MƏCİD QAFURİ
Türk Dünyasının Məşhurları 46
20. yüzil başqırd şeirinin və nəsrinin formalaşmasında müstəsna rolu olmuş Məcid Qafuri.../Әli Şamil
Göndərmə 06.01.2011 10:09:37 UTC
Güncəlləmə 06.01.2011 10:09:37 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsdetail.aspx?haberkodu=214146b3-97b6-4bd1-8b62-9a3895a2897b
Başqırdlar Məcid Qafuridən və onun kimi sənətkarlardan söz açanda adlarının önündə sesen sözünü işlədirlər. Sesen sözü bizlərdəki ozan anlamında işlədilir.
Əbdülməcid Nurqəni oğlu Qafuri 1880-ci ilin avqust ayının 1-də indiki Başqırdıstan Respublikasının Yelem-Karan kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Çar Rusiyası zamanında Yelem-Karan Sterlitamak qəzasının kəndlərindən biri idi. Bu qəza zamanında başqırd xalqı üçün istedadlı və vətənsevər övladlar böyütmüşdü.
Əbdülməcid ilk təhsilini kənddə atası Nurqənin açdığı məktəbdə almışdır. Bu məktəblərə bizlərdə çox vaxt mollaxana deyirlər. Çünki burada, əsasən, ərəb əlifbası, Qurani Kərim və dini-didaktik mətnlər öyrədilirdi. Təhsil sistemi elə qurulmuşdu ki, yaxşı oxuyan, proqramı vaxtında mənimsəyənlər məktəbə yeni gələn uşaqların dərslərini öyrənməsinə nəzarət edir, onlara yardımçı olurdular. Beləcə həm özləri öncələr öyrəndiklərini təkrarlamış olur, həm də pedaqoji təcrübə qazanırdılar. Əbdülməcid də məktəbin fərqlənən şagirdlərindən biri kimi, özündən sonra təhsilə başlayanlara dərslərini öyrənməkdə yardımçı olur.
Atası oğlunun məktəb proqramında öyrədilənlərlə yanaşı, dastan və nağılları, atalar sözlərini, xalq şeirlərini, mahnıların sözlərini yaddaşına həkk etdiyini gördükdə onunla qürur duyur. Oğlu¬¬¬¬nu Üteş kəndindəki məktəbə oxumağa göndərir. Ancaq tale 13 yaşlı Əbdülməcidə gülmür. Atası, az sonra isə anası ölsə də, o, təhsilini davam etdirir. 1898-ci ildə piyada 450 kilometr yol gələrək Orenburq vilayətinin Troitsk şəhərindəki Zeynulla İşanın mədrəsəsinə daxil olur. O dövrdə bu mədrəsə bölgənin ən yaxşı təhsil ocağı sayılırdı.
Əbdülməcid mədrəsədə oxuduğu illərdə qızıl mədənlərində də işləməklə yanaşı, Troitskdəki varlı tatar və başqırdların, eləcə də yay tətilləri günlərində köçəri qazaxların uşaqlarına dərs deməklə dolanışığını təmin etmişdir. Troitskdə türk, ərəb, fars və rus dillərini dərindən öyrənən gənc Əbdülməcid Şərq ədəbiyyatı, tarix, coğrafiya sahəsindəki biliklərini artırdı. “İşanın şagirdlərinə” adlı ilk şeirini də 1902-ci ildə burada yazdı.
Kasıblığın doğurduğu ağrı-acılar Əbdülməcid yaradıcılığına və ömür yolunu müəyyənləşdirməyə güclü təsir edir. Sosyal ədalət, bərabərlik süarı ilə meydana atılan kommunistlərə qoşulur. Həyatını varlılara, imkanlı adamlara qarşı müba¬rizəyə həsr edir. Hətta sevimli müəllimlərini belə başqalarının əməyini mənimsə¬məkdə, ədalətsizlikdə, kasıblara, imkansızlara yardım etməməkdə ittiham edir.
“İşanın şagirdlərinə” adlı ilk şeirində oxuduğu mədrəsəni tənqid etdiyinə görə qaldığı hücrəni tərk edib şəhərdə ev kirələməli olur.
1902-ci ildə “Dilənçiliklə keçən ömür’ adlı ilk hekayəsini yazan Əbdülməcid 1904-cü ildə Kazana gələrək buradakı “Məhəmmədiyyə” mədrəsəsində oxuyur. Kazanda oxuduğu illərdə tatar alimi və maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Ümidbayevlə, daha sonralar Abdulla Tukayla tanış olur.
1906-cı ildə Ufaya gələn Əbdülməcid buradakı “Qaliyyə” mədrəsəsində təhsilini davam etdirir. “Sibir dəmir yolu və ya millətin vəziyyəti”, “Dilənçiliklə keçən ömür” adlı kitablarını çap etdirir.
Mədrəsədə aldığı təhsilin təsirilə didaktik, öyüdverici şeirlər yazan Əbdülməcid 1905-1907-ci illərdə Rusiyada yaranmış qarışıqlıqdan ruhlanaraq məmurları, hökümətin yeritdiyi siyasəti kəskin tənqid edən əsərlərini yazır. Şair “Zamanı gəldi”, “İki quş”, “Müstəqilliyin əhəmiyyəti”, “Dəyişim”, “1906-ciı ilin 1907-ci ilə vəsiyyəti”, “1907-ci ilin cavabı” kimi şeirlərində, ‘Qıtlıq ili və ya satılan qız” hekayəsində qiyamçı fikirləri az qala şüar kimi səsləndirir.
Hökumət mövqelərini möhkəmlətdikdən sonra onu devirmək istəyən, inqilabi və qiyamçılıq əhval-ruhiyyəsi təbliğ edənləri cəzalandırmağa başlayır. Beləcə, Əbdülməcid də məhkəməyə cəlb edilir və onun “Gənc ömrüm”, “Millətə sevgim” şeir kitabları, “Yetim uşaqlar” hekayə kitabı müsadirə edilir.
Məcid Qafuri vəziyyətin ciddiləşdiyini, onu həbs edəcəklərini gördükdə tatar şairi Mirayaz Uqmasi ilə birlikdə polis nəzarətindən yayınaraq Qazax çöllərinə gedərək köçəri heyvandarlar arasında gizlənirlər.
Məcid Qafuri ara sakitləşdikdən sonra Qazax çöllərindən yenidən Ufaya qayıdır. Təhsilini davam etdirir. 1909-cu ildə “Qaliyyə” mədrəsəsini bitirir. Məcid Qafuri bu zaman artıq xeyli məşhurlaşmışdı. Onun şeir və hekayələri oxucular arasında böyük rəğbət qazanmışdı. Bunun bir səbəbi əsərlərindəki üsyankar ruh idisə, ikinci bir səbəbi də sadə başqırd kəndlilərinin anlaya biləcəyi bir dildə yazması idi.
Məcid Qafuri cəmiyyətdəki nöqsanları satirik bir dillə tənqid etmək əvəzinə bəzən həcvə keçir, ayrı-ayrı şəxsləri təhqir etməkdən belə çəkinmirdi. Bu şəxslərin bir çoxu da xalq arasında nüfuzu olan, xeyriyyəçilikləri ilə tanınan başqırd, tatar iş adamları, var-dövlət sahibləri idi.
1912-ci ildən Məcid Qafuri “Şərq” mətbəəsində düzəltmən, yəni korrektor işləməyə başlayır və 1919-cu ilədək burada işləyır. Polis təqibi, təzyiqlər isə ara vermir. O, millətini azad və xoşbəxt görmək istəyirdi. Lakin xalqını Rusiya əsarətindən qurtarıb azad və xoşbəxt görmək istəyən soydaşlarına qarşı da sərt mövqe tuturdu. Çünki istəyirdi hamı onun kimi üsyan, əsaslı dəyişikliklər, inqilab yolunu tutsun. İslahat və marifçiliklə xalqını azad və xoşbəxt görmək istəyənlərə az qala düşmən, xəyanətkar kimi baxırdı. Hətta Əhməd Zəki Vəlidi Togan kimi ömrünü millətinin azadlığına həsr etmiş birisinin əleyhinə çox sərt çıxışlar edir, şeirlər yazırdı. Məcid Qafuri Birinci Dünya Savaşı illərində yazdığı bir çox şeirlər ilə imperializm, müstəmləkəçilik əleyhinə yazılmış mübariz əsəslərdəndir. Mə¬¬¬¬¬cid Qafu¬¬¬ri siyasətdən uzaq, icimai-siyasi vəziyyəti vaxtında və düzgün qiymətlən¬¬¬dirə bilməyən çılğın bir şair idi. Bu səbələ o, inandığı əqidə uğrunda son nəfəsinə qədər mübarizəsini davam etdirmişdir.
Məcid Qafuri 1917-ci ilin oktyabrında baş verən silahlı çevrilişi böyük ruh yüksəkliyi ilə qarşılayır. Leninə, Stalinə, sosializm quruculuğuna həsr etdiyi şeirləri ilə Sovetlərin coşğun tərənnümçüsü olduğunu bir daha isbatladı. “Qəlbimə”, “Müstəqillik günləri”, “Çevriliş”, “Müstəqillik şərəfinə”, “Burax kuşkuları və qorxuları!” kimi şeirləri Sovet rəhbərlərinin diqqətini cəlb edir. Onlar 1923-cü ildə Məcid Qafurinin ədəbiyata gəlişinin 20-ci ildönümü münasibətilə təntənəli yubiley tədbirləri keçirir və ona Başqır¬dıstanın Xalq Şairi adı verirlər.
Təntənəli yübiley tədbirlərini, fəxri adları maddi təminatla möhkəmləndirirlər. Yüksək maaş təyin etməklə yanaşı, ona inək də bağışlayırlar. Həmişə maddi çətinliklər içərisində yaşamış şair bu mükafatlardan ilhamlanaraq “Yolumuz”, “Ver əlini”, “And”, “Dalğalansın qızıl bayraq”, “Hesablaşma günü”, “İgid tatara” şeirlərini, 1924-cü ildə Leninin ölümünə “Matəmin əks-sədası” və “O ölmədi” şeirlərini yazır.
1924-29-cu illərdə Tatarca nəşr olunan “Yeni kənd” qəzetində işləyən Məcid Qafuri başqırd ədəbiyyatında təmsil janrının əsasını qoymaqla yanaşı, 1926-ci ildə “Qızıl ulduz’ dramını yazır. Onun 1927-28-ci ildə yazdığı “İşçi” poeması əsasında yaradılan opera, Kazanda Tatar Akademik Teatrında uğurla səhnəyə qoyulmuşdur. Məcid Qafuri bir çox başqırd xalq qəhramanlıq dastanlarını, mifoloji mətnləri, nağılları, xalq şeirini toplayaraq onları ədəbi yöndən cilalamışdır.
1934-cü il oktyabrın 28-də dünyasını dəyişən Məcid Qafuri Ufa şəhərin mərkəzindəki A.Motrosov adına parkda dəfn edilmişlər. 1948-ci ildə ömrünün son 11 ilində yaşadığı mənzili Qafuri ev-muzeyinə çevrilmiş, 5 metr yüksəkliyində heykəli ucaldılmışdır. Başqırdıstandakı bir çox elm və mədəniyyət mərkəzinə, o cümlədən, Rusiya Elmlər Akademiyası Ufa filialının Dil, Ədəbiyyat və Tarix İnstitutuna, doğulub böyüdüyü rayona, bəzi məktəblərə, Ufada və başqa şəhərlərdəki prospekt və küçələrə Qafurinin adı verilmişdir.
Məcid Qafuri ideoloji yönə üstünlük verən bir ədib olsa da, o, Başqırd ədəbi dilinin zənginləşməsində, başqırd ədəbiyyatının inkişafında xidmətlərinə görə daima xatırlanacaqdır.
Mətni yazdı Əli Şamil
o
|