarının şahidi olub.

Ona elə gəlir ki, bunlar kiçik bir hərbi hissədə baş verənlərdir. Ölkədə böyük bir nizam-intizam, düzlük və doğruluq var. Kiçik əyintilər isə mübariz gəncliyin, doğru və vətənpərvər insanların sayəsində aradan qaldırılacaqdır.

Gənc şair Dağıstan Muxtar Sovet Sosialist Cümhuriyyətinin paytaxtı Mahaçqalada noqay türkcəsində çap olunan “Şöllik mayakı” (Çöllük mayakı”) və Qaraçay- Çərkəz Muxtar Vilayətinin başkəndi Çerkeeskidəki “Lenin yolu” qəzetlərilə müntəzəm əlaqə saxlayıb, şeirlərini çap etdirib.

Ədəbiyyata gəlişi ilə diqqəti özünə cəlb edən gənc şair noqay ədiblərindən Fazil Abdulcəlilov, Söyün Kapayev, Keldixan Kumratovayla görüşüb, onlardan dəyərli məsləhətlər alıb, ədəbiyyatın inkişafı mövzusunda gedən müzakirələrdə fəal iştirak edib. Təcürbəli və yaşlı noqay ədibləri bu istedadlı gəncə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağı məsləhət görüblər. Beləliklə Qamzat Acıgəldiyev Moskvadakı ali Ədəbiyyat İnsitutunda oxuyan ilk noqay olub.

Moskva mühiti, burada görüşdüyü xarici ölkə vətəndaşları ilə etdiyi söbətlər, ölkədə baş verən dəyişikliklər gənc şairi sanki bir burulğanın içinə atıb. Stalinin ölümündən sonra SSRİ-də baş verən dəyişikliklər, Kommunust partiyasının şəxsiyyəti pərəstişi kəskin təqid etməsi, 1937-ci ildə həbs edilənlərə bəraət verilməsi insanlarda bir çaşqınlıq yaradıb. Qamzat da bu dəyişikliyi alqışlayanlardan olub. Lakin dəyişikliklərin ciddi deyil kosmetik olması, yuxarıdan verilən qərarların, rəsmi toplantılarda rəhbərlərin dedikləri ilə həyatda baş verənlərin uyğunsuzluğu çoxları kimi Qamzatı da çaşqın vəziyyətə salıb.

Qamzat Acıgəldiyevin 1962-ci ildə Mahaçqalada “Sokpak” (Cığır) adlı ilk şeir kitabı çap edilib. Poeziyanı şüarçılıqdan uzaqlaşdırmağa, kommunist partiyasının qərar və göstərişlərindən qurtarıb insanların daxili aləmini açan, mənəviyyatı önə çəkən sənət əsərləri yaratmaq istəyənlərin sırasına Qamzat da qatılıb. O, noqay poeziyasına bir yenilik gətirib. Lakin mühafizəkar, vəzifəsini milli mənlikdən də, həqiqətdən də uca tutanlar, sözdə keçmişdəki nöqsanları tənqid edənlər, əməldə yeniliyin qarşısını bir səd kimi kəsənlər onu heç cür qəbul etməyib.

1964-cü ildə Qamzat və Badiya Acıgəldiyevlər Dağıstanda yaşayan noqay ədiblərinin İkinci Dünya Savaşından sonrakı yaradıcılığından nümunələri seçərək “Karlıgac” (Qaranquş) adlı topluda çap etdiriblər. Bu təşəbbüsü araşdırıcılar noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirib.

Qamzat noqay dilində yazıb-yaratmış şairlərin şeirlərini diqqətlə oxumaqla kifayətlənməyib onlardan səmərəli bəhrələnib. Oxuduqca, onların bədii ifadə vasitələrindən istifadə etdikcə daha da ilhamlanıb. Uzun illər ona təbliğ olunan Rus ədəbiyyatının tarixinin 17 yüz ili keçmədiyi halda xalq şeiri üslubunda yazan Sıbranın, XV-XVI yüzillərdə yaşamış Parızdak Şaban ulunun, Şal Kiyiz Tileniş ulunun, Asan Kaygulunun, Domambet Azaylının, Jirenşe Şeşenin, Kazı Tuan Suyunişin Şabanın və b. şairlərin necə gözəl əsərlər yaratdığına heyrətlənir. Məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq Faxreddin Abuşaxman ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Abdulxalıq Abdulraşid ulu (1858-1913), Aslan Şaban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh İsmail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziyanı davam etdirən şairlərin yazdığı yırlau (şeir), destan (poema), tolkau (monoloq), maktau (oda), munklau (ağı) və başqa janrları həvəslə oxuyur, noqay tarixini öyrənir. Noqayın babası Taval bəy XII yüzilin sonlarında Qıpçaq bozqırlarının Aksu-Buq çayı çevrəsində yaşayan bir peçeneq boyunun – tayfasının başçısı olduğunu, onun Çingiz xanın nəvəsi Batu xanın (1236-1255) yürüşlərində iştirak etdiyini, az bir zamanda cəsur döyüşçü, bacarıqlı sərkərdə kimi şöhrət qazandığını öyrənir.

Batu xanın ölümündən sonra hakimiyyətə gələn qardaşı Bərkə xanın (1255-1266) Noqayı qabiliyyət və bacarığına görə ordu komandanı təyin etməsi, Ordu komandanı kimi Noqayın Qafqaz dağlarını keçərək Hülakü xan və varisləri üzərinə yürüşlər etməsi, döyüşlərdə qazandığı qələbələr, beləliklə, o dövləti Bərkə xanla bərabər hüquqlu idarə etməyə başlaması, Bərkə xanın ölümündən sonra Don və Dunay çayları arasındakı bölgəyi müstəqil idarə etmsi haqqında məqalə yazıb. Lakin bu məqaləni heç yerdə çap etdirə bilməyib. Çünki Rusiya Altın Orda dövlətinə və Noqay xanına düşmən, işğalçı kimi baxdığı bir zamanda həqiqətləri deməyə hər adamın cəsarəti çatmırdı.

Qamzat Acıgəldiyevin şeirlərini Moskvada yaşayan yenilikçi şairlər sevə-sevə oxuyub və onu təqdir ediblər. Qəzet və jurnal redaktorları isə onun məqalə və şeirlərindən oddan qorxan kimi qorxublar. Buna görə də şair “Yayapsız soraclar” (Cavapsız suallar) şerində deyirdi ki,

Yenidən yazmağa davam edimmi?

Qorxuram redaktorlar yazılarımı görəndə

Elə qapıdanca “getsin” deyə.

Hər şeyi atmaq, unutmaq,

Yoxsa yandırmaq, külə döndərmək?!”

Qəzetlərdə çoxlu ədəbi tənqidi məqalələr, tərcümələr çap etdirən, ədəbi mühitin canlanması üçün var gücüylə çalışan gənc şair bədbinliyə qapılıb. Vəziyətdən çıxış yolu tapa bilmədiyindən içkiyə qurşanıb. Bir tərəfdən də ailədə narahatlıqlar yaranıb. Xanımı ondan ayrılıb.

Sovet ədəbiyyatı yaratmaq istəyən şairlər hər xoşbəxtliyin, səadətin, azadlığın bolşeviklər hakimiyyəti zor gücünə ələ aldığını yazanlar, hətta günəşin də şimaldan, yəni Moskvadan doğduğunu yazdıqları bir vaxtda gənc noqay şairi Qamzat “Kuşlar kaydan keleşiz” (Quşlar haradan gəlirsiniz?) şeirində quşlara müraciətlə yazır ki,

Siz gəlirsiniz güneydən bilirəm,

Bəlkə, oradan mənə məktub gəlmişdir.

Sən baxsana, həmən ardından yüyürürəm,

Ya da bəlkə öz gülüşünü vermişdir”.

Şair “Məndən başka varsa...” adlandırdığı 24 misra şerində qədim Türk şeirinin alliterasiyasından istifadə edərək 13 misrası “m” səsi ilə başlamaqla bir axıcılıq yaradır. Bununla şeirdə forma gözəlliyinə nail olmaqla kifayətlənmir, böyük hümanist olduğunu da oxucusuna çatdıraraq deyir ki, mənim yaşamım başqalarının yerini dar edirsə mən həyatdan getməyə razıyam.

Onun “İzleyemen seni” (Səni axtarıram), “Dördlüklər” şeirləri və “Urlanqan süyüv” (Oğurlanan sevgi) poeması oxucular tərəfindən məhəbbətlə qarşılanmışdır. Şairi intihara aparan yol onun şeirlərində öz əksini tapıb. O yazır ki,

Mən bilirəm canın olduğu yerde ecel var,

Bəlkə gözüm, iki gözüm qapanır,

Sevinirim mən gözümü qapatdığımda,

Şeirlərəm, xalqın arasında qalsanız,

Sevinərəm yer altında yatdığımda,

Şeirlərim xalqımdan sayğı görsəniz.

“Kuy, Rosiya” (Araq tök, Rusiya!) və b. şeirləri onun sərxoşluqla keçiriyi günlərin əhvl-ruhiyyəsini özündə yaşadır. Şeir sanki Rusiyaya, rus mühitinə bir ittihamdır.

Sərxoş olan, sərxoş yürüyən Rusiya!

Araq içməyi mənə də sən öyrətdin.

Bloka da sən içki verdin,

Yesenini də sərxoş etdin.

Sən məyər özün,

Yox, sən sərxoşsan!

“Lenin yolu” qəzeti 15 iyul 1966-cı il sayında şairin “Vəsiyyət” şeirini çap edib.

1988-ci ildə Mahaçqalada T. Akmanbetovun ön sözü ilə Qamzat Acıgəldiyevin “Urlanqan süyüv” (Oğurlanmış sevgi) adlı şeirlər toplusu çap olunub. Bu gün yalnız noqaylarda deyil, dünyanın çox yerində Qamzat Acıgəldiyevin şeirləri çap olunur və sevilə-sevilə oxunur. Onu ölümə sürükləyən məddahları isə xatırlayanlar belə yoxdur.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol