Adil xan Ziyadxanov

Adil xan Ziyadxanov

Türk Dünyasının Məşhurları-06

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük əməyi olmuş, dövlət xadimi və diplomat Adil xan Ziyadxanovun ömür yolu...

Göndərmə 2/12/2013 11:29:02 AM UTC

Güncəlləmə 2/12/2013 11:29:02 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=e4eb8518-0958-413d-b08a-bad54035df21

Adil xan Əbülfət xan oğlu Ziyadxanov 1872-ci il sentyabrın 25-də Gəncədə anadan olmuşdur. O, Rus işğalcılarına qarşı qəhrəmanlıqla döyüşərək şəhid olan Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Anası Azər Humayun isə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzə Qacarın qızıdır.

İlk təhsilini xüsusi müəllim yanında alan Adil xan Ziyadxanov sonra Gəncə mədrəsəsində və Tbilisi giminaziyasında oxumuşdur. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib, vətənə dönərək, əmək fəaliyyətinə başlasa da onu məşhurlaşdıran ictimai-siyasi fəaliyyəti olmuşdur.

Ana dili ilə yanaşı fars, rus, fransız, ingilis dillərini də mükəmməl bilən, xarici ölkələrdə çap olunan qəzet, jurnal və kitabları Gəncəyə gətirtdirib oxuyan Adil xan 1905-ci ildə Bakıda xeyriyyəçi Hacı Zaynalabidin Tağıyevin vəsaiti və Əlmardan bəy Topcubaşovun redaktorluğu ilə rus dilində nəşr olunan “Kaspi” qəzetinə məqalələr yazır.

Qafqaz müsəlmanları adından çar II Nikolaya Əlimərdan bəy Topçubaşovun hazırladığı petisiyanı imzalayan Adil xan Ziyadxanov Gəncə yaxınlığında, Hacıkənd yaylağında kecirilən toplantının da təşkilatçılarından olmuşdur. Bu toplantıda Ə.B.Topçubaşov Qafqaz müsəlmanlarının siyasi, sosial, iqtisadi ehtiyaclarından danışmış, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətinin yaradılmasının vacibliyini vurğulamışdır.

Xalq kütlələrini maarifləndirmək və seçkilərə hazırlamaq üçün Adil xan Ziyadxanovdan, Ələkbər bəy Rəfibəyovdan, Ələkbər bəy Xasməmmədovdan və Cahangir Xoyskidən ibarət qrup yaradılmışdır. Aparılan səmərəli işlər öz bəhrəsini vermiş, Gəncə bələdiyyəsinə 55 müsalman secilmidir. Çar idarəsi bu nümayəndələri tanımaq istəmədiyini bildirsə də onlar iclaslarını davam etdirmişlər.

1905-1907-ci illərdə Qafqazı bürümüş erməni-müsəlman toqquşmalarını yatırmaq üçün 1906-cı ildə Tbilisdə canişinin rəhbərliyi altında erməni-müsəlman münaqişəsini nizamlayan yığıncaqlar təşkil olunmuşdur. Bu yığıncaqlarda Adil xan Ziyadxanov qətiyyətlə öz millətinin mənafeyini müdafiə etmişdir. Gəncədə yaradılan “Difai” təşkilatının fəallarından olan Adil xan Ziyadxanov 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edərək gördüklərini 1909-ci ildə “Avropaya üç aylıq bir səyahətim” adıyla nəşr etdirmişdir.

Qafqaz Müsəlmanları Şurasının 7 üzvündən biri də Adil xan Ziyadxanov idi.

Şamaxı bölgəsində bolşeviklərlə biləşmiş erməni və malakan silahlı dəstələri müsəlmanları kütləvi surətdə qıranda oraya Gəncədən göndərilən silahlı könüllülərin təşkilatçıları sirasında Adil xan Ziyadxanov da olmuşdur.

1918-ci ilin mayın 28-də Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu elan olunur. Yeni yaranmış hökumətin möhkəmlənməsi, ölkə daxilindəki qarşıqlığa son qoyulması üçün Adil xan Ziyadxanov əlindən gələni əsirgəmir. 1918-ci ilin oktyabrın 30-da təşkil edilən yeni hökümətdə Adil xan Ziyadxanov Xarici İşlər Nazirinin müavini təyin edilsə də əslində nazir vəzifəsini icra edir. Çünki həmin vaxt nazir təyin edilmiş Əlimərdan bəy Topçübaşov İstanbulda idi və oradan da nümayəndə heyətinin başçısı kimi Paris sülh danışıqlarına getməliydi.

Gənc Azərbaycan Cümhuriyyətinin xarici siyasətinin formalaşmasında böyük əməyi olan Adil xan Ziyadxanov, Daxili İşlər Naziri Behbud bəy Şahtaxtlı ilə birlikdə 1918-ci il noyabrın 16-da Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general V.Tomsonu Azərbaycan hökuməti adından qarşılayıb onunla danışıqlar aparmışdı. Danışıqlarda əsas diqqət ona yönəldilmişdir ki, general V.Tomson Azərbaycanın daxili işlərinə qarışmayacaq.

Fətəli xan Xoyski Baş Nazir və Xarici İşlər Naziri təyin ediləndə gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görmüş Adil xan Ziyadxanovu özünə müavin təyin edir. O, qonşu dövlətlərlə münasibətləri stabilləşdirməyə çalışmaqla yanaşı Azərbaycan dövlətini dünyaya tanıtmaq istəyir. Bu məqsədlə türk və fransız dillərində yazdığı “Azərbaycan” kitabının 2 min nüsxəsini 1919-da Parisə - Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.B.Topçubaşova göndərir.

Adil xan Ziyadxanovun bu kitabını Əlimərdan bəy Topçubaşov Avropa ölkələrində, ABŞ və Kanadada yayır.

Bolşeviklərə və müxtəlif yönlü təşkilatlara xidmət edənlər gənc Azərbaycan dövlətinin yeritdiyi siyasəti kəskin tənqid atəşinə tutanda A.Ziyadxanov yazırdı: “Bakıda 10 min silahsız müsəlmanını, uşağın, qadının, qocanın qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb, bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar və iqtibas edən cənabları nerədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı...”

Azərbaycan müstəqilliyini elan etsə də ona qarşı sərt təbki göstərən dövlətlərdən bir də İran idi. Dindaşımız olan, uzun illər bir dövlətin tərkibində yaşadığımız, eyni mədəniyyətdən bəhrələndiyimiz qonşu ölkənin sərt mövqe tutmasını yumşaltmaq üçün Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin yaranması haqqında 1919-cu il iyun 16-da qərar verir. Oktyabrın 4-də nümayəndəliyin ştatı təsdiqlənir və nazir müavini Adil xan Ziyadxanov nümayəndəliyin başçısı təyin edilir. Adil xan Ziyadxanovun Tehrana gedişini İran qəzetləri “özümüzünkü gəldi” deyə qeyd edirlər. Bu da səbəbsiz deyildi. İran şahı və bir çox vəzifəli şəxslər Qacarlar sülaləsindən olduğu kimi, Adil xan Ziyadxanoov da Qacar sülaləsindən idi.

Avropaya səfərə cıxan İran sahı 1919-cu il avqust ayının 16-da yolustu Bakıda dayanmış, şah “mehriban qonaqpərvərlik ucun Azərbaycan hokumətinə minnətdarlığını” bildirmisdi. Bakıdan qatarla yola düşən İran sahını Adil xan Ziyadxanov Batuma qədər musayiət etmisdir. Yolda Ziyadxanov İranın yeni xarici islər naziri, Paris sulh konfransında İran numayəndə heyətinin bascısı Firuz Mirzə Nusrətuddövlə ilə də dünyanın mövcud durumu mövzusunda söhbətlər etmişdir.

1920-ci il yanvarın 11-də Paris sulh konfransının Ali Surası Azərbaycan mustəqilliyini de-fakto tanımısdı. Bu munasibətlə yanvarın 14-də Bakıda kecirilən şənliklərdə cıxıs edən İran konsulu Ağa Səid Ziyaəddin Təbatəbai bildirmisdi ki, İran yaxın gunlərdə Azərbaycan Cümhuriyyətini rəsmən tanıyacaq.

Bakıda mart ayında keçirilən Azərbaycan-İran konfransında Azərbaycan Cumhuriyyəti hokuməti ilə İran Sahənsah hökuməti arasında muqavilə layihəsi hazırlanmışdır. Martın 20-də muqaviləni Azərbaycan Cümhuriyyəti adından xarici islər naziri F.X. Xoyski, ədliyyə naziri X.Xasməmmədov, yollar naziri X.Məlikaslanov və İran Sahənsah hokuməti adından Qafqazda İran missiyasının bascısı və fövqəladə elcisi Təbatəbai imzalamışdır.

İranda olarkən Adil xan Ziyadxanov “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti” adlı kitabını yerli soydaşlarımız arasında pulsuz paylamış, “Qələmin uçuşu” adlı iki hissəlik kitabını isə fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı söz açmışdır.

Cümhuriyyət süquta uğradıqdan sonra bolşeviklər qardaşı, diplomat və dövlət xadimi İsmayıl xanı güllələsələr də, Azərbaycandakı mal-mülklərini müsadirə etsələr də diplomatik fəaliyyətini davam etdirmişdir. 1921-ci il iyun 22-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırmışdır Bundan sonra vətənə dönməyərək İranda qalıb Tehran bələdiyyə idarəsində, 1926-cı ilin dekabrından Sosial Təminat Nazirliyində kənd təsərrüfatı şöbəsində, 1927-ci ildən Tıbdizdə dəmiryol və gəmiçilik idarəsində işləmişdir.

1934-cü ildə İstanbula köçən Adil xan Ziyadxanov ömrünün qalan hissəsini Türkiyədə yaşamış, İstanbul Universitetində dərs demiş, keçmiş mübarizə yoldaşları Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Nağı Şeyxzamanlı, Hüseyn bəy Mirzə Camallı və başqaları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdır.

Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat etmişdir.

Sovet höküməti dağıldıqdan sonra Adil xan və qardaşı İsmayıl xan xalqa olduğu kimi tanıdılmağa başlanmışdır.

11-ci ordunun 1920-ci il mayın 5-də verdiyi dekretlə müsadirə olunmuş Ziyadxanovların evi sonralar Gəncə Tarix-diyarşünaslıq müzeyinə çevrilmişdir.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol