Ziya Kamali

ZİYA KAMAL

TÜRK DÜNYASININ MƏŞHURLARI 155/2012

Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə tatar-başqırd xalqının oğlu, görkəmli din xadimi, maarifçi, pedaqoq Ziya Kamalinin ömür yolundan və yaradıcılığından söz açacağıq.

Əslində onun adı, atasının adı və soyadı Pərvaz əd-din Camal əd-din Kamal əd-dinov şəklindədir. Ov, yev, of şəkilçisi Rusiya əsarətinə düşmüş müsəlman xalqları arasında olduqca yayğındır. Qəribədir ki, gürcülər, ermənilər, latışlar, estonlar və b. xalqlar da Rusiya əsarətinə düşsələr də əksəriyyəti özlərinəməxsus soyadlarını qoruyub saxlaya bildilər. Müsəlman xalqları isə əksinə, əhalisinin əksəriyyəti rus soyadını qəbul etdi, çox az bir qismi isə ya polşalıların ski sonluqlu soyadını, yaxut da şərq mənşələi soyadlarından istifadə etdilər.

Pərvaz əd-din Camal əd-din oğlu 1873-cü ilin dekabrın 8-də Rusiyanın işğal etiyi bölgədə yaratdığı Ufa quberniyasının Qara Yakup qəzasının, indiki Çişmin rayonunun Klyaş kəndində yoxsul bir ailədə dünyaya gəlmiş, ilk təhsilini də mollaxanada almışdır. Uzun illər Sovet təbliğatının məktəb belə saymadığı mollaxanalrı, mədrəsələri bitirənlər arasından minlərlə istedadlı şair, yazıçı, dövlət xadimi, iş adamı yetişmişdi. Ziya Kamali də belə istedadlılardan biri olduğuna görə soydaşları onun təhsilini davam etdirməsi qayğısına qalmış, beləliklə cəmiyyət və millət üçün dəyərli bir insan hazırlamışlar.

Kəndlərindəki mollaxananı bitirdikdən sonra Ufadakı “Qosmaniyə” mədrəsəsinidə oxumuşdur. Mədrəsənin tələbəsi olmaqla yanaşı həm də aşağı siniflərdə dərs demişdir. Az zamanda ağlı, yüksək mədəbiyyəti, oxumaq həvəsilə bölgə ziyalılarının diqqətinin özünə çəkə bilmişdir. Odur ki, dini icma 1898-ci ildə Pərvaz əd-din Camal əd-din oğlunu Osmanlı dövlətinin paytaxtı İstanbulda ali təhsil almağa göndərmişdir.

Onun yol və təhsil xərclərinin qarşılanmasında isə Ufa müftisi  Muhammədyar Sultanov, tacir Sədrəddin Nəzirov, Kırım müsəlmanlarının icması xüsusi fəallıq göstərmişlər. Dini və elmi biliklərə yiyələnmiş, pedaqoji təcrübə toplamış Pərvaz əd-din Camal əd-din oğlu 1898-1900-cü illərdə İstanbulda oxuduqdan sonra Qahirəyə gedir. Oradakı məşhur Əl-Əxzar Universitetinin  fəlsəfə fakültəsinə qəbul olunur. 1900-1903-cü illərdə Qahirədə təhsil aldıqdan sonra Mədinəyə gedir. Bir il də burada ərəb ədəbiyyatı və hədis elmini öyrənir.

Pərvaz əd-dinin Əl-Əxzar Universitetinində məşhur islahatçı alim Mühəmməd Əbdül ilə tanışlığı onun həyat yolunu müəyyənləşdirir. Sevimli müəllimi Mühəmməd Əbdülün məsləhətilə adını Ziya əd-din yazır. Ondan sonra məqalələrini, kitablarını Ziya əd-din Kamali, yaxut da qısaca Ziya Kamali imzasıyla yazır.

Ziya Kamali də müəllimi kimi yenilikçi din xadimləri, vətənsevər ziyalılar yetişdirməək üçün vətənə dönür. Yolüstü bir ara Bakıda yaşayır, “Həyat” qəzeti üçün məqalə yazır. Məqaləsnim məzmunu xeyriyyəci Hacı Zeyalabdin Tağıyevin diqqətini cəkir. Tağıyev onu yanına dəvət edir. Ziya Kamalin davranışı, söhbəti, gələcək planları Azərbaycanlı xeyriyyəcinin xoşuna gəlir. O, gənc filosofa dövrü üçün xeyli böyük məbləğ olan 50 manat verir.

1905-cü ildə Ufaya gələn Ziya Kamali bir zamanlar təhsil aldığı “Qosmaniyə” mədrəsəsində Quranı Kərimin tədrisindən, islam fəlsəfəsindən dərs deməklə yanaşı “Müsəlman dünyası” jurnalına məqalələr yazır.

Rusiyanın Yaponlarıa savaşında uduzması, ölkəni bürümüş hərc-mərclik, tətillər, mitinqlər, dərnək və partiyaların surətlə artması öz təsirini göstərir. 300 illik Romanovlar sülaləsinin çoküşü başlayır. Hakimiyyəti qorumaq və yaşatmaq üçün 1905-ci ilin oktyabrın 17-də çar II Nikolay manifest imzalamalı olur. Tarixə “17 Oktyabr manfesyi” adı ilə daxil olan bu sənədə əsasən hakimiyyətin yeni forması-konstitusyalı monarxiyaya doğru addım atılır. Dövlət Duması yaradılır, qəzet jurnallar üzərindəki nəzarət yumşaldılır, məscidlərin, kilsələrin və b. bini mərkəzlərin tikintisinə, dini icmaların yaradılmasına, mitinq və toplantılara icazə verilir.

Bundan yararlanan tatar-başqırdlar Ufa şəhərində 1906-ci ilin oktyabrın 7-də yüksək ali təhsil ocağı olan ilk mədrəsəni açmağa təşəbbüs göstərirlər. “Qaliyə” adlandırılan mədrəsədə təhsil üç pilləli olur və burada oxyanlarda təhsil xərci alınmaması nəzərdə tutulur.

Xeyriyyəçilərdən  Sufiyə xanım Canturina min manat, Sədrəddin Əfəndi Nəzirov 300 manat, Bədri əfəndi Nəzirov, Əbdülləşir əfəndi Hakimov, Hasan əfəndi Kərimov hər biri 100 manat, başqaları da bacardıqları qədər yardım edirlər. Beləliklə 1930 manat toplanaraq mədrəsənin fonduna keçirilir. Mədrəsənin binası olmadığından dərslər məsciddə keçirilir.

Ziya Kamalinin rəhbərlik etdiyi “Qaliyə”mədrəsəsində Lütfülla Bayçurun, Xatmulla Fazılov, Zarif hazret Alkayev kimi  dövrün məşhur ziyalıları dərs deməyə başlayır. Birinci il mədrəsəyə imtahanla 60-70 şagir qəbul edilməsi planlaşdırılır.

Mədrəsənin tədris proqramına  ərəb dilinin qramatikası, bəlağət,  qısa islam tarixi, islam hüququ, riyaziyyat, coğrafiya,və b. fənlər daxil edilməklə yanaşı, bir sıra fənnlərdən də xüsusi kurslar təşkil edilir.  

“Qaliyə” mədrəsəsində dərslər 1906-cı ilin noyabrın 15-də başlayır. Ziya Kamalinin yüksək təşkilatçılığı sayəsində mədrəsənin nüfuzu artır. Tədris ocağı üçün yeni bina tikmək planlaşdırılır. Sufiyə xanım Canturina on min manat, Sədrəddin Əfəndi Nəzirov on min manat, Kutlu Muhamməd əfəndi Alkin iki min manat, Mehpərvaz xanım Şeyxəliyeva üç min manat və b.  yardım edirlər. Toplanan pul 25700 manat olur. Bundan əlavə kərpic, tikinti materialları, tələbə və müəllimlərin geyməsi üçün parça, yataqxanaları üçün yorğan, döşək, qab-qaçaq da verənlər olur. Beləcə mədrəsənin işləri gündən günə yaxşılaşır.

Ziya Kamali mədrəsənin təşkilati işləri ilə məşğul olmaqla, fəlsəfədən dərs deməklə yanaşı dərsliklər yazır, Qurani Kərimi tatar dilinə çevirir, cümə günləri məsciddə xütbələr oxuyur. Demokratik görüşləri ilə seçilən, təcrübəli pedaqoq olan Ziya Kamali tələbələri həvəsləndirərək mədrəsədə əlyazma hüququnda tatar, qazaq,  özbək və b. dillərdə jurnallar nəşrinə nail olur.

1906-cı ildən Ufada nəşrə başlayan “Müsəlman dünyası” qəzetinin redkolleksiyasının üzvü olan Ziya Kamali çox vaxt qəzetin redaktə işlərini də öz üzərinə götürür.

1908-ci ildə onu Ufa şəhərindəki ikinci cümə məscidəinə imam secilən Ziya Kamalinin 1909-cu ildə Ufadakı “Şərq” mətbəəsində “İslam fəlsəfəsi” əsərinin dördüncü hissəsi kitab kimi çap olunur. Bu kitab istər Rusiyada, istərsə də xarici ölkələrdə yaşayan islamşünas alimlər və ziyalılar arasında bıyük əks-səda doğurur.

   Ziya Kamalinin “İslam fəlsəfəsi” əsərinin 1-3-cü bölmələri də Ufada 1910, 1913-cü illərdə işiq üzü görür. Cəmiyyətdəki mövqeyi möhkəmləndikcə, hökümət məmurlarının ona təziq etmə imkânları azaldıqca o, daha cəsarətli adımlar atır. Belə ki, 1915-ci ildə qızlar üçün “Anasiya” adlı pedaqoji yönlü ali təhsil ocağı açmağa nail olur.

İstər “Qaliyə”, istərsə “Anasiya” mədrəsələrini bitirən tatar, baqırd, özbək, qazax, qırğız, uyğur gənclərin çox az qismi məscidlərdə işləyir, əksəriyyəti elmi, ədəbi, ictimai-siyasi fəaliyyətlə məşğul olur və dövrünün məşhur insanlarına çevrilir.

1917-ci ildə Rusiyanı bürüyən qarışıqlıq, əsarət altında olan xalqların azadlıq mübarizəsinə qalxması, Ziya Kamalini də siyasi fəaliyyətə başlamasına səbəb olur.  1917-ci ilin matında Ufada cağrılan Müsəlman Dini Şurasına üzv seçilir. 1917-ci ilin mayında Moskvada kecirilən Ümumrusya Müsəlmanlarının Birinci Qurultayında fəal iştirak edir. 1917-ci ilin noyabrından 1918-ci ilin yanvarına kimi Ufada fəaliyyət göstərən Daxili Rusiya və Sibir Müsəlmanlarının Milli Şurasında dövlət quruculuğu işlərilə məşğul olur. Lakin admiral Kolcakın silah gücünə qurduğu diktatura onlara arzularını həyata keçirməyə imkan vermir.

Vətəndaş müharibəsinin ağır illərində Ziya Kamali mədrəsəni yaşadsa da bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra “Qaliyə” mədrəsəsini bağladaraq yerində Fatima Dövlətgəldiyevin rəhbərliyi ilə ikinci dərəcəli oğlan məktəbi açır.

Ziya Kamali Ufadakı üçüncü cümə məscidində imamlıq etməyə başlayır. Lakin onun məsciddəki imanlığı heç də asan olmur. Sovetlərin dinə qarşı təziqləri artır. Məscidlərin bağlanması, ərəb əlifbası ilə yazının qadağan edilməsi böyük din alimi və filosofu sarsıdır.  1923-cü ildə Daxili Rusiya və Sibir Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin şəriət hakimi-qazısı secilməsinə, idarənin 1924-1928-ci illərdə nəşr etdiyi “İslam məclisi” məcmuəsinin redaktoru olmasına baxmayaraq onu 1929-cu ildə məscid imamlığından çıxararaq istintaqa cəlb edirlər. Uzun müddətli həbs cəzasına məhkum etməsələr də nörmal işləməsinə, yaradıcılıqla məşğul olmasına mane olurlar.

1936-cı ilin aperlində müfti Riza Faxrettinov rəhmətə gedəndə onun yerinə real namizəd Ziya Kamali olur. Lakin Sovet xüsusi xidmət orqanları belə dərin savadlı din aliminin həmin vəzifəni tutmasını özləri üçün təhlükəli hesab etdiklərindən həbsinə qərar verirlər. 1936-ci ildə uzun istintaqdan sonra fəaliyyətində qanun pozuntusu tapmasalar da yeddi il həbs cəzası kəsir və Samara şəhərindəki bsxanaya göndərirlər.

Lakin onu həbsxanada da dinc buraxmırlar. Çünki verdiləri cəza ilə qane olmurdular. 1938-1939-cu ilərdə yenidən məhkəməyə cəlb edərək hər dəfə də cəzasını artırırlar. Böyük filosof və İslam alimi həbsxanada da dünyasını dəyişir.

 1956-ci ildən sonra ona da formal bəraət verilir. Lakin əsərlərinin nəşri və haqqında yazılması qadağan edilir. Sovetlər Birliyi dağıldıqdan sonra Ziya Kamali haqqında həqiqətlər ortaya çıxır.

  Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol