Rəşid xan Qaplanov

Rəşid xan Qaplanov

Türk Dünyasının Məşhurları-13

Qumuqların görkəmli siyasi xadimi, dövlət adamı və Azərbaycan Xalq Cümhuriyyətinin naziri Rəşid xan Qaplanovun ömür yolu və yaradıcılığı Əli Şamil

Göndərmə 7/29/2012 7:36:34 AM UTC

Güncəlləmə 7/29/2012 7:36:34 AM UTC

www.trtazerbaycan.com

http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=08991878-5a53-4101-b109-9dd86631b68d

Rəşid xan Zabit xan oğlu Qaplanov 1885-ci ildə qumuqların o zamankı mədəni mərkəzlərindən olan Yaxsayda anadan olub. İndi bu kənd Rusiya Federasiyasına bağlı Dağıstan Respublikasının Xasavyurd rayonundadır.

Rəşid xanın babaları bölgənin ən nüfuzlu və varlı alilələrindən olub. Rusiya işğal etdiyi bölgələrdə yerli hakimlərin övladlarını çar sarayına aparıb orada təlim tərbiyəsi ilə məşğul olurdu. Bununla həm özünün siyasətini həyata keçirəcək kadrlar hazırlayır, həm də övladları girov olduğuna görə ata-babalarının baş qaldırmasını əngəllədiyini düşünürdü. Rəşidin atası Zabit, əmisi Əbu Müslim də belə bir həyat sürmüşdü. Atası Zabit çarın, əmisi Əbu Müslim isə Qafqaz canişininin mühafizə alayında xidmət edərək polkovnik rütbəsinədək yüksəlmişdilər. Diqqəti çəkən cəhətlərdən biri də odur ki, görkəmli qumuq alimi, Peterburq Universitetinin müəllimi Mahammad əfəndi Osmanov və atası da çarın mühafizə alayında xidmət etmişdilər.

Rəşid xan Yaxsaydakı mədrəsədə və evdə xüsusi müəllimlərdən dərs alaraq ana dili ilə yanaşı rus, fars, ərəb, fransız dillərini öyrənmişdir. Yaxsay mədrəsəsi o dövrün ən yaxşı təhsil müəssisəsi sayılırdı. Bu mədrəsəni bitirənlər arasında çoxlu alim, ictimai-siyasi xadim, dövlət adamı, şair, yazıçı var. Seyid Əzim Şirvani də bu mədrəsəni bitirənlərdəndir.

Rəşid xan Qaplanov sonra təhsilini o dövrdə Qüzey Qafqazın mədəni mərkəzi sayılan Viladiqafqazdakı gimnaziyada davam etdirmişdir.

Viladiqafqazda gimnaziyanı bitirdikdə atası Rəşid xanı Rusiyanın Peterburq, Moskva kimi şəhərlərindəki ali məktəblərə deyil, Parisdəki Sorbon Universitetinə, kiçik oğlu İbrahim xanı da (1887-1948) Rusiyada hərbi məktəbdə oxumağa göndərir.

Görünür Zabit Qaplanova və Rəşid xana Əbu Müslümün oğlu Əhməd Səidin təsiri olmuşdur. Kadet korpusunu bitirdikdən sonra Rusiyada böyük perspektivləri olsa da, 1888-ci ildə Osmanlı təbəəliyini qəbul etmiş Əhməd Səidin Sədrəzəm Qazi Əhməd Muxtar Paşanın yavəri olmuş, Qazi Əhməd Muxtar Paşa Misirə vali göndəriləndə onunla birlikdə gedərək 1899-1902-ci illlərdə Qahirədə “Sancaq” (“Bayraq”) qəzetini nəşr etmişdi.

İbrahim xan da polkovnik rütbəsinə qədər yüksəlmiş, Qüzey Qafqaz xalqlarının azadlıq mübarizəsində fəal iştirak etmiş, 1918-ci ildə yaradılan cümhuriyyətin ordusunda Qumuq süvari alayının komandiri olmuşdu. Bolşeviklər bölgəni işğal etdikdə onlara qarşı vuruşan İbrahim xan sonra mühacirətə getmək məcburiyyətində qalmış, Amerikada həyatını başa vurmuşdu.

Rəşid xan Sorbon Universitetində təhsil alan həmyerlisi, sosialist dünyagörüşlü Cəlaləddin Qorxmazovla (1877-1937) da burada dostlaşmışdı.

Rəşid xan hüquq fakültəsində oxumaqla yanaşı, ədəbi-mədəni mühitdə də fəal iştirak edir. Parisdəki gənc türklərlə tez-tez görüşən, vətəninin, eləcə də Osmanlı dövlətinin geridə qalma səbəblərini monarxiya idarəetmə sistemində görən Rəşid xan Fransız sosialistlərinin təsiri ilə monarxiyanın ləğvi, cümhuriyyət sisteminə kecid, anayasaların dəyişdirilməsinə daha çox həvəs göstərir. O, xan, iri torpaq sahibləri nəslindən olamasına baxmayaraq, cəmiyyətdə sosial ədalətə üstünlük verən insanlarla daha çox qaynayıb qarışır.

1910-cu ildə Universiteti bitirən Rəşid xan doğulduğu Yaxsaya, təhsil aldığı Vladiqafqaza, yaxud da Rusiyanın böyük şəhərlərinə deyil İstanbula gəlir. Onun bu gəlişi heç də təsadüfi deyildi. Parisdə olarkən tez-tez görüşdüyü və fikir mübadiləsi etdiyi “Gənc türklər” təşkilatının üzvlərinin əksəriyyəti Osmanlı dövlətində rəhbər vəzifələrdə idilər. Parisdən tanıdığı və dostluq etdiyi, qumuq Cəlaləddin Qorxmazov da iki ilə yaxın idi İstanbulda yaşayırdı. O, 1909-cu ildə İstanbulda ilk rusdilli türk mətbuatı – “Stambulskie novosti” qəzetinin əsasını qoymuşdu.

Rəşid xanın əmisi oğlu Əhməd Səid də Misirdən geri dönərək İstanbulda yenidən mətbuat sahəsində çalışmaqla yanaşı, həm də universitetin professoru kimi fəaliyyət göstərirdi. Elə buna görə də İstanbula gələn kimi onu universitetdə işə götürürlər. Lakin üç il sonra atasının təkidi ilə vətənə dönməli olur. Bir il sonra isə atası dünyasını dəyişir. Rəşid xan 1917-ci ilin fevralınadək Vladiqafqazda andlı müvəkkil kimi məhkəmə sistemində çalışır, Qüzey Qafqazın ictimai-siyasi həyatında yaxından iştirak edir.

Milliyətcə balkar olan Basiyat Şaxanovun rəhbərliyi ilə 1917-ci il martın 5-6-da Vladiqafqazda Birləşmiş Dağlıların Müvəqqəti Mərkəzi Komitəsi yaradılır. 14-21 mayda keçirdiyi toplantıda isə təşkilat Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı, sentyabrda keçirilən növbəti qurultayda Abxaziyanın da İttifaqa qatıldığından Şimali Qafqaz, Dağıstan və Abxaziya İttifaqı adlandırılır. Qurultayda qumuqların, qaranoqayların və Stavropol quberniyası türkmənlərinin nümayəndəsi kimi iştirak edən Rəşid xan Qaplanov dil və din fərqlərini də aradan qaldırmağa çalışaraq “dağlı” ideologiyasını irəli sürür. Anayasası, siyasi platforması və proqramı kimi mühüm sənədlərin hazırlanmasında da onun rəhbərlik etdiyi qrupun rolu böyük olur.

1917-ci il dekabrın 14-dən 1918-ci il martın 8-nə qədər Terek-Dağıstan hökumətinin sədri və eyni zamanda xarici əlaqələrin rəhbəri olan Rəşid xan Qaplanov 1918-ci il mayın 11-də Terek-Dağıstan hökuməti, Çeçenistan və Dağıstanın Dağlı hökuməti, Şimali Qafqaz Əmirliyi (Çeçenistan) və Şimali Qafqaz imamlığı birləşərək Şimali Qafqaz Dağlıları Cümhuriyyəti yarandıqda bu hökümətdə parlament üzvü, 1918-ci il dekabrın 12-dən isə daxili işlər naziri kimi fəaliyyətini davam etdirmişdir.

1919-cu il martın 5-də hökümət istefa verdikdə Rəşid xan ağqvardiyaçılarla əməkdaşlıq edən yeni kabinetdə iştirak etməyərək Bakıya gəlir.

Rəşid xan Qaplanov Bakıya gəldikdən az sonra, yəni martın 14-də Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi dördüncü hökümət kabinəsində onu xalq maarifi və dini etiqadlar naziri təyin edirlər. Eyni zamanda “Əhrar” partiyasının üzvü kimi ölkənin siyasi həyatında yaxından iştirak etməyə başlayır. Azərbaycanda ilk universitetin aşılmasında, xaricdə oxumağa tələbələr göndərilməsində, ümumtəsil məktəbləri şəbəkəsinin genişləndirilməsində onun rolu olduqca böyük olur. Universitet açmaq üçün uyğun vaxt olmadığını söyləyən parlament üzvlərinə, hətta partiyadaşlarına belə çox sərt cavablar verərək, bu işi ləngitməyi böyük günah sayır. Universitet işə başladıqda isə kadr çatışmadığına görə özü Osmanlı tarixi və ədəbiyyatından dərs deyir. Onun fikrincə, universitet yalnız tədris deyil, daha çox milli-mənəvi mərkəz kimi fəaliyyət göstərməli, buradakı elmi personal Azərbaycanı öz qədim tarixi, mədəniyyəti, zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyaya tanıtmalıdı.

Dördüncü hökümət istefaya getdikdə Rəşid xan Qaplanov Bakını tərk etmir. Beşinci hökümətdə o maliyyə naziri təyin olunur. Dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərən nazir 1920-ci ilin fevralında Bakı bonolarının, yəni qiymətli kağızlarının Zaqafqaziya pullarının dəyişdirilməsini dayandırmaq barədə, aprel ayında Batumda ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam verir.

Bolşeviklər Azərbaycanı işğal etdikdən az sonra, yəni 1920-ci ilin iyununda Rəşid Qaplanovu həbs edirlər. Həmin dövrdə Bakıdan gələn Stalin, Məmmədəmin Rəsulzadə ilə birlikdə Rəşid xan Qaplanovu da həbsdən azad etdirir. Görünür, həmin dövrdə Dağıstan İnqilab Komitəsinin sədri olan Cəlaləddin Qorxmazov Stalini inandıra bilib ki, yeni hökümətin Rəşid xan kimi savadlı və təşklatçılıq bacarığı yüksək olan kadrlara ehtiyacı var.

Bakıdan getdikdən sonra onu həbs etsələr də az sonra azad etməli olurlar. Moskvaya gedən Rəşid xan Qaplanov Rusiya Sosialist Federal Cümhuriyyəti Xalq Maarifi Komissarlığında çalışır, habelə Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində və Moskva Şərqşünaslıq İnstitutunda orta əsrlər və yeni dövr türk tarixi üzrə mühazirələr oxuyur. 1923-cü ildə Moskvada “Osmanlı tarixi üzrə mühazirələr” kitabı litoqrafiya üsulu ilə çap olunur.

1930-cu ildə onu yenidən həbs etsələr də, fəaliyyətində cinayət tərkibi olmadığına görə azad etməli olurlar.

Bir müddət dostu, o dövrdə Ümumittifaq Yeni Əlifba Komitəsinin sədr müavini işləyən C.Qorxmazovun yanında hüquq məslətətçisi, Özbəkticarət müvəkkilliyinin Moskvadakı daimi nümayəndəliyində hüquq məsləhətçisi vəzifəsində çalışır.

1937-ci ildə yaxın dostları və məsləkdaşları kimi onu da həbs edərək dekabrın 10-da güllələyirlər. Lakin ona bəraət 1937-də repressiyaya məruz qalanların əksəriyyəti kimi 1956-ci ildə deyil, 1991-ci ilin aprelin 29-da verilir.

Rəşid xanın oğlu Murad Kaplanov isə poçt indeksi ilə tanınan məxfi şəhərciklərdən birində S.P.Korolyovun rəhbərliyi altında raket texnologiyası sahəsində çalışır. “Molniya-1” adlı raket qurğularının hazırlanmasında xüsusi xidmətlərinə görə keçmiş xalq düşməninin oğlu iki dəfə SSRİ Dövlət mükafatına layiq görülür.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol