HAFİZ SALİH ƏFƏNDİ

HAFİZ SALİH ƏFƏNDİ

TÜRK DÜNYASININ MƏŞHURLARI 146/2012

  Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə türk dünyasında ilk respublika rəisi olmuş Hafız Salih  Əfəndinin ömür yolundan söz açacağıq.

Hafız Mehmet oğlu Salih 1869-cu ildə Osmanlı dövlətinin Əxi Çələbi qəsəbəsində dindar bir ailədə dünyaya gəlib. İndi bu qəsəbə Bolqarıstan Respublikasında yerləşir. O, doğulduğu qəsəbədəki ibtidai məktəbi bitirdikdən sonra Balkan yarımadasında ən nüfuzlu xoca – din âlimi kimi tanınan Kırcal müftüsü Hacı Əhməd  Əfəndidən dərs alır.

Hafız Salih Əfəndinin uşaqlıq və yeniyetməlik illəri Avropa dövlətlərinin Osmanlını sıxışdırdığı, yüz illər boyu sülh və əminəmanlıq şəraitində yaşayan Balkan xalqlarını müsəlmanlara qarşı qaldırdığı bir dövrə təsadüf edir. Böyük Britaniya Süveyş kanalını qorumaq və şərqdə mövqeyini möhkəmlətmək üçün Ağ (Aralıq) dənizdəki adaları Osmanlı dövlətindən müxtəlif vasitələrlə alır. Rusiya isə güneyə doğru sərhədlərini genişləndirmək, yeni müstəmləkələr ələ keçirmək üçün xristian Bolqarların hüquqlarını qorumaq adı altında Osmanlı dövlətinə savaş elan edir.

Bolqarların, yunanların uzun illər birgə yaşadıqları türklərə qarşı münasibəti getdikcə pisləşir, xarici dövlətlərin təlim keçib silahlandırdığı dəstələr isə milli azadlıq hərəkatı adı altında yerli müsəlmanları öldürür, mal-mülklərini talayırlar.

Hafız Salih indi Bolqarıstan ərazisində qalan Terziören mədrəsəsində oxuduğu illərdə də, Gümlücədəki Qayalı mədrəsədə dərs deyəndə də Osmanlı dövlətinin zəifləməsi, vətəni yeni bazarlar axtaran müstəmləkəçi Avropa dövlətlərinin caynağından xilas etmək yolları gündəmdə idi. Buna görə də mədrəsədə oxuyan yeniyetmə və gəncləri dini və dünyəvi elmləri öyrənməklə yanaşı siyasətlə də məşğul olmaq məcburiyyətində qalırdılar.

Gümlücədəki Qayalı mədrəsəsində dərs deyən gənc müəllim Hafız Salih əfənfi şagird və tələbələrinə elm öyrətməklə yanaşı, onlara vətənpərvərlik hissləri aşılayır, dünyada baş verənləri öyrətməyə çalışırdı.

Qayalı mədrəsəsinin banisi Zəkəriyyə  Əfəndinin qızı ilə evlənən Hafız Salih Gümlücədə müəllim işləməklə kifaytlənmir, ictimai-siyasi fəaliyyətlə də məşğul olur. İllər keçdikcə Osmanlı dövlətinin Ağ dənizdə və dəniz sahili ölkələrdəki vəziyyəti getdikcə pisləşir. Misiri ingilislər, Tunis və Əlcəzairi Fransızlar işğal edir. Osmanlı dövləti Afrikada əlində qalmış son ərazini Trablusqradı, yəni bu günki Liviyanı qoruyub saxlamağa çalışsa da, bu mümkün olmur.

Avropa dövlətlərindən dəstək alan İtaliya 1911-ci il sentyabrın 29-da Osmanlı dövlətinə savaş elan edir. Bu savaşda azərbaycanlı könüllülər də Osmanlı əskəri birliklərinin tərkibində döyüşür. Azərbaycanlı yaşıçı, şair və jurnalistlər müsəlmanların döyüşlərdəki şücaətindən yazırlar. Trablis və Kirenayika əyalətləri uğrunda savaş 1912-ci il oktyabrın 18-də Lozanna sülh müqaviləsilə başa çatır. Dünyanın gülcü dövlətlərinin təzyiqi altında Osmanlılar Trablis və Kirenayika əyalətlərini İtaliyaya veməli olur. Sonralar Liviya adlandırılan Trablis və Kirenayika əyalətləri beləliklə 1943-cü ilədək İtaliyanın müstəmləkəsi olur.

Afrikada savaşlar başa çatmamış Rusiya və Avropa dövlətlərinin təlim verdiyi, silahlandırdığı Balkan xalqlarından olan dəstələr Osmanlı dövlətinə qarşı mütəşəkkil və planlı hücuma keçirlər.

Bu savaşın başında Bolqarıstan durur. Bolqarıstanın, Serbiyanın, Yunanıstanın və Çernoqoriyanın bəzi qüvvələri Balkan İttifaqı deyilən bir təşkilat qururlar. Rusiyanın fəal köməyi ilə yaradıan, Fransa və İngiltərənin də dəstəklədiyi bu ittifaq əslində  Osmanlı dövlətini çokdürməyə yönəldilmişdir. İttifaqın silahlı dəstələri Balkanlardakı azsaylı  Osmanlı əskəri birliklərinə, eləcə də türklər, müsəlmanlar yaşayan kənd və şəhərlərə basqınlar təşkil edirlər.

Minlərlə insan öldürülür, minlərlə qadın, qoca, uşaq ev-eşiklərini, mal-mülklərini ataraq qarlı dağları, quldurların kəsdiyi yolları keçərək indiki Türkiyə ərazisinə sığınmaq məcburiyyətində qalır.

Hafız Salih Əfəndi də belə ağır və gərgin günlərdə dərs deməklə kifayətlənmir, bölgənin müsəlmanlarını qorumaq üçün yerli millətsevərlərdən özünümüdafiə dəstələri təşkil edir.

ANTANTA İttifaqından dəstək alan Balkan İttifaqı səkkiz ayda Osmanlı dövlətini Balkanlardan demək olar tamamilə sıxışdırıb çıxarır və onu 1913-cü il mayın 30-da Londonda alçaldıcı sülh müqaviləsi bağlamağa məcbur edir. Bu müqaviləyə görə Osmanlı dövləti İstanbul və Şərqi Frakiyanın kiçik bir hissəsindən başqa Avropadakı bütün torpaqlarını itirir.

Lakin yeni yaranmış Balkan dövlətləri nəinki ölkədə əhalinin əmin amanlığını təmin edə bilmir, hətta öz aralarında savaş həddinə gələn sərhəd münaqişələrinə başlayırlar. 1913-cü il iyulun 1-də Yunanıstanla Serbiya Bolqarıstana qarşı gizli müqavilə imzalayır. İyulun 30-da isə Bolqarıstan Makedoniyada Serblərə və Yunanlara qarşı hərbi əməliyyata başlayır. Onlara yardım edən, silahlandıran və hər cür dəstək verən ANTANTA İttifaqı da onların bu qarşıdurmasını dayandıra bilmir. Savaşda Bolqarıstan biabırcasına uduzaraq geri çəkilməli olur. Bolqarlar yalnız müsəlmanlara, türklərə deyil, bölgənin yerli sakini olan yunanlara qarşı da sərt davranır. Bu da Yunanıstanı narahat etməyə bilməzdi.

Yunan-bolqar qarşıdurmasından istifadə edən Osmanlı dövlətinin 3 min nəfərlik əskəri birliyi Bolqarları geri oturdaraq Ədirnəni, Qərbi Trakyanın bir hissəsini, yəni Merç çayınadək olan hissəsini, eləcə də Həbibçə, Harmanlı və Hasköyü geri alır. Lakin Rusiya, Fransa və İngiltərənin təzyiqilə Osmanlı əsgəri birlikləri Həbibçə, Harmanlı və Hasköydən geri çəkilməli olur. Beləcə Meriçin o tayında yaşayan əhalinin yüzdə səksəni türkər olmasına baxmayaraq ANTANTA İttifaqı Osmanlıya onları müdafiə etməyə imkan vermir.

Savaşda uduzan bolqar silahlıları bölgədə yaşayan müsəlman və türkləri qırmaq və mal-mülklərini əllərindən almaqla sanki qisas almaq istəyir. Belə ağır və gərgin günlərdə Osmanlı dövləti soydaşlarına açıq yardım edə bilməyəcəklərini görüb gizli yardıma əl atır.

 Daha çox Ənvər paşa kimi tanınan, həmin vaxt yarbay hərbi rutbəsində olan Ənvər Osmanlı hökumətinin rəsmi icazəsi olmadan özünün rəhbərlik etdiyi 3 min nəfərlik əskəri birlikdən 100 əskər və 16 zabit ayırır. Onlara Meriçin o tayındakı müsəlman əhalisini qorumaq əmrini verir.

Əşrəf Kuşçubaşının rəhbərlik etdiyi bu əskəri birlik Meriç çayının o biri sahilinə Ortaköydən Papazköy tərəfə keçərkən 400-dən çox türkün cəsədilə qarşılaşırlar. Dinc əhalini Domuzçiyevin rəhbərlik etdiyi 1200 nəfərlik bolqar silahlı dəstəsinin öldürdüyünü öyrənib qatilləri cəzalandırmaq üçün hərəkata keçirlər. 1913-cü il avqustun 16-da Koşukavakda Domuzçiyevin dəstəsi ilə qarşılaşırlar. Qısa döyüşdən sonra dəstənin komandirlərini həbs edərək cəzalandırlar.

Ruslyanın, Fransa və İngiltərənin təzyiqi altında Osmanlı hökumətinin Əşrəf Kuşçubaşının dəstəsinə geri dönmək əmri verir.  Ənvər Paşa isə hökümətin əmiri ilə hesablaşmayaraq Süleyman Əsgər bəyin rəhbərliyində kiçik bir əsgəri birliyi də müsəlmanların köməyinə göndərir. Onlar qısa müddətdə yerli əhalidən də özünü müdafiə dəstələri yaradaraq Qərbi Trakyanı 1913-cü il avqustun 31-də Bolqar silahlı dəstələrindən azad edirlər. Elə həmin gün Qərbi Trakya Hökuməti Muvaffaqiyəsi adlı respublika qurulduğu elan edilir.

8572 kv km-lik ərazidə qurulan, paytaxtı Gümülce olan yeni hökumətin cümhur rəis Hafız Salih  Əfəndi seçilir. Qısa müddətdə dövlət atributlarını- bayrağını, gerbini, himnini hazırlayan, pulunu buraxan, ordusunu yaradan ilk türk respublikasının yaranması Rusiya, İngiltərə, Fransa, İtalya ilə yanaşı, Osmanlının müttədiqi olan Avstrya-Macarıstanı da narahat edir.

Təzyiq altında Osmanlı dövləti Qərbi Trakya Hökuməti Müstəqiləsinin fəaliyyətini dayandırmağa çalışır. Yerli əhalinin dirənişinə baxmayaraq Osmanlı hökumətinin göndərdiyi miralay Camal bəy bölgənin dinc yolla 1913-cü il oktyabrın 30-da Bolqar generalı Lazorovun komandanlığına təhvil verməli olur. Beləcə üç ay ömür sürmüş ilk Türk Respublikası – Trakya Hökuməti Müstəqiləsi çökmüş olur.

Bolqarların rəhbərliyi altında keçirlilən seçkilərdə Hafız Salih  Əfəndi bölgədən Bolqarıstan parlamentinə millət vəkili seçilir. Sonrakı seçkidə o, Bolqarıstan hökumətinin yeritdiyi siyasətə qarşı cıxdığına görə həbs edilərək əqidə yoldaşları Hacı Qalib  Əfəndi və Peştereli (Beşdərəli) Tevfik bəylə birlikdə qolları qandallı halda piyada Gümülcədən orta Bolqarıstana qədər aparılır. 1919-cu ilə qədər sürgün həyatı yaşayan, zülm və işgəncələrə məruz qalan Hafız Salih  Əfəndi 1920-ci ildə Qərbi Trakya Yunanıstana verildikdə vətənə dönür.

Vətənində qəhrəman kimi qarşılanan Hafız Salih Əfəndini xalq yaşadığı bölgədən Yunanıstan Məclisinə millət vəkili seçir. 1929-cu ildə Yunanıstanda qurulan senatda Qərbi Trakya Türklərini altı illiyə Hafız Salih  Əfəndi təmsil edir.

 Mədrəsədə müdərris, cümhur rəisi, millət vəkili, senator və camaat rəhbəri olan Hafız Mehmet oğlu Salih  Əfəndi 18 fevral 1934-cü ildə senator ikən vəfat etmiş və Gümülcə şəhrinin Postupoş (Poş Poş) qəbristanlığında dəfn edilmişdir.

Millət qarşısında böyük xidmətləri olan bu insan nə yazıq ki, lazımınca təbliğ edilib və tanıdılmayıb.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol