Abbasqulu bəy Şadlınski

Abbasqulu bəy Şadlınski

Türk Dünyasının Məşhurları-01

Haqqında roman, hekayələr və məqalələr yazılmış, film çəkilmiş, ilk baxışda lazımınca təbliğ olunmuş təsiri bağışlayan Abbasqulu bəy Şadlınski Əli Şamil

 

Göndərmə 2/20/2012 11:27:58 AM UTC

Güncəlləmə 2/20/2012 11:27:58 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=259e3e44-6e1e-42a4-8016-cfa60113dba5

 

Əslində Abbasqulu bəy olduğu kimi deyil, Sovet təbliğatına lazım olan səviyyədə tanıdılmağa çalışılmış, bir gün belə komminist partiyası sıralarında olmasa da, kommunist kimi təsvir edilmişdir. Abbasqulu bəy Şadlınski haqqında həqiqətləri isə Sovetlər Birliyi çökdükdən sonra yazmaq və söyləmək mümkün olmuşdur.

1886-cı il fevralın 24-də İrəvan quberniyasının Boyük Vedi kəndində doğulan Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlınski bölgənin nüfuzlu nəslindəndir. 1828-ci ildə Rusiya İrəvan xanlığını işğal etdikdən sonra Şadlınski bəyləri də sıxışdırılmağa başlanmışdır. Buna görə də Abbasqulu bəyin babaları bir çox torpaq sahələrini, mülklərini və imtiyazlarını itirmişlər.

Abbasqulu bəy xalq arasında rus-tatar məktəbi kimi tanınan Böyük Vedidəki iki illik məktəbdə oxumuşdur. Oranı bitirdikdən sonra İrəvan şəhərindəki müəllimlər seminariyasına daxil olmuşdur. Lakin atasının vaxtsız ölümü ona təhsilini davam etdirməyə imkan verməmişdir. Ailənin böyük övladı olduğundan təhsilini yarıda buraxıb 1902-ci ildə kəndə qayıdaraq atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə ailəni dolandırmalı olmuşdur.

Gəncliyindən haqsızlığa qarşı barışmaz olan Abbasqulu bəy həm də cəsarəti, silahdan bacarıqla istifadə etməsi, hədəfə dəqiq atəş açması, sözü üzə deməsi ilə seçilmişdir. Həmyerliləri onu sayılıb-seçilən igid kimi tanımışlar. O, igidliyi ilə yanaşı, incə yumoru, hərdən şeir deməyi ilə də seçilmişdir.

Abbasqulu bəyin gənclik illərində Vedi və çevrəsindəki kəndlər güzaranlarını əsasən pambıq, taxıl becərməklə, heyvandarlıqla təmin edirlərmiş. O dövrdə torpaq sahibləri, əkinçilər arasında qarşıdurma yaranmasın deyə su bölgüsünə nəzarət temək üçün cuvar vəzifəsi varmış. 1912-ci ildə Abbasqulu bəyi cuvar seçirlər. O, adamların nüfuzundan, cəmiyyətdəki mövqeindən, hakimiyyət orqanlarına yaxınlığından ehtiyatlanaraq kiməsə üzgörənlik etmir. Sərt və qətiyyətli davranışı, yeri gələndə ölüb-öldürməyə çıxmağı bacarmasıyla bəzilərinin gözünü qorxudursa çoxlarının da hörmətini və məhəbbətini qazanır. Onun cuvarlıq fəaliyyəti uzun sürmür. İki ildən sonra Birinci Dünya Savaşı başladığından Rusiya ordu birləşmələrini Qafqaza yeridir. Qafqazdan və İran ərazisindən sərhədləri aşıb Osmanlı dövlətinə hücuma keçir. Rus ordularına ermənilər və gürcülər yaxından koməklik göstərir.

Osmanlı vətəndaşı olan ermənilərdən təşkil edilmiş silahlı dəstələr də yalnız döyüşən orduya arxadan zərbə vurmaqla kifayətlənmir müsəlman kəndlərinə də basqınlar edərək dinc əhalini kütləvi şəkildə qəddarlıqla öldürür, mal-mülklərini talayır, yaşayış məskənlərini xarabalığa çevirirdilər. Rusiyanın işğal dairəsində yaşayan müsəlmanların aydınları yaxşı başa düşürlər ki, silahlandırılmış erməni dəstələri sabah da onlara hücum edəcəklər. Odur ki, hökümətdən gizli şəkildə özünümüdafiə dəstələri yaratmağa başlayırlar. Abbasqulu bəy Şadlınskinin əsil təşkilatçılıq və sərkərdəlik məharəti də onda üzə çıxır.

Rusiya və Avropanın inkişaf etmiş dövlətləri tərəfindən silahlandırılmış və siyasi dəstək qazanmış erməni silahlı dəstələri 1918-ci ilin əvvəllərində Güney Qafqazda müsəlmanların evlərinə basqın etməyə, özlərini öldürüb mal-mülklərini mənimsəməyə, Müsəlmanlar da basqınlara qarşı dirənməyə başladılar. Müqavimət pərakəndə olanda çox da uzun sürmürdü, təşkilatlanmış olanda isə düşmən yaxşı silahlandırılsa belə geri oturdulurdu.

İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Ağbabada və b. bölgələrdə müsəlmanların təşkilatlanmış müqavimət hərəkatı olmadığından kəndlər dağıdıldı, sakinləri isə mal-mülkünü ataraq qaçıb canlarını qurtarmağa çalışdılar. Çoxları buna da nail ola bilmədi. Ya erməni silahlılarının gülləsinə, qılınc zərbəsinə tuş gəldi, ya da dağlarda boran-qardan, xəstəliklərdən dünyasını dəyişdilər.

Abbasqulu bəy Şadlinskinin hünəri və təşkilatçılıq bacarığı sayəsində ermənilərin yaratdığı Ararat Respublikasında müsəlmanlar yaşayan Böyük Vedi kəndi özünü qoruya bildi. Ararat Respublikasının höküməti Birinci Dünya Savaşından döyüş təcrübəsi toplamış “Van” və “Sasun” alaylarını Vedinin üzərinə yeritsə də Abbasqulu bəyin rəhbərlik etdiyi Vedi özünümüdafiə dəstələri onları geri oturda bildi.

Salmasda, Xoyda, Urmiyada, Naxçıvanda, Zəngəzurda və b. bölgələrdə böyük qırğınlar törətmiş Andranik Ozanyanın silahlı dəstələri də Vedinin mühasirəsini yara bilməmişdi. Onlar hərbi yolla Vedini dağıda bilmədiklərini gördükdə hiyləyə əl atırlar. Zirehli qatarla Vedi yaxınlığındakı Dəvəli stansiyasına gələn Amerika və Fransa hərbi nümayəndəliyi Abbasqulu bəyi danışıqlara dəvət edirlər. Abbasqulu bəy onların ermənilərin mənafeyi naminə hər cür məkrli tələlər qurduqlarını bilsə də, danışıqlara getməkdən qaçmır. Danışıqlarda istədiklərinə nail ola bilməyən Amerika və Avropa hərbi nümayəndə heyəti Abbasqulu bəyi İrəvana apararaq erməni hökumətinə təhvil verirlər. Düşünürlər ki, rəhbərsiz qalan Vedi özünümüdafiə dəstəsində pərakəndəlik yaranar və beləliklə onları darmadağın etmək asanlaşar.

Lakin onların gözlədiyinin əksinə olur. Özünümüdafiə dəstəsinin cəsur üzvləri Abbasqulu bəy Şadlınskini həbsdən qaçıraraq yenidən Vediyə gətirirlər.

Heç bir hərbi təhsil görməmiş Abbasqulu bəy Vedidə keçmiş türk döyüş ənənəsindən istifadə edərək sərt hərbi nizam-intizam yaradır. Müqavimət hərəkatının silahlı birliklərini tayfa və nəsil prinsipi əsasında formalaşdırır. Savaşdan əldə edilən qənimət və hərbi sursatın bölüşdürülməsində də ənənədən gələn qaydaları qoruyur. Bu da özünü doğruldur. İki il Vedi üzərinə göndərilən erməni silahlı qüvvələri məğlubiyyətlə geri qayıdır. Abbasqulu bəyin şəninə mahnılar yaranır, dastanlar söylənir.

Azərbaycanı bolşevik Rusiyası işgal etdikdən, yəni 1920-ci ilin aprelindən sonra, kömək ala biləcəkləri qüvvə olmadığını, vəziyyətin çıxılmazlığını görən Abbasqulu bəy adamları labüd ölümdən qurtarmaq üçün elliklə İrana köçməyi qərara alır. 1920-ci ilin iyununda dinc əhali silahlı özünümüdafiə dəstələrinin nəzarəti altında Şahtaxtı körpüsündən Arazı keçərək Xoy xanlığı ərazisində yerləşdirilir.

Xoyda olarkən İranın yerli hakimiyyət nümayəndələrinin Abbasqulu bəyin başçılıq etdiyi özünümüdafiə dəstəsini tərksilah etmək istəyi müqavimətlə qarşılanır. Zəngin döyüş təcrübəsi və silahı, hərbi sursatı olan özünümüdafiə dəstəsini tərksilah etməyin mümkünsüzlüyünü gördükdə güzəştə getməyə üstünlük verirlər. Beləcə Abbasqulu bəy Şadlınski İran hakimiyyət orqanlarının nümayəndələri ilə apardığı danışıqlardan sonra Vedi və Şərurdan gəlmiş qaçqınlar Mərənd ətrafı kəndlərdə yerləşdirilir.

1920-ci il iyulun 28-də Naxçıvana gələn və buranın sovetləşdiyini elan edən bolşeviklər erməni silahlı qüvvələri qarşısında duruş gətirə bilmədiklərini görüb Hərbi İnqilab Komitəsinin adından Abbasqulu bəy Şadlınskinin özünümüdafiə dəstəsini və onlarla birlikdə İrana keçmiş Vedibasar, Şərur, Dərələyəz, Zəngəzur əhalisini Naxçıvana dəvət edirlər. 1920-ci ilin sentyabrın 17-də Abbasqulu bəy 200 nəfərlik özünümüdafiə dəstəsinin silahlı üzvüylə Naxçıvana gəlir. Burada Hərbi İnqilab Komitəsinin və bolşevik əsgəri birliyinin komandirlərilə apardıqları danışıqdan sonra “Qırmızı tabor” adlı hərbi birliyi qurur.

“Qırmızı tabor” Şərur, Vedibasar bölgəsini erməni silahlı qüvvələrindən təmizləməklə kifayətlənmir 1921-ci ilin fevralında İrəvanda bolşeviklər əleyhinə baş qaldırmış daşnak qiyamının yatırılmasında xüsusilə fəallıq göstərir. Göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, “Qırmızı tabor”un 19 nəfər üzvü Ermənistan SSR-nin “Qırmız bayraq” ordeni ilə təltif olunur. Abbasqulu bəy Şadlınskinin “Qırmızı tabor”u Dərələyəz və Zəngəzuru da erməni silahlılarından təmizləyərək müsəlman əhalisinin doğma kəndlərində, ata-baba yurdlarında yerləşməsinə şərait yaradır.

“Qırmızı tabor” buraxıldıqdan sonra A. Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi. Sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, Dəvəlidə gəc istehsal edən zavodu yaratmışdır.

1929-cu ildə kollektivləşmə adı altında əhalinin malı və mülkü əlindən alındıqda müqavimət hərəkatı başlayır. Həmin vaxt Kərbalayı İsmayılın rəbhəriliyi altında kecmiş Qarabağlar rayonunda silahlı üsyan başlayır. Sovet rəhbərliyi belə üsyanlara Abbasqulu bəy başçılıq edərsə onun yatırılması zor olacağını bildiklərində onu danışıqlar yolu ilə üsyanı yatırmaq üçan Kərbəlayı İsmayılın yanına göndərirlər.

Ona qarşı qurulmuş tələdən xəbərsiz olan Abbasqulu bəy Şadlınski dinc əhali qırılmasın, kəndindən-kəsəyindən yenidən didərgin düşməsin deyə xalq arasındakı nüfuzundan istifadə edərək Kərbəlayı İsmayılla danışığa gedir.

Abbasqulu bəy və ona yoldaşlıq edən keçmiş döyüş dostu Xəlil 1920-ci ilin martında yolda öldürülür. Üsyan yarırıldıqdan sonra hər ikisinin cənazəsi gətirilərək təntənə ilə Vedidəki məktəbin həyətində dəfn edilir. Abbasqulu bəy şadlınskinin adı xalq arasında həmişə bir qəhrəman kimi xatırlanır.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol